Şakir Xanhüseynin TƏR ŞEİRLƏRİ
1
***
səslər qarışıb bir-birinə çöldə,
nəfəslər qarışıb...
sanasan əllər də qarışıb bir-birinə,
qollar da...
yox, həyatlar qarışıb bir-birinə,
ən hərəkətli anlar, saatlar qarışıb;
nə gözəldi ruhumuzu aydınladan
bu qara işıq!
2
***
səmaya qonub quşlar--
səmada quşların qonduğu ağac var,
budaq var,
quşların qonduğu torpaq var səmada...
hər ürəyə çatmayan,
bəlkə hələ
yerə gəlib yetməyən işıq var səmada,
düşəcək bir gün üstümüzə--
könlümüzə, gözümüzə, üzümüzə!
3
***
biz oyanırıq,
yatır yavaş-yavaş səslər,
gedir yatmağa gecə...
qorxmayın,
qoruyacaq tanrı dərgahında
dualar bizi, arın-arxayın olun,
əmin olun,
haqqa, ədalətə,
düzlüyə, dürüstlüyə yəmin olsun!
28.04.2024