Sabir  Zəkullaoğlu - Mən səni sevməyə başlamışam...

YAZARLAR 08:59 / 24.11.2026 Baxış sayı: 968

Mən səni sevməyə başlamışam...

Bunu mən sənin üçün etmirəm. Özüm üçün edirəm.

Çünki buna mənim ehtiyacım var. Sevgi həm də bir ehtirasdır-əstafurullah - ehtiyacdır. Sən mənə hava kimi, su kimi ehtiyacsan.

Mən içimdə bir dünya sevgi gəzdirən adamam. Zatən bu sevginin sahibini axtarırdım..

Həm də ki, mən bu işdə sadıcə bir icraçıyam. Bu tanrının missiyasıdır..

Sənin üzünü görmək, səni oxşamaq, saçlarını sığallamaq, nazını çəkmək... Dədə Qorqud demişkən, "üç öpüb bir dişləmək" ... Bəxtiyar Vahabzadənin təbirincə desək, , "zatımdan qalıbdır məndə bu adət."

Təbiət boz qurdu elə yaradıb ki, o heç vaxt başqasının yeminə göz dikməz. O, təbiətin qüdrətinin, azadlığın və cəsarətin rəmzidir. Mən də o təbiətdən süd əmmişəm.

Elə buna görə də təmiz südəmmişə meyil salmışam.

Nədən min illərdir klassiklərimiz sevginin dəqiq tərifini verə bilməyiblər? Çünki sevginin düsturu yoxdur. Onun ölçüsü, sərhədi, vahid tərifi yoxdur.

Sevgi hər kəsdə fərdidir, individualdır.

Hər ürəkdə başqa cür döyünür, hər insanda özünəməxsus bir dilə çevrilir.

Mən qurd olsam da, səni quzu kimi deyil, Sultan Süleymanın Hürrəm Sultana bəslədiyi sevgidən belə daha romantik duyğularla sevirəm...

Roméo və Cületta Sadəcə bədii əsərdir. Fantaziyadır.

Mən isə səni İlham və Fərizı sevgisinin idrakında sevirəm.

Yəni mənim üçün sevgim canımdan daha qiymətlidir.

Mən səni hətta öz varlığımı hiss etdirmədən, sənin xoşbəxtliyinə imza atacaq qədər sevirəm.

Bəlkə də sevginin ən böyük ifadəsi elə budur: bir insanın həyatında görünmədən belə onun xoşbəxtliyinə səbəb ola bilmək.

Düşünmə ki, bunlar fransız şərabının təsirinin məhsuludur.

Əsla Yox!

Bu, nə şərabın, nə də bir anlıq duyğusal ovqatın təzahürü deyil.

Bu, içimdə baş qaldıran, özümə belə etiraf etməkdə çətinlik çəkdiyim real sevgi hissidir...

Və mən bu hissi nəinki səndən, heç fb dostlarımdan da gizlətmək istəmirəm.