Saqif Qaratorpaq : - Harda olsam...

Harda olsam,
mənə bir pəncərə verin,
bir ovuc göy üzü,
bir damla dəniz,
bir zərrə günəş...
ilıq şüaların işığında yuyunsun fikirlərim.
Harda olsam,
gözlərimdən baş alıb
getsin üfüqlər,
Baxışımı üşütsün dağların qarı,
könlümdə ləpələnsin
dənizin suları.
Harda olsam,
yuxuma layla desin anadilin səsi,
eyvanımı isitsin
ətcə balaları civildəşən qaranquşun nəfəsi.
Bir əlçim bulud da bəsimdi...
sıxım közərən həsrətimin üstünə.
Bir ömür yetər mənə,
ulduzları muncuq-muncuq
Iydə qoxulu bir gecə,
bir masa,
bir qələm,
bir ağ varaq.
Bir də
təzəcə doğulan
pişik balası kimi
gözləri açılacaq bir sabah...