Şəmsəddin Əliyev Hüquqşünas-publisist,AYB-nin üzvü -  NARAHAT  GECƏLƏ

 

 

 

 

YAZARLAR 14:52 / 23.11.2026 Baxış sayı: 164

 

 

 

 ( Respublika Daxili İşlər Orqanlarının əməkdaşlarına, Polis Akademiyasında təhsil alan  

Kursant  və elm öyrədən pedaqoji heyətə ithaf edirəm  )

 

Dedektiv macəralı Povest

 

 “Yalnız yaşamaq yox,yaşatmaq şərtdir.Amma necə yaşamaq,necə yaşatmaq insanlara görə               

dəyişir.” Albert Eynşteyn-alman alimi Bakıya bahar gəlir...

 

  ... Bahar yaradılışın hikmətini,tövbəni,yenilənməni və insanın daxili dirçəlişini təcəlli edən bir fəsil kimi zühur edir.Torpaq qışın ağırlığını üzərindən atıb,yenidən canlanır.Yuxuya dalmış susqun təbiət,insanın daxilində uzun müddət haldan-hala düşüb gizlənmiş duyğular oyanır. Kin-kidurət  kənara qoyulur,unudulur.İç dünya imanla saflaşır.Ümidlər solmuş budaqlar  tək boy atır...

Daşın da yaddaşında daşlaşmış bir həyat cücərir.Bu yaradılış səs-küylə deyil,İlahi təmkinlə baş verir.Torpaq qışın sərtliyindən donmuş səbrini əridir,bətnində qoruyub saxladığı yaşıl həyatını bəyan edir...İlahi nizam isə tələsmir,səbrlə işini görür.Çiçəklər bir gecədə açmır,toxum dərhal cücərib boy atmır.Hər dirçəliş öz vaxtını gözləyir.Dünya yaranandan fəsillərin bir-birini  səbrlə əvəz etməsi ibadətə çevrilib...

Təbiəti seyr etdikcə İlahi qüdrətin möcüzəsini görməmək,anladıqca yaradılışın mənasını dərk etməmək mümkün olmur...

Uca Yaradan əzəməti ilə xatırladır ki,səbr edən heç vaxt,heç nəyi itirmir.O,geçikmiş  halal nemətilə qarşılaşır.Bu fəsildə günəşin işığı daha şəfqətli olur,təbiət  ona qarşı kobud davrananları keçmiş əməllərinə görə bağışlayır,Allah rizası ilə yaşamaq həvəsi verir.Bu anlamla bəlkə Rəbbimizə ”Günahlarımıza görə bizi bağışla,əfv et”yox,“Cinayətimizə görə bizi cəzalandır!”-deyək?!Adil Allahdan bunu diləmək lazımdır! Cəzada təmizlənmə var...

Torpaq  yaz yağışını şövqlə qarşılayır,cana gəlirdi.Göydən yağan hər damla rəhmətlə yerə enirdi.Yağışdan sonra torpağın qoxusu adamı uşaqlıq illərinə,saflığa,dürüstlüyə və başlanğıca aparırdı.Yağmur ətrafa pak olmağı öyrədirdi.İnsan ruhu dua üçün Allahın dərgahına əl açmışdı.Qəlblərdə yuva salmış qalaq-qalaq soyuq xatirələrin də buzu yavaş-yavaş əriməyə başlayırdı...

Bakıya bahar gəlirdi.Şəhər bu mövsümü asta-asta,lakin ümidlə qəbul edirdi.Xəzər isə tələsmir,baharı gecikdirirdi.Sahilə çırpılan dalğalar baharın sevincinə qoşulmurdu.Dəniz sakit görünsə də aldadıcı idi.O çox baharlar görmüşdü,ətrafa da sanki xəbərdarlıq edirdi:”Bahar həmişə rahatlıq gətirmir,bəzən çox şeyi üzə çıxarır...” Həmin gecələrdən biri narahatlıqla yadda qalacaqdı.Şəhər yatırdı,amma dəniz oyaq idi.Axşam düşən kimi ilk qaralan yer də həmişəki kimi elə Xəzər olurdu.Xəzər dərinliyinin qaranlıqlarında çox sirrləri “təmamilə məxfi “məlumat tək qoruyurdu...Qarşıdan gələn gecələrin birində Xəzər sirr olaraq saxladığını sahilə atacaqdı...

Bahar gəlişi ilə anladır ki,qaranlığın ömrü əbədi deyil.Hər qaranlıq gecənin bir aydın səhəri,hər çətin sınağın da,bir xeyirli sonluğu olur.Bu,İlahi ƏDALƏTİN İlahi təcəssümüdür! Görünməz qüvvə bəyan edir ki,heç nə əbədi olaraq torpaqda qalmır.Basdırılan toxum,yerə düşən hər bir dən ya cücərir,ya da gələcək üçün gizli bir yerdə qorunur.Necə deyərlər,-məğlubiyyət sandığımız anlar bəzən gələcək yüksəlişin başlanğıcına çevrilir.Olmaz bildiyimizə “Ol”!- deyilir və fövrən də olur!

Qış nə qədər sərt və nə qədər uzun gecələri ilə yadda qalsa da,fəsillərin anası-Bahar  onda bir “mənəm-mənəmlik”qoymur.O,təkcə təbiətin deyil,insan qəlbinin də yenidən vəcdə gəlməsini mütləq edir...Bu mənzərə  insana həyatın nə qədər sərt və dolanbaclı olduğunu,hər çətinlikdə bir fürsətin gizləndiyini bir daha xatırladır...

Bahar artıq Bakıya gəlmişdi...

Dəlisov külək qışın son və sərt günlərini şəhərdən  təmizləyirdi.Səma sakit və aydın idi.Təbiətin belə xoş ovqatında ümidsizliyə alışan ruhlar da körpə budaq tək yağışa,işığa əl açıb tumurcuqlanırdı...

Polis rəisinin pəncərədən seyr edikləri və təbiətin yaşıl libasa bürünməsi  İlahi qüdrətin müdrikanə bir müjdəsi idi.Bahar nazlı gəlin kimi  keçmişlə  gələcək arasında mehribanlıq körpüsü inşa edir,ətrafa təbiətin  rəngarən əzəmətini nümayiş etdirirdi.Kövrək təbiət özündən razı,ərköyün “qız vaxtı”nı yaşayır,bəzənirdi.Ətrafa yaşıllıq hökmranlıq edirdi.Bahar gəlibsə,deməli həyat da canlanır... Bu düşüncələrlə Rəis masanın arxasına keçib rayon ərazisində rüb ərzində baş vermiş cinayətlərin statistikasını nəzərdən kecirirməyə başladı. Qapi döyüldü:

Adəti üzrə başını qaldırmadan  cavab verdi:- Gəlin. Sonra qapıya tərəf baxdı. Növbətçi  farağat komandasında məruzə edirdi ... Rəis isə onun raportunu yarımçıq qoydu.

-Bir az yavaş danış yoldaş mayor!Məndən başqa otağımda bir kimsə yoxdur.

-Oldu rəis!

Rəis ləhcəsi şirin əməkdaşını dindirməkdən zövq alırdı. Mayor isə özünü itirmişdi, rayonda baş verən xüsusilə ağır cinayət barədə məlumat vermək,ağzını açıb nə isə demək istəyirdi ki, növbətçi hissədən telefon zəngi gəldi.

-Rəis, prokuror sizi axtarır.

-Xeyirdimi?

-Prokuror baş verən qətllərlə maraqlanır.

- Yenə?Hansı qətllər?

Növbətçi inspektoru, polis mayoru Ramazanov  özünü saxlaya bilmədi:                                                                                                                  

-Rəis,  elə o barədə məruzə emək istəyirdim...

-Buyurun məlumatınınızı verin.Amma təkrar telefon zəngi növbətçinin raportunu yarımçıq qoydu.Rəis növbətçiyə əli ilə, “gedə bilərsən”,- işarəsini verdi.Telefon xəttində rayon prokuroru idi...

Sərin yaz havası küçələrdə dolaşır,quşların cəh-cəhi gündüzün aydınlığına ayrı bir gözəllik qatırdı.Rəis baş verən ağır hadisəni həyacan siqnalı kimi qəbul etsə də,hər gün alışdığı xidmətin spesfik cəhətlərindən idi...Yenə düşüncələr onu ağuşuna almışdı...Qeyri aşkar şəraitdə baş verən hər bir hadisədə polisin daxili inamı,vicdanı,iç dünyası və peşəkarlığı sınağa çəkilir.Polis xidmətinin özəlliyi,içdiyi anda sədaqət və prinsipallığı bəzən cinayətlərin necə və hansı şəraitdə törədilməsi və açılması barədə ictimaiyyətə hər hansı bir açıqlamanın    verilməsini məqsədəuyğun hesab etmir.Cəmiyyətə bəlli olmayan müxtəlif növ cinayətlərin baş verməsi,məxfi söhbətlər və məxfi şəbəkə vasitəsilə cinayətləri törədənlərin yeri və şəxsiyyətləri ətrafında məlumatların əldə edilməsi,bu sahədə müvafiq tapşırıqların verilməsi üçün zaman lazım gəlir.Hər bir əməliyyat-axtarış və prosesual hərəkətlər bir-biri ilə sıx bağlı olduğundan fasilə vermək,konstitusion hüquqlardan faydalanıb,istirahətə vaxt ayırmaq,nahar etmək imkan xaricində olur.Bu baxımdan cəmiyyət polisin çox şaxəli fəaliyyətindən xəbərsiz olur.Ölkə vətəndaşlarının rahat,təhlükəsiz gecələri,polisin narahat gecələri hesabına başa gəlir.Sabitliyin və ictimai qaydanın təmini də,məhz polisin gərgin,lakin şərəfli xidmətinin canlı təzahürüdür.Kaş hamı bunun fərqində olaydı,kaş...Rəis bu düşüncələrlə prokurorla birlikdə hadisə yerinə yollandı...

...Hadisə Bakı-Şamaxı yolunun 20-ci km-də, magistral yoldan 200 m.aralıda baş vermişdi.Ərazidə şəxsiyyətləri məlum olmayan,odlu silahla qətlə yetirilmiş iki naməlum qadın meyiti aşkar edilmişdi. Hadisə yerinin müayinəsi zamanı qadınların üzərindəki qızıl zinət əşyalarının qarət edilməməsi diqqət çəkən ilk məqam idi.Boyunbağıya toxunulmamış,üzüklər barmaqlardan çıxarılmamışdı,sırğalar da yerində qalmışdı.Bu fakt bir fərziyyəni sıradan çıxarırdı:Cinayət qarət məqsədi daşımır!

Polis rəisi cəsədləri diqqətlə izləyərək düşüncələrə qapıldı...Əgər məqsəd maddi maraq doğursaydı,bu cür “diqqətli laqeydlik” əsla olmazdı.Motiv daha dərin və özəl idi.Qatil ya qurbanları tanıyıb,ya da cinayət əvvəlcədən planlaşdırılıb və amansızlıqla icra olunmuşdu.Ayrı məqsədlər ehtimallara söykənirdi.Təcavüz istisna olunmurdu.Adi ,vizual baxışda zorakılıq izləri olsa da,tələskənlik hiss olunmurdu.Hadisə sanki kiminsə nəzarətində olmuşdu.Bu versiya da cinayətin təsadüfi deyil,məqsədli olduğuna inam yaradırdı.Ayaqüstü prokurorla ilkin fərziyyələri təhlil etdilər.

Qisas,gizli münasibətlər və ört-basdır edilən bir sirr...Qizillar yerində qaldıqca,suallar daha da ağırlaşırdı.Cinayətkar(lar)ı qızıl zinət əşyaları niyə maraqlandırmamışdı?

Prokuror:

-Versiyalar diqqətlə araşdırılmalıdır.Hadisə yerinin kriminalistika və cinayət prosesual hüququnun incəliklərinə uyğun müayinəsi aparıldıqdan sonra,dərhal qətlə yetirilənlərin şəkilləri televiziyada yayılsın,onların  şəxsiyyətləri ilə bağlı müəyyən məlumatlar əldə edib, zəruru istintaq hərəkətləri davam etdirilsin.Prokurorluqla polisin birgə əməliyyat-axtarış və istintaq qrupu yaradılsın!

Rəis işçilərinin əməliyyat bacarığına və peşəkarlığına güvənərək prokuroru  xatircəm etdi:

-Narahat olmayın !

Rayon prokuroru həm nəzəri, həm də təcrübəli dövlət ittihamçısı kimi yerində idi. Nəfsi tox,humanist,ziyalı və erudisiyalı hüquqşünasdı. Ədalətsizlik etməz və həddini aşana yolunu göstərərdi.O,Azərbaycan Cumhuriyyətinin görkəmli iictimai xadimi , İstiqlal mübarizəsinin poeziyada simvola çevrilmiş şairi,ədəbiyyat və  siyasət sahəsində milli ruhun carçısı,repressiya dövrünün qurbanı,milli azadlıq ideyalarını lirikada təcəssüm edən,“Dövlət Himni”nin  müəllifi ,Milli İstiqlal şairi Əhməd Cavadın oğlu-Yılmaz Axundzadə idi (Ruhları şad olsun) ...

Hadisə yerinin texniki baxışı dərinləşdikcə,əvvəlki fərziyyələr istintaq üçün əhəmiyyət kəsb edən detalların ağırlığı altında yenidən formalaşırdı.Qadınlar ov tüfəngindən yaxın məsafədən açılan atəşlə qətlə yetirilmişdi.Bu isə,təsadüfi qarşıdurmanı arxada qoyur,ünsiyyətin əvvəlcədən mövcud olduğu ehtimalını gücləndirirdi.Hadisə yerində tapılan xırda məişət izləri-yarımçıq qalmış kolbasa və çörək tələsik deyil,əksinə ,bir müddət əvvəl birlikdə vaxt keçirmək qənaətini təsdiqləyirdi.İlkin müayinə zamanı əvvəl sakitlik,sonra gərginliyin yaranması ehtimalı da əminlik yaradırdı.Törədilən xüsusilə ağır cinayət maddi səbəblərlə deyil, nəzarətdən çıxan emosiyanın  cilovlana bilməməsi ilə bağlı  olub.(?)

Hadisə yerinin baxışı zərgər incəliyi ilə davam edirdi.

Belə qənaət hasil olurdu ki,qatil çöldə açılan süfrədən sonra  müəyyən səbəblərdən  davranışına hakim ola bilməmiş,həmin an vasitəyə çevrilən silahdan istifadə etmişdi.Təqsirin hansı formasına görə cinayət məsuliyyətinə cəlb olunması  istintaqa aid məsələdir.Törədilən hadisə bəlkə də planlı yox,nəzarətsiz və cilovlanmayan qəzəbin son nəticəsi idi.Qızıl zinət əşyalarının götürülməməsi  hələ”qarət faktı  olmayıb”,- demək deyildi.Cinayətin şəxsi xarakter daşıdığına,qurbanların təsadüfi seçilmədiyinə işarə idi.Bu,qeyri insani nəfsin və heyvani şəhvətin,iradə zəfliyinin faciəyə çevrilməsinin ağır bir hekayəsi idi...

Magistral yoldan kənarda,təbiətin səssiz-səmirsiz durduğu çöldə baş verən ağır hadisəni törədənlərin axtarışı narahat gecələrdə davam edirdi...

Narahat,lakin şərəfli xidmətin davam etdiyi günlərin birində quldurluq hadisəsini törətmiş şəxsin yerinin müəyyən edilməsi və yaxalanması üçün əziyyət çəkən əməliyyatçılar qulduru yaxalayarkən ona fiziki güc tətbiq etməkdən vaz keçə bilməmişdilər. Rəis baş vermiş xüsusilə ağır cinayətlə bağlı prokurora məlumat verməklə onun həbsi üçün sanksiya istəmişdi.Prokuror isə,əməkdaşları qulduru gətirərkən maksimum ehtiyyatlı olması barədə xəbərdarlıq etmişdi.

Cinayəti törədəni prokurorluğa cinayət axtarışı şöbəsinin rəisi və iki əməliyyatçı aparmışdı.

Prokuror köməkçisi prokurora polisdən gələnlərin qəbul otağında olması barədə məlumat verir.

-Gəlsinlər.

Prokuror “qulduru” başdan ayağa süzür. Əynindəki pencəyin qolu cırılmış, sifətində  qançırlar və laxtalanmış qan izləri varıydı. Üst dodağı partlamışdı...Prokuror xəyala dalmışdı...”Cinayətlərin törədilməsində maddi ehtiyacla yanaşı mənəvi yoxsulluq da insanı ictimai münasibətlərə zidd davranmasına vadar edir.Belə situasiyalarda sübyekt masa üzərindəki diyircəkli daşa bənzər.Toxunmasalar yerə düşməz.Onu yerə salan səbəb var...Mənəvi çatışmazlıq daha qorxuludur.Cinayətkarlıq sosial səbəblərin təsirindən cəmiyyətdə ərsəyə gəlir.Allahın yaratdığ sosial,yer üzünün əşrəfi sayılan ali varlıq sosial səbəblərdən uçuruma yuvarlanır...Lakin ədalətli cəzanın tətbiqi ilə sosial ədalət bərpa olunur”...Prokuror xəyali düşüncələrdən ayrılıb ayaq üstə,əli bağlı dürmuş qulduru bir də humanist baxışları ilə süzdü:

-Bunları (əli ilə polis əməkdaşlarını göstərdi) tanıyırsanmı?

-Başını aşağı dikən “quldur”-tanıyıram,-deyə cavab verir.

-Bunlarmı səni bu hala salıb, düzünü de? Sən prokurorun hüzurundasan. Heç nədən çəkinmə və  qorxma.

Əli qandallı“quldur”prokurorun ona belə sualla müraciət etməsini əsla gözləmirdi.Axı, cinayət törədənlərlə polis necə davranmalıydı? Fiziki güc tətbiq etməyin özü də“profilaktika”nın bir növü kimi qəbul edilirdi.Ona görə də“cinayətkar” sifətindəki xəsarətlərdən şikayətçi deyildi.“Əməlimə görə çəkdiklərimdir”,-deyə düşünürdü. Düşünürdü ki, prokuror-“quldurluq etmisənmi?”,- sualını verəcək. Amma, prokuror qayğı ilə yanaşdı: “Bunlarmı səni bu hala salıb?”- sualına cavab istədi. “Cinayətkar” isə xırıltılı səslə:

-Qaçanda yıxılmışam.

-Harda qaçanda, niyə qaçırdın, kim səni qovurdu?

-Polisdən uzaqlaşmaq, yaxalanmamaq istəyirdim.

Prokuror:

-Yalan danışırsan!

Sonra əlini telefona uzadıb rəisə zəng etdi.Köməkçisinə isə “Cinayətkarın” qəbul otağında gözləməsinə işarə verdi.

-Bir daha salam Rəis.Sanksiyaya göndərdiyin adamdan xəbərin yəqin yoxdur.Bu qədər  özünə güvənmək olmaz! Qanunlara hörmət və ehtiramla yanaşmaq lazımdır!

Rəis əvvəlcə  heç nə anlamadı.

-Yılmaz Cavadoviç! Qanun, qanundur. Hər birimiz üçün uca və alidir! Qarşısında həmişə farağat durur,təzim edirik.

-Bir dəqiqə imkan verin fikrimi tamamlayım. Cinayətkarı yaxalamısınız  çox sağ olun,çox yaxşı,vəzifəniz və borcunuzdur,təqdir olunmalıdır və onun həbsi sanksiyalaşmalıdır.Döymüsüz,yenə göz yummaq olar.Amma siz,onu sanksiya üçün prokurorun yanına gətirirsiz. Heç olmasa onun üst-başını,sir-sifətini bir sahmana salın. Ayıbdır axı,öz cinayətinizi də prokurorun hüzurunda nümayiş etdirirsiz?! Ona görə,quldur faktı rədd etsə də, mən inanıram ki, o,döyülüb və faktla bağlı cinayət təqibinə başlamağa tapşırıq verirəm!

Rəis, kabinetində qərar tuta bilmədi. “Prokuror haqlıdır. Bu qədər olmaz?! Aramızda xoş münasibət olsa da, heç vaxt ondan sui-istifadə etməmişəm və buna imkan da verməyəcəm,”-düşüncələrilə otaqdan cıxıb prokurorun yanına tələsdi. Qəbul otağında əyləşən qulduru görəndə hər şey ona aydın oldu.Cinayət axtarış şöbəsinin rəisini kənara çəkib:“Qatilin üst-başını təmizləmiyi də mən sizə deməliydim ,ağlınız kəsmirdi? Bu qədər harınlamısınız?”-deyib prokurorun kabinetinə keçdi. İlk öncə heç biri danışmadı. Sonra sükutu prokuror pozdu:

-Gördün qulduru?

-Gördüm.

-Necə təsir bağışladı? Buna nə ad vermək olar? Bu, vəzifədən sui-istifadə, həddini aşma  və başqa bir cinayətin adıdır. Bunu bağışlamaq olmaz, rəis! Razısızmı?

-Sizinlə tam razıyam. Mən buna haqq da qazandırmıram.Amma,...

-Heç bir əmması yoxdur,Rəis.Bu ,işçilərinin cinayətidir!

-Sizinlə razıyam,Yılmaz Cavadoviç! Amma,icazə versəniz özüm bunları tənbeh edərəm. Əks təqdirdə, hörmətli prokuror,... əməliyyatçıların...

Prokuror rəisin nə demək istədiyini anladı.

-Düz deyirsiz...

Sonra söz,sözü çəkdi. İki hüquqşünas bəzi nəzəri məna kəsb edən məsələləri  bölüşüb mübadilə etdilər:”Cinayətkarlar-cinayətlər və cinayətkarlıqla mübarizə aparanlar  arasında bir boşluq və deyərdim ki,bir yaxınlıq da var,onu tapmaq lazımdır. Niyə cinayət törədilir və niyə onlara qarşı” həddi aşmadan” ötüşmək olmur? Qəsdən,bil-bilə, ağlı kəsə-kəsə,nə etdiyini dərk edib cinayət törədirsə və nəticəsini də öncədən görüb arzu edirsə nə ermək?!..Bəzən profilaktik tədbirlər də səmərə vermir...”

Rəis də peşəkar və nəzəri baxımdan hazırlıqlı idi.

Şübhəm yoxdur ki,Yılmaz Cavadoviç,siz  böyük rus və dünya ədəbiyyatına ən çox töhfələr verən və ən çox oxunan yazıçılarından biri Fyodor Dostoyevskinin “Cinayət və Cəza” əsərini oxumusuz.Əsərin qəhrəmanı,cani və qatil Roskolnikov haqqında məlumatınız da var.Böyük yazıçı dəhşətli və xüsusilə ağır cinayətə səbəb olan çatışmazlıqlara,caninin mənəvi aləmində yaranan kataklizmlərə sanki güzgü tutur,insan mənəviyyatındakı aşınmaları dünyaya çatdırır...Belə insanları ailədə,kollektivdə və cəmiyyətdə tərbiyə edə bilmiriksə,azadlıqdan məhrumetmə  yerlərində onların islah olunması çox çətindir,əksinə,onlar bir az da residivləşirlər...

Zənnimcə,Kriminoloğiya elminə-Cinayətləri doğuran səbəb və şəraitin aradan qaldırılmasına,cinayətkarın şəxsiyyəti ilə bağlı bəzi kriteriyalara önəm verməyə ,onu öyrənməyə ehtiyac var.Digər tərəfdən Viktimologiya(cinayətlərin qurbanları haqqında elm) elminə istinad etsək,cinayətlərin qurbanlarını-zərəçəkənlərin də,ətrafında çox görüləsi işlər var...Lakin bu barədə Elmi Tədqiqat İnstitutları məşğul olmalıdır....Cəmiyyət varsa,cinayətlərin olması da mütləqdir.Hər bir cəmiyyətin özünə xas cinayətkarları və cinayətləri olur...

Nə qədər ki, cəmiyyətdə açılmayan cinayətlərə görə danlaq,cəza və ciddi tələbkarlıq var,əməliyyatçılar da axtardıqlarıni tapa bilməyəndə “obyektlərinə” qarşı  çox acıqlı olacaqlar və axtarış səmərə verən kimi,yəni “ov“ əllərinə düşən kimi onu bir az “sığallayırlar”. Tarixən belələrinin davranışları həmişə izlənilib,nəzarətdə olub. Bir anlıq Fransızların romantik şairi,romançı Viktor Hüqonun  “Səfillər”ini də xatırlayın...

Prokurorun sifətində təbəssümü görən rəis, özü də gülməyə başladı. “Sanki bir çətin kazus da belə həll olunurdu.” Bu, prokurorun humanistliyinin canlı təzahürü idi....

Axşam saat 21:00 da ANS-in xəbərlər proqramında şəxsiyyətləri məlum olmayan meyitlərin şəkilləri efirdə yayıldı.Televizorun işığı gecənin qaranlığını yarıb otağa doldu.Ekranda ard-arda verilən şəkillər-donuq baxışlar,meyidə xas üz cizgiləri,vaxtsız sönmüş həyatın səssiz şahidləri-meyit fotoları və aparıcının ölçülü səsi otaqda ağır bir mühit yaratmışdı. Heç bir saat keçməmiş qətlə yetirilən xanımların kimliyi barədə polis idarəsinə  informasiyalar daxil olmağa başladı.Növbətçi hissəyə daxil olan zənglər ”Bu mənim bacımdır”...-deyə titrək qadın səsi xətti yarıb sanki növbətçi hissədə qərar tuturdu.Artıq naməlumluq pərdəsi kənara çəkilmişdi.Ekranda təqdim edilən şəkillər  yarımçıq xatirələrə çevrilirdi.Kiminsə çin olmayan arzusu,kiminsə geri dönməyən yolu,kiminsə evdə gözlənilən,amma qapısı bir daha açılmayan övladı...Televiziya kanalı bir gecənin içində yaddaşları zəbt etmişdi...

Polis idarəsində işıqlar sönməmişdi.Rəis ekran qarşısında durub şəkillərə baxırdı.Ölümlə nəticələnən hekayəni kino lenti kimi gözünün önünə gətirdi.Qurbanların şəxsiyyətləri bəlli olsa da ,amma əsl həqiqət hələ bilinmirdi,qaranlıqda idi.O qaranlıqlar isə “Narahat gecələr”in yeni başlandığını pıçıldayırdı...

Rəis xidməti kabinetində tək idi.Divar saatındakı sarı rəngli əqrəblərin yorğun taqqıltısı eşidilirdi.Televizorda bir az əvvəl nümayiş etdirilən zərif üzlər hələ də gözlərinin önündən çəkilmir,bir sual beynini tərk etmirdi:”Bu qadınları niyə və kim öldürüb?”

Rəis belə ağır xidmətə artıq öyrəşmişdi.Törədilən cinayətdə zorakılıqlardan çox laqeydlik,nifrətdən çox soyuqluq müşahidə olunurdu.Cinayətin sübyekti insan həyatını lazımsız bir detal və ya maneə sanıb,onu lazımsış əşya kimi kənara atmışdı.Niyə?

Rəisi narahat edən başqa şey də var idi: Qadınların qısa müddət ərzində  yoxluğu ilə  niyə  heç kim maraqlanmamışdı? Televiziyadan sonra isə rayon,şəhər,bəlkə ölkə bu barədə danışır.Bu qədər biganəlik və laqeydlik nədəndir? Astadan:Gecikmiş həqiqət,-deyə pıçıldadı.Ən ağır olan da budur! Pəncərəyə yaxınlaşıb gecəni seyr etdi,“bu gecə narahat və uzun çəkəcək,çox uzun!”- sözünü də astadan pıçıldadı.Baharın gəlişinə sevinmək istədi,amma bu fəsli atalarımız qan qaynadan bir ay adlandırıblar,-deyə onu bir az qınadı.”Neçə dəfə elə məhz bu ayda işlər qarışmışdı,çiçəklərin açdığı bu günlərdə kiminsə taleyi qapadılmışdı...Bu təsadüfə oxşamır,zərurətdir,bəlkə də...

Ağır əməlin qurbanlarına çevrilmiş qadınların evində hamı ekranda göstərilən üzü qucaqlamaq,son məzilə yola salmaq üçün sanki növbəyə durmuşdular.

-Bu odur,Samirədir... mənim bacım...

Ata isə sanki günahkar idi,səsini çıxartmırdı.Göz yaşları da  ünvanına gecikmişdi...

Evin içinə sükut çökmüşdü.O sükutda cavabsız suallardan başqa heç nə yoxuydu.Ekranı qapamaq istəsələr də,alınmırdı.Ekran  onların dərdinə sanki şahidlik edrdi.

O gecə o evlərdə heç kim yata bilmədi.Qapı bağlı idi,amma ağrı içərini elə zəbt etmişdi ki,bir kimsənin onu bayıra atmağa gücü yetmədi...

İstintaq materiallarından məlum oldu ki,Ağır cinayətin qurbanları-Samirə ilə Xatirə(adlar şərtidir) rəfiqə olmuşlar. Samirə Günəşli qəsəbəsində, Xatirə isə İçəri şəhərdə yaşayıb. Samirə bir otaqlı mənzilini təmir etdirdiyinə görə, müvəqqəti olaraq rəfiqəsi ilə bir yerdə-İçəri şəhərdə yaşamış, özünə məxsus geyim paltarlarını da çamadanına yığıb onlarda qoymuşdu.Ustalar Şamaxı şəhərinin sakinləri  olmuşlar. Ustalar hadisə baş verən  günü Samirə və Xatirə ilə birlikdə Şamaxıda bir neçə gün istirahət etmək qərarına gəlmişlər...

Fotoların televiziyada yayılmasından sonra Samirənin bacısı polis idarəsinə gəlib istintaqa zəruri məlumatları vermişdi. Hər şey həyata keçirilən istintaq və əməliyyat-axtarışı üzrə tapşırıqların çevik,zərgər incəliklərilə araşdırılmasından sonra bəlli olacaqdı. Cinayət işinin İstintaqı xüsusi nəzarətə

Hadisə yerinin müayinəsi “qisas alma”, “qarət etmə” versiyalarını rədd edirdi. Amma fakt faktlığında qalırdı. Qətl odlu silahdan istifadə etməklə baş vermişdi. Digər versiya isə-qadınlara təcavüz  etmə bir az ağlabatan olmasa da,bu sual məhkəmə  tibbi ekspertizasının predmetində özünə yer tapacaqdı. Təcavüz olmuşsa belə,yenə sual yaranırdı: Təcavüzdən  sonra niyə məhz qətlə yetirmək lazımıydı? Cavabını da ehtimal etmək olardı: Qadınların şikayət vermək istəyini qapamaq! Bir növ məqsəd şahid bazasını aradan götürməkdən  ibarət ola bilərdi. Hələlik qənaət beləydi...

 Hadisə ilə bağlı birgə əməliyyat-istintaq qrupu yaradılmışdı. Qrupun rəhbəri rəisin əməliyyat üzrə gənc müavini  təyin edilmişdi.İstintaqın gedişi DİN-nin və Baş prokurorluğun nəzarətinə götürülmüşdü. Hadisədən heç bir gün keçməmiş baş prokurorun istintaqa nəzarət üzrə  müavininin yanında əməliyyat müşavirəsi keçirildi.

Cinayət işinin açılması üçün 1 həftə vaxt verildi. İşin istintaqı barədə hər gün baş prokurorluğa və DİN-ə məlumat verilməsi tapşırıldı.

 Baş prokurorun müavini: Rəis sözünüz varsa buyurun.

-Sözüm yoxdur. Vaxtı öldürmək də cinayətdir, yoldaş prokuror.  İcazə verin sizi tərk edib, işimizə başlayaq.

 Bəli, vaxt azdır,çox təəssüf ki,onu saat əqrəbləri kimi geri qaytarmaq olmur...Kaş bunu unutmayaydıq!

Bəzən vaxt çatışmır,vaxt yoxdur,-deyə

Vaxtın azlığından gileylənirik.

Bir manat itirsək,gəzirik,niyə?

Bir günü itirsək heyifslənmirik?

 

                                  Zaman bizi sınağa çəkir...

                                               II hissə

                                         

İşləmək üçün həmişə belə əlverişli hava olmur. Narın-narın yağan yağış şəhərə nur çiləyirdi. Adamın könlünə, açıq səma altında gəzmək düşürdü.Gəzmək rəisin xobbilərindən idi. Əllərini qoynuna qoyub pəncərədən yağan yağışa baxır, cinayət-axtarış şöbəsinin rəisi ilə bəzi versiyaları təhlil edirdi.

-Yaxşı, deyirsən ki, motiv təcavüz də ola bilər? Onda, niyə məhz belə bir yerdə,bu istəyə düşsünlər? Hələ ki, tələsməyə ehtiyac yoxdur.İndi ustaların şəxsiyyəti barədə tam məlumat əldə etmək lazımdır. Yubanmayın, sən əməliyyat müvəkkili Mübarizlə indicə Şamaxıya yola düşün. İlk növbədə Şamaxı R-n polis şöbəsinin pasport bölməsində ustalar ətrafında məlumatları toplayıb dərhal mənə zəng edin. Davay, yubanmayın.

İkinci qrupa daxil olan Elmar və Elmana isə başqa tapşırıq verildi: Ustaların Bakıda yaşamaları barədə məlumat toplayın və təxirə salınmadan həmin ünvanı müşahidə altına alın. Onların Bakıda yaşayıb-yaşamamaları haqqında məlumatı Samirənin bacısı ilə söhbət əsnasında əldə edin. İstintaqın köməyindən istifadə etmək zərurəti varsa əlaqə saxlayın. Di haydı, siz də işinizdə olun. Paralel olaraq istintaq şöbəsinə də cinayət prosesual hüququnun tələbləri çərçivəsində hərəkətlərin davam etdirilməsi, qonşuları dindirməklə əhəmiyyət kəsb edən informasiyalara nail olması tapşırıldı...

Verilən tapşırıqlar rəisin otağında çevik, əməliyyat-axtarışın fəaliyyətinə uyğun ,,ayaqüstü” müşavirənin gəldiyi ilkin qənaət idi. Sonrası verilən tapşırıqların icrasından və ilkin istintaqın nəticəsindən asılı olacaqdı...

Rəis otağında gözləməyə səbri çatmadı. Gödəkcəsini geyinib aşağı düşdü. Növbətçi hissədə də qərar tuta bilmədi. Saat artıq  19-u vururdu. İki saatdır uşaqlar Şamaxıya yola düşmüşdü. Hələ ki, bir xəbər-ətər yox idi. Rəis düşünə-düşünə narahatlığını da biruzə verirdi...

Polis İdarəsində əməliyyat növbətçisi Oruc kişi idi. Ona Oruc dayı da deyirdilər. Əslən Şirvan zonasından idi,polis işçisi kimi təcrübəli və dözümlüydü. Oruc kişi,rəisin narahatlığıni hiss edib sükutu pozdu:

-Rəis,bu iş açılan işdir.Narahat olmayın.

-Narahatlıq ondadır ki,uşaqlar köhnə bir ,,05” jiquli markalı avtomobil ilə yola düşüblər.Hava burda belə yağırsa, gör Şamaxıda vəziyyət necədir? Digər tərəfdən bizdən də tələb edirlər... Nə oldu, nə oldu...lara cavab vermək olmur Oruc kişi?!  Bu vaxt növbətçinin şəhər telefonu cingildədi Oruc kişi farağat surətdə: Binəqədi Rayon Polis idarəsinin əməliyyat növbətçisi,polis mayoru Oruc Qocayev eşidir,tez telefonu rəisə uzadaraq:-Rəis Şamaxıdandı.

-Bəli...nə yaxşı, nə yaxşı! Deməli hər iki usta Şamaxının Sündü kəndində yaşayırlar.Çox yaxşı. Kənd rayon mərkəzindən çox uzaqdır? Yaxındırsa,lap yaxşı. Diqqətlə qulaq asın :  Mən indi polis rəisi ilə əlaqə saxlayaram. Qalxın  yanına, kömək və bələdçilik üçün iki nəfər versinlər və dərhal Sündü kəndinə yola düşün.Hər iki nəfərin evini rəsmi protokolla müayinə edin, baxış keçirin. Amma unutmayın ki, iki nəfər hal şahidləri də olsun. Mütləq mənada rayon prokurorluğunun nümayəndəsi müayinədə iştirak etsə yaxşı olar,Prokuroluğa cinayət işinin Baş Prokurorluğun nəzarətində olması barədə məlumat verin.Maddi subutları-Samirənin əşyaları olduğu çamadanı və odlu silahı tapmağa səy göstərin. Əliboş gəlməyin, Mübariz! Aydın oldumu? Qalxın rəisin yanına, yubanma!

Rəis DİN-nin növbətçi hissəsi vasitəsilə Şamaxı  rayon polis şöbəsi ilə əlaqəyə girdi. Nə lazımdırsa həmkarına lakonik məlumat verdi...

Aramsız yağan yağış dayanmırdı. Hava o qədər də soyuq deyildi. Amma axşam ötdükcə hərarət aşağı düşürdü.Artıq ikinci qrupdan da məlumat daxil olurdu.Məlum oldu ki,ustalar Binəqədi qəsəbəsinin “mədən”  deyilən ərazisində yaşamışlar. Apaşdırmalara görə ustalar son iki gün ərzində ümumiyyətlə evdə olmamışlar.Hər iki usta ailəlidir,ailələri də Şamaxıda yaşayır.

Rəis əldə etdikləri informasiyanı prokurorla bölüşdü:

-Yoldaş prokuror, hələ ki, uşaqlar pis işləmirlər. Amma havanın şıltaqlığı yaman  “əyləci” basır, çətinləşir işimiz. Uşaqlar Şamaxıda yaxşı məlumatlar toplayıblar. Allah eləsin maşın xarab olmasın,texniki cəhətdən avtomobilimiz çox nasazdır,Yılmaz Cavadoviç(mən hörmət əlaməti olraq prokurora belə müraciət edirdim),narahatam...

Saatın əqrəbləri polis avtomobilindən daha yaxşı işləyirdi,yağışlı gecənin 01:30-na doğru sürətlə şütüyürdü. Prokuror da narahat idi,tez-tez maraqlanırdı. Amma nə etmək ki, ağırlıq həmişə polisin çiyninə düşür. Bütün bunları düşündükcə rəis qənaətini prokurordan gizlətmədi.

-Yoldaş prokuror! Bəzən ictimaiyyət, lap elə rəsmi qurumlar, bəzi vətəndaşlar polisin fəaliyyətində kiçik bir qüsur gördükdə onu  gizlətmək, dilə gətirməmək əvəzinə, bir az da böyüdürlər. Amma hər bir cinayətin açılması üçün görün neçə yuxusuz,narahat  gecələr keçiririk?!Onun fərqinə varan yoxdur. Niyə belə yanaşılır? Bax saat artıq 02:30-u vurur, siz yatmamısız, polis işçiləri küçədə, mən və digər tərkib də işdə.Bəzən cəmiyyətə elə gəlir ki, təhlükəsizliyin təminatı ucuz və sadə bir üsul ilə təmin edilir. Bu cür  düşünənlərə yalnız təəssüf edir və köks ötürürük.Bəzən asan bildiyimiz,kiçik bir işi görmək üçün çox əziyyət çəkmək, əmək sərf etmək lazım gəlir. Amma hər şey, qram-qram əldə edilir... Polisin də işi qram-qram alınır,qram,qram..

-Polisi çox  təriflədin rəis! Uzaqdan görünən dağa bələdçi lazım deyil.Dövlətimiz onların işini layiqincə dəyərləndirir.Gecəmiz xeyirə calansın! Sağollaşıb ayrıldılar.

Bəşər tarixi yaranandan cəmiyyətdə cinayətlər baş verib. Həzrəti Adəmin övladlarından birinin digərini qısqanclıqdan qətlə yetirməsi, Məkkə müşriklərinin Hz.Muhəmmədin(s.ə.s) tərəfdarlarına qarşı cinayətləri az olmayıb,Quldarlıq, feodalizm,  kapitalizm, sosializm və elə indi (bu cəmiyyətin adını deməkdə çətinlik çəkirəm) də  cəmiyyətin inkişafı və şüuruna xas cinayətlər var və yəqin ki,nə qədər dövlət var,cinayətlər də alaq otu kimi bitəcək. Əski sovetlər dönəmində cinayətlərin kökünü kəsmək vəzifəsi hüquq-mühafizə orqanlarının qarşısına bir vəzifə kimi qoyulurdu. Cəmiyyət isə buna hazır deyildi və heç vaxt bu vəzifənin öhdəsindən gələ bilməzdi.  Çünki cinayətlər cəmiyyətdə,məhz elə cəmiyyətin əlavə məhsulu kimi cücərir. Bir az da obrazlı ifadə etsək cəmiyyət bir zəmiyə bənzər. Ora səpilən toxumların yaxşısı da, pisi də, yabanısı da bitir. Zəminin münbitliyi əkinə müsbət təsir etsə də, alaq otları və digər zərərvericilər inkişafa mane olduğu üçün onunla mübarizəyə ehtiyac yaranır. Əks təqdirdə zəhmət hədər gedər. Cinayətkarlıq da belədir. Cəmiyyətdə mövcud sosial çətinliklər  və faktorlar müəyyən qism insanları,zəif iradəyə mənsub olanları cinayətə sövq edir.Onlar cəmiyyətin lümpen təbəqələridir.Sadəcə yaranmış səbəb və şərait belə insanları haq yoldan azdırıb nəticəni hasil edir, ictimai münasibətlərə ziyan dəyir. Bəzən ictimai münasibətlərə edilən qəsdlər qeyri-aşkar şəraitdə baş verdiyindən onların açılmasına zaman lazım gəlir. Cinayətlərin qurbanları isə əksər hallarda bundan xəbərsiz olur,cinayətkar cəzasına çatmayanda isə polis haqqında neqativ rəy yaradırrlar.Polisin spesifik xidmətinin görünməyən tərəfindən ictimaiyyətin məlumatı azdır. Nə isə... Rəis düşündükcə  polis əməkdaşlarının şərəfli xidmətinin cəmiyyət tərəfindən düzgün qiymətləndirə bilməməsinə görə əzab çəkirdi... Telefon zəngi rəisi xəyalından ayırdı. Əməliyyat üzrə növbətçi idi:

-Rəis Şamaxıdandır, dəstəyi götürün. Telefonda cinayət-axtarış üzrə əməliyyat müvəkkili Mübariz idi.

-Eşidirəm, Mübariz. Nə xoş xəbərin var, sevindirəcəksənmi bizi?

-Rəis zəhmətimiz hədər  getmədi. Ustaların evinə daxil olan kimi Samirəyə məxsus əşyalarla dolu çamadan qapının girişində qaldığını görcək sevindik və maddi sübut kimi götürüldü. Odlu silah isə yataq otağından tapıldı. Müayinə müstəntiqin və hal şahidlərinin iştirakı ilə aparıldı. İlkin dindirmə zamanı hər ikisi cinayətlərini izahatında etiraf etdilər. Səbəb sərxoşluq nəticəsində hərəkətlərini ölçüb-biçə bilməmələri olmuşdur. İfadələrini idarədə mustəntiq alacaq. Qısa bu qədər rəis, başqa sualınız və tapşırığınız varsa buyurun!

-Təbrik edirəm. Ehtiyatla gəlin. Saxlanılanların əllərini qandallayın ki,yolda müqavimət göstərə bilməsinlər. Rəis dəstəyi yerinə qoydu. Saata baxdı. Saat  05:30 göstərirdi. Əməliyyat uğurla və düşünülmüş tərzdə davam edəndə yorğunluğa yer qalmır. Rəis yorulmamışdı,belə gərgin gecələri çox görmüşdü,xoş xəbərdən gümrahlaşdı. Sevincini prokuror ilə bölüşmək istədi. Sübh çağı idi,dan yeri səbrlə açılırdı. Prokuroru narahat etmək istəməsə də  “istintaqı onsuz da prokurorluq aparacaq”,- niyə də narahat  olmasın? - deyə əlini şəhər telefonuna uzadıb düymələri basdı. Evə vaxtsız daxil olan telefon zəngi prokuroru və ailəsini əsla narahat etmədi. Birinci dəfə deyildi ki? Prokuror telefonun səsini eşidib xoş məramın yaşandığını anladı və dəstəyi götürən kimi:

-Təbrik edirəm, ay rəis?! Bu vaxtın telefon zəngi belə deməyə əsas verir. Düzmü tapdım? Zamanın sınağından uğurla çıxdıq,elə deyilmi?

-Bəli,Yılmaz Cavadoviç! Sizi də təbrik edirəm. Uşaqlar təqsirləndirilə biləcək şəxslər və götürülən maddi sübutları ilə şəhərə qayıdırlar.Yəqin ki, İnşallah iki saata burda olacaqlar. Müstəntiqinizə tapşırıq verin ki, polis idarəsinə gəlsin və dindirməyə başlasın. Belə qənaətdəyəm ki, hər şey öz təsdiqini tapıb. Yerində alınan izahatları öz sözləri ilə yazıblar və əməllərini etiraf ediblər. Bəri başdan deyim ki, heç bir fiziki zor və işkəncələrə məruz qalmayıblar. Prokuror şaqqanaq çəkdi. Bu sübh çağının bədən tərbiyəsi idi...

İlkin izahatlarda hadisə belə təsvir edilir:Ağır hadisənin leytmotivinə canlı təbiət təsirsiz ötüşməmişdi.Yolun kənarında çölün sakitliyi qrupa xoş bahar ovqatı bəxş etmişdi.Süfrə yığışdırılmamış,çörək və kolbasa tikələri hələ ortada qalmışdı.Külək otların arasından süfrənin kənarında qoyulan stəkanı yırğalayırdı.Gün qüruba doğru gedirdi.

Afət və Asim hər ikisi Sündü kəndində yaşayırlar. Peşələri evlərdə təmir işləri ilə məşğul olmaq, rəngsazlıq etməkdən ibarət olub. Samirənin bir otaqlı mənzilini təmir etmək üçün razılaşırlar. Samirə bu müddət ərzində rəfiqəsi ilə bir yerdə yaşayacaqdı- İçəri şəhərdə. Hadisə baş verən zaman iki günlük Şamaxıda istirahət etmək qərarına gəlmişlər və rəfiqələr bu təkliflə razılaşmışlar.Bakı ərazisindən bir neçə km uzaqlaşandan sonra, Asim yolun kənarında bir qədər dincəlməyi təklif edib.

Şəhərdən aldıqları xırda bazarlıq,bir ədəd “Stoliçnıy” araq, 1kq kolbasa və tərəvəzlə magistral yoldan təxminən 200 m aralıda  süfrə açılır... Hava hələ xoş idi. 100 qr spirtli içkidən sonra Asim səbrsizlik edib rəfiqələrdən birini toplaşşdıqları süfrədən kənara dəvət edir. Hər ikisinin yaşı 35-i haqlamışdı. Asim əlini Xatirənin boynuna salır. Xatirə müqavimət göstərsə də alınmır. Təpəni aşıb əyləşirlər.Asim ikinci dəfə əlini Xatirənin qoynuna aparır... Xatirə qışqırır. Samirənin özünü Xatirəyə çatdırmaq cəhdi boşa çıxır. Afət ona mane olur. Samirəni maşına dəvət edir. Samirə imtina edir. Qısa mübahisədən sonra, Afət maşındakı ov tüfəngini götürüb Samirəyə təklifi ilə razılaşmayacağı təqdirdə həyatla vidalaşacaq,-deyə onu hədələməyə başlayır. Rədd cavabı aldıqda əlini tətiyə atır,  güllənin səsi ətrafda əks səda verir . Asim inanmır.”Axı, patroncıqda patron olmamalıydı. Bu necə açıla bilərdi?!” Hadisənin dramatikləşdiyini görən ustalar şahid bazasını silmək məqsədilə Xatirəni də qətlə yetirir və dərhal hadisə yerini tərk edib Şamaxıya yollanırlar... Bu Afətin ifadəsində yer alan istintaq məlumatı idi. Amma Asim fərqli ifadə vermişdi. O,Samirə ilə Afətin arasında isti münasibətin olduğunu bildirirdi.lakin hadisə günü Samirə Afətə yaxınlıq üçün imkan vermədiyinə görə sonuncu bundan qəzəblənib onu aradan götürmüşdü. Daha sonra yazır:Biz istirahətə gəlməmişdən əvvəl Xatirənin evində bu barədə razılaşmışdıq. Xanımlar isə təbiətin qoynunda razılığı pozmuşdular və cəzasını da aldılar. Bunu da Asim öz sözləri ilə verdiyi ifadəsində etiraf etmişdi...

Tüfəngin açılması təsadüfi deyildi.Bakı-Şamaxı yolu həmin axşam şahidsiz idi.Güllə səsi açıq havada qəribə çıxdı.Sanki daşa dəyib geri qayıtmışdı.Açıq səma güllənin səsini özünə çəkə bilmədi.Süfrə ətrafında dən axtaran sərçələr bir anda havalanıb pərvazlanmışdılar.Külək dayanmışdı,çöldə açılan İlahi süfrə Adəm övladlarının  hərəkətlərindən soyuq bir məkana dönmüşdü... “İstirahət məkanı”ndan magistral yola baxanda maşınların səssz-səmirsiz Şamaxıya doğru şütüməsi dumanlı görünürdü.Baş vermiş hadisədən şər qarışır,hava qaralırdı.Təzəcə pöhrələnən yaşıl otların üstünü qan örtmüşdü...

Baharın gəlişindən Xəzər hələ də qərarsız idi.Sahilə çırpılan ləpələr nəyisə pıçıldayıb demək istəyirdi,amma sirri faş etməkdən çəkinirdi.Vaxtı çatmamışdı,bəlkə də.Xəzər dənizi çox hadisələrə şahidlik etmişdi,-sahildən kəsilən addımlara,suda batan səslərə,dalğalara baxaraq əhd-peyman bağlayan gənc cütlüklərə...Xəzər gecənin rənginə boyanmışdı.Amma səmada qan rəngini almış zolaqlar da görünürdü... Bu gecə dəniz haray qoparıb danışsaydı şəhər yəqin ki,yatmazdı...

“Tüfəngin-odlu silahın boş olduğuna əmin olsan belə, əlini tətiyə aparma, o açıla bilər. Axı odlu silaha necə etibar etmək olar? Niyyətin məşqi,bəzən acı nəticənin xəbərçisi,zərərsiz görünə bilən əyləncə isə təhlükəli vərdişlərin acı başlıanğıcı ola bilər,-deyirlər.Bu mənada insan şüurlu ali varlıq kimi riski dayandıra bilməyəndə,riskə aparan davranışı heç dayandıra bilmir.”Rəis məlumatı dinləyə-dinləyə belə bir fikri yaddaşında varaqladı,amma bitmədi...İnsan da odlu silah kimidir.İçində qəzəb,kin,nifrət,hətta hökm də gəzdirir.”Zərəri yoxdur”,-deyib etdiyi hər cürə ehtiyatsız hərəkət,gələcək sabahların peşmançılığıdır.Bütün təhlükələr insanın davranış modelinin içində ərsəyə gəlir.Ona görə də,həyat hər birimizə zərər və hadisə baş vermədən riskli davranışdan çəkinməyi tövsiyə edir.Təhlükəli vərdişdən kənara çəkilib uzaqlaşmaq Müdriklikdir!..Nə etmək ki, sonrakı  peşmançılıq fayda vermir...

Rəis baş verən hadisənin təfərrüatına tam bələd olduğundan belə qənaətə gəlmişdi.Cinayət xüsusilə ağır bir cinayət növüdür. Təqsirkarlar nə etdiklərini bilib, əvvəlcədən hansı nəticə doğuracağını da görüb və buna şüurlu şəkildə yol veriblər. Bu əxlaqın, mədəniyyətin, elmin, tərbiyənin, düşüncənin, şüurun olmamasının nəticəsidir. Sadəcə nihilizmdir.İnsan yaranandan müsbət cəhətlərlə diqqət çəkib,Aləmlərin Rəbbi Adəm peyğəmbəri qupquru,saxsı kimi səs verən palçıqdan yaratdıqda Mələklər ordusu çaş-baş qalıblar.Amma cəsarət edib Allahdan nəyisə soruşa bilməyiblər.Rəbbimiz bunu duyub.Vaxtı çatanda,Cənnət qapısının girişində Hz.Adəmin siluetinə Rəbbimiz”Ol”-deyib və Hz.Adəm fövrən canlı varlığa çevrilib.Rəbbimiz mələklərə səmanı və onun tavanına bərkidilmiş ulduzları göstərib adını soruşub.Mələklər çaşıb qalıblar,Sonra Hz.Adəmə eyni sualla xitab etdikdə,o,adları olduğu kimi sadalayıb.Bu anda mələklər heyrət edirlər və tərəddüd etmədən Hz.Adəmin qarşısında cəcdəyə qapılıblar...

“İnsanlarda müsbət dəyərlərin yoxluğu bütün hallarda,bu və ya digər dərəcədə cəmiyyətdə müəyyən fəsadlar yaradır,ictimai münasibətlərə-ictimai orqanizmin Anatomiyasına  zərər dəyir.Fərddə elmlə helm vəhdət təşkil etməyəndə, onun davranışı real həyatla uzlaşmır.Bunun üçün cəmiyyəti elə qurmaq, elə inkişaf etdirmək lazımdır ki,pis vərdişlərə yer qalmasın.” Bu, rəisin qənaəti idi və bunu prokurorla bölüşəndə, prokuror razılaşdı “kriminologiya elmi baxımından düzdür”- deyə cavab verdi. Amma nə etmək - belələri var və olacaq! Cinayətə meyilli insanlar öz bəd vərdişlərindən geri çəkilməsələr, biz də mübarizədə daha sərt,ayıq və sayıq olacağıq. Bax, bu günkü kimi. Prokuror fikrini nöqtələdi...

Rəis prokurorun kabinetində müstəntiqin icraatında olan cinayət işi ilə bağlı məlumatı dinləyirdilər. Hər ikisinin qarşısında fincanda çay varıydı.Məruzə zamanı rəis və prokurorun işin  mahiyyətinə uyğun sualları ortalığa çıxırdı,müstəntiq isə suallara aydınlıq gətirirdi.O,peşəkar idi,işini zərgər incəliyi qədər dərindən bilirdi. İstintaqın obyektiv və hərtərəfli aparılmasında heç bir şübhə yeri qalmamışdı.Prokuror peşəkarlıqla həyata keçirilən əməliyyat-axtarış və istintaq qrupunun zəhmətini yüksək dəyərləndirdi.”Fərqlənənləri mükafatlandırmaq üçün Baş Prokurora və Daxili İşlər Nazirinə təqdimat göndərəcəyəm”,-dedi.Sonra sözünə davam etdi.Biz işimizi demək olar ki,uğurla bitirdik,ittihamı təsdiq edib cinayət işi üzrə mataeriallar məhkəməyə göndəriləcək.Xüsusilə ağır cinayət iki nəfərin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı istintaq zamanı təsdiqini tapdığından,qüvvədə olan cinayət məcəlləsinin 59-cu maddəsində ehtiva edilən yüngülləşdirici hallar bu iki şəxsə yəqin ki,şamil olunmayacaq.Lakin,cinayətin ağır nəticələrə səbəb olması,sair alçaq niyyətlərlə törədilməsi,habelə başqa cinayəti ört-basdır etmək və ya onun törədilməsini asanlaşdırmaq məqsədi ilə törədilməsi cəzanı ağırlaşdıran hallar kimi dəyərləndiriləcək!Sözünü bitirib ittihamı təsdiqlədi. Sonra müstəntiqə:

-Cinayət işi üzrə materialları  özün apar məhkəmənin dəftərxanasına təhvil ver.

-Oldu Yılmaz müəllim.

-Gedə bilərsən...

 

                           Xəyanət odlu silahdan təhlükəlidir…

                                                        III hissə

 Prokuror köməkçisi icazə alıb, içəri daxil oldu. Yoldaş prokuror, telefonda rəisi istəyirlər.

-Xeyirdimi? Kimdir soruşan?

-Polis idarəsinin növbətçi hissəsindəndir.

-Deyin kabinetimə zeng etsinlər.

Telefonda novbətçi Ramazanov idi.

-Yoldaş prokuror, rəisimizi olar? Növbətçi hissədən daxil olan telefon səsində həyacanın olması aydın eşidilirdi.

-De görüm nə olub, rəis yanımdadır. Ramazanov, sənin ayağın çox ağırdır. Yenə hadisəmi var?

-Bəli yoldaş prokuror. Binəqədi qəsəbəsinin neft mədəni deyilən ərazisində neft məhlullu,mazutlu gölün kanarında QAZ 2410 markalı “Volqa” avtomobilində,baş nahiyəsinin sağ gicgahından güllə yarası ilə qətlə yetirilmiş,şəxsiyyəti məlum olan sürücü Anar Şıxəliyevin meyiti tapılıb.

Kabinetə sükut şökdü,baxışlar bir-birinə dikildi. Prokuror dərindən köks ötürdü. Əlindəki çay fincanını yerə qoyub sükutu pozdu:

-Oturmağın mənası yoxdur.Xidmətimizin başlanğıcı mübarizəni peşəkarlıqladavam etdirmək,sonu isə səmərəli nəticəni görməkdən keçir,Rəis!Gedək, hadisə yerinin müayinəsində iştirak edək.Qısa müddət ərzində üçüncü qətldir. Deyəsən zaman bizi sınağa çəkir, Rəis!  Amma ……sözünün davamını gətirmədi.

Hadisə Binəqədi qəsəbəsinin neft qoxulu, “mədən” deyilən ərazisində  baş vermişdi.Mazutlu göl gündüzün işığını sanki özünə çəkmişdi .Hava da ətraf kimi yanmış neft qoxusunu verirdi.Bir az kənarda ömrünü yaşamış köhnə nasos qurğuları küləyin təsirindən uğultulu səs çıxarırdı.“Qara Volqa” yarı örtülü asfalt yolun kənarında, mazutun qarışdığı torpaq səthində tək dayanmışdı. Mühərrikin damı soyumuşdu.Sürücü başını sükana söykəyib sanki yuxuya dalmışdı. Sağ gicgahında,kəllənin qulaqdan alın sümüyünə qədər olan nahiyəsində ehtimal  edilən tək güllə dəliyi varıydı. Qan artıq laxtalanıb dayanmış,paltarının liflərinə hopmuşdu.Açıq qalan pəncərədən içəri dolan qoxulu hava sürücünün son nəfəsinin izi ilə gəlib maşının salonunda dayanmışdı.Ətrafda qəribə bir sükut varıydı.Şəhərin səsi bura gəlib çatmırdı.Qatil bu məkanı sanki gizlətmək üçün seçmişdi.Kiçik mazut gölünün səthi də sakit,tərpənmirdi.Qara güzgü kimi-baxanı udurdu,göstərmirdi.Amma hadisəni yəqin ki,yaddaşında saxlamışdı…

 Prokuror diqqətlə sükan arxasında “uyuyan” sürücünü nəzərdən keçirtdi:  Ehtimalım belədir ki, qətlə yetirilən elə maşını idarə edəndir. Qənaətini də belə anlatdı. Rəisin “hardan belə qənaətə gəldiniz, yoldaş prokuror?” – sualına macal verməyib sözünə davam etdi: Sağ ayağı hələ də əyləcin üstündədir. Çox güman ki, yanında əyləşən adam ona çox simsar, yaxın olub. Məqsəd intiqam və qisas almaqdan da ibarət ola bilər. Nə maşın, nə də sürücü qarət edilməmiş,sürücüyə məxsus əşyalara toxunulmamışdı… Niyə məhz intiqam?! Bu başqa məsələdir, yəqin ki, istintaq bunu araşdıracaq… Rəis,bəzən xəyanət, sandıqçası patronla dolu olan odlu silahdan da təhlükəli olur,tətiyə toxunmadan da  açılır…

Qətlə yetirilmiş sürücünün qolundakı saat 11:30-u  göstərirdi. Prokuror müstəntiqə və ekspert-kriminalistə hadisə yerinin müayinəsi ilə bağlı tapşırıqlar verdi …

Rəis xidməti otağında prokurorla  cinayət-prosesual incəliklər, cinayətin motivi və fərziyələrlə bağlı çox götür-qoy etdilər. İlkin,çevik nəticələr ehtimala – prezumpsiyaya söykəndiyindən prosesual qənaətə gəlmək çox riskli idi,cinayətin izini azdıra bilərdi. Bu arada növbətçinin telefonu yenə sükutu pozdu.

-Rəis, “Qorotdel”in rəisi General yanınıza qalxdı. Növbətçi sözünü çaşqınlıqla ifadə etdiyindən rəisin soruşmaq istədikləri yarımçıq qaldı. Qapıya yaxınlaşarkən, general içəri daxil oldu.

General çox təcrübəli və məlumat bazası zəngin idi. Əhəmiyyət kəsb edən cəhət ondan ibarət idi ki, o,uzun müddət  məhkumların cəzasını çəkdiyi islah-əmək düşərgəsi Baş idarənin rəisi işləmiş, məxfi şəbəkənin  məlumat bankından çox faydalanmışdı.

Hadisə ilə bağlı mülahizələrini bölüşdülər, fərziyələr generalın diqqətinə çatdırıldı. General təmkinlə hər şeyi dinlədi.lakin öz fikri barədə bir şey söyləmədiyindən prokuroru  düşünməyə vadar etdi. Rəis isə ilkin versiyaların general tərəfindən qəbul edilməməsinin qənaətində idi.

General:                                                                                                                                                                        

  -Yaxşı,mane olmayım, istintaq-əməliyyat qrupunu  peşəkarlardan ibarər tərkibdə yaradın. Çalışın şəhər polisinin əməliyyatçıları da orda iştirak etsin. Hörmətli prokurorun bu işə ciddi nəzarət edəcəyinə şübhəm yoxdur. Məlumat üçün deyim ki, qəbul otağında bir nəfər sizinlə görüşmək istəyir. Belə anladım ki, mərhumun qaradaşıdır, Şəkidən gəliblər. Zənnim məni aldatmırsa o,əvvəllər ağır cinayətə görə məhkum olunub.Baş İdarəyə rəhbərlik etdiyim dövrlərdə onunla bircə dəfə görüşməyimi dumanlı şəkildə xatırlayıram.Hər ehtimala görə araşdırın,səhih məlumatdırsa şəxsi işini tələb edib nəticəsini mənə bildirin…

Çox qaranlıq bir tapşırıq idi. General  qardaşa qatil kimi baxırdı. Heç ağlabatan deyildi. Vaxtımızı buna sərf etsək, cinayət bağlı qala bilər-deyə rəis fikirlərini prokurorla bölüşdü.Amma, nədənsə tapşırığa real yanaşmadı. Yenə sükutu prokuror pozdu: Generalın fikrini qəribçiliyə salmayaq, həyatda ata və  anasını qətlə yetirənlər azmı olub? “Tak çto” vaxtı bihudə vermə, işimizi çevik aparaq. Vaxt xeyrimizə işləmir. Bayaq qeyd etdiyinə qüvvət olaraq,xəyanət bütün hallarda odlu silahdan təhlükəli olur,tətiyə toxunmadan da açıla bilər.Ona görə, adı xəyanətdir.Onun hansı milli və dini mənsubiyyətə malik  olması əsla fərq etmir,o həmişə təhlükəlidir! Çağır şikayətçini birlikdə dinləyək…

Şikayətçi kabinetə daxil oldu. Ədəb ərkanla salam verdi və sağ əlini sinəsinə qoyub təzim etdi.Sonra hönkürdü .”Başa düşüləndir,qardaşıdır,ağlamalıdır…”                                                                                                                     Prokuror:                                                                                                                                                                      

-Əyləşin, buyurun, sizi dinləyirik. Sən mərhumun qardaşısan?                                                                                     

 -Bəli, böyük qardaşıyam.                                                                                                                                           

 

  

-Rəhmətlik evliydi?                                                                                                                                                        

 -Bəli, iki oğlu var.                                                                                                                                                        

 

-Rayonda yaşayırdı, yoxsa Bakıda?                                                                                                                              

 

-Yox,rəhmətlik şəhərdə yaşayırdı, uşaqlar isə Şəkidə.                                                                                                    

-Şəhərdə harda yaşayırdı?                                                                                                                                             

 -Yeni Yasamalda, “Naxalstroykalarda”.                                                                                                                         

-Kiminlə qalırdı, ev özününküydü,yoxsa kirayədə qalırdı?                                                                                           

-Xeyr,orda bir xanımla yaşayırdı.

Ev xanıma məxsus idi.                                                                                                

-Xanımın adı və ünvanı barədə məlumatın varmı, evin yerini göstərə bilərsənmi?                                                       

-Bəli.

Mərhumun qardaşı dolmuşdu. Nəsə yenə demək istəyirdi ki, prokuror sözünü kəsdi

-Yaxşı, çıx qəbul otağında bir az gözlə.

Prokuror:

-Rəis, yubanmaq olmaz. Təcili “uşaqları” göndərin həmin xanımı şöbəyə gətirsinlər. Hadisənin izinə demək olar ki, düşmüşük. Bu anda prokuror şikayətçinin geri çağırılmasını xahiş etdi. Görək bunun məhkumluğu olubmu, olubsa hansı cinayətə görə?!  General elə – belə demədi ki, bunu yoxlayın, məhkumluğu var.

Növbətçi şikayətçi ilə içəri daxil oldu.

Prokuror:

-Əyləş. De görüm,heç tutulub eləmisən, yəni həbsdə yatmısanmı?

-Şikayətçi  gözlənilməz sualdan udqundu. Sonra qırıq səslə-bəəəli!

-Nə üstündə,

-Adaaam öl..dürmüşəm.

-Harda?

-Şəkidə.

-Nə ilə öldürmüşdün?

-Silahla, tapançaaa ilə.

Prokuror daha dərinə getməyib sorğu-sualı dayandırdı. Bir an rəisə baxdı. Hər ikisinin baxışlarında bir sevinc varıydı. “Vallah qatil yanımızdadır. Bunu buraxmaq olmaz”. .. Prokuror belə düşünürdü.

Şikayətçi ilə bərabər idarənin əməliyyat işçiləri Yeni Yasamala tapşırığın icrasına yollandılar. Nahardan bir az vaxt ötmüş əməliyyat qrupu həmin xanımla rəisin yanına qalxdılar. Rəis şikayətçini növbətçi  hissədə saxlanılması haqda göstəriş verdi. “Mənim razılığım olmadan onu heç kimlə görüşdürməyin”.                                                       

Növbətçi:                                                                                                                                                                     

 -Rəis, Şəkidən mərhumun atası və anası da gəliblər, qətlə yetirilən övladlarının cəsədini aparmaq istəyirlər.               

 

-Qaldırın yanıma.                                                                                                                                                        Xanımla söhbətə prokuror başladı.                                                                                                                               

Rəis şikayətçiləri qadını görməsinlər, deyə onları başqa otaqda qəbul etdi və həkim müayinəsindən sonra meyiti aparmağa icazə veriləcəyini nəzərlərinə çatdırdı. Aralarında bəzi məqamlar, mərhum oğlunun Bakıda hansı ünvanda qalması, ailəsi ilə niyə bir yerdə yaşamaması və bu barədə valideyinlərin xəbəri olub-olmaması və.s. barədə söhbətlər də aparıldı. Sual-cavablar nəticəsində rəisə çox şey məlum oldu…

Xanımla uzun söhbətdən sonra məlum oldu ki, hadisənin baş verdiyi  gecədə mərhum  Həmdullah Yeni Yasamalıda  N.Tusi döngəsində yaşayan  Zərifənin  evində qardaşı İbadullah və həmyerliləri Ömərlə bir yerdə olublar. Gecə təxminən  23:30-da evi  Həmdullahın qara rəngli “Volqa”sı ilə birlikdə tərk ediblər. Sonrasından heç bir məlumatım yoxdur.  “Adətən yanımda gecəliyirdi, həmişəki kimi…  Amma nədənsə bu gecə qalmadı. Niyəsini də soruşa bilmədim, qardaşı yanında idi” – Bunları Zərifə rəisə və prokurora  söyləyirdi.

Xanıma da başqa otaqda bir az gözləməyi məsləhət gördülər.

Bu an prokuror:                                                           

-Xanım, mərhumun qardaşının sənə münasibəti necə idi?                                                                                         

 -Hiss edirdim ki, məni qardaşı arvadı kimi qəbul etmir. Bir neçə dəfə Həmdullah ilə onun maşınında Şəkiyə də getmişik.Valideyinləri və onun ailəsi mənə həqarətlə baxırdılar. Bütün bunlara baxmayaraq məhrum yay aylarında məni Şəkiyə getməyə məcbur edirdi.  Açığı, mən də belə münasibətdən əzab çəkirdim,özümü ona  “ömür-gün” yoldaşı hesab edib tələbinə qarşı çıxa bilmirdim. Biz bir-birimizi çox sevirdik. O, çox qısqanc idı…

  Prokuror fikrə getdi. Zərifə xanıma bir sual da verdi:                                                                                                

 -Hər dəfə Şəkiyə gedəndə neçə gün orada qalırdın?

Bir evdə yaşayırdınız, yoxsa ayrı?                                               

-Xeyr bir evdə, yəni valideyinlərinin və ailəsinin qaldığı evdə 10-15 gün  qalırdım. Biz ayrıca otaqda qalırdıq,evin birinci mərtəbəsində.

   -Bəs, sizin bu hərəkətləriniz ailəsini qıcıqlandırmırdı? Niyə siz,milli-mənəvi dəyərlərə,əxlaqa və mənəviyyata zidd addım atırdınız? Bəs sizin valideynləriniz, qardaşınız,bu eybəcərliyə necə baxırdılar? Ümumiyyətlə sizi heç qınayan olurdumu? Prokurorun sualları çoxaldıqca Zərifənin  hərərkətlərindən hiddətlənməyə başlayırdı. Bax görürsünüz, sizin qəbuledilməz davranışlarınızın nəticəsi nəyə gətirib çıxartdı? Ailə iki çocuqla sahibsiz qaldı. Valideyinlər oğul dağı ilə imtahana çəkildi. Hadisənin baş verməsində hardasa özünüzü günahkar hiss edirsinizmi? Prokuror artıq qənaətində ümidli idi. Hadisənin nədən, hansı motivdən baş verməsinə varmışdı. Zənni onu aldatmırdı.Ona görə də,Zərifənin günahı olub-olmamasını onun özündən  eşitmək istəyirdi. Zərifə isə susmuşdu, gözlərindəki yaş gilələri pudralanmış yanağında donub qalmışdı. Hönkürtü ilə  prokurora – Mənim günahım var,çoxdu…-dedi.

     Prokuror verdiyi sualların cavabını gözləmədən sonuncu sualına cavab verməyi xahiş etdi.

-Zərifə xanım, kimdən şübhələnmək olar?

-Mənim üçün çətindi  bu suala cavab vermək. Amma sonuncu gecə bizdə olarkən iki qardaş çox mübahisə etdilər və bir yerdə evdən çıxdılar. Nə deyim?!…

Axşam saat təxminən 23 radələrində növbətçi rəisin  yanına gəlib mərhumun qardaşının rəislə görüşməsini israrla tələb etdiyi barədə məlumat verdi.

Prokuror:

-Tələsmə. Əvvəlcə cəzaçəkmə müəssisəsindən verilən şəxsi işi ilə tanış olaq, sonra onu bir yerdə qəbul edərik.

-Ağıllı fikirdir. Rəis masanın üstündəki məhkumun 0815201 saylı işini açdı. İlk səhifələrdə  məhkum olunmuş Həmdullahın “Makarov”markalı tapança ilə həmyerlisini qətlə yetirməsi barədə məlumatı oxuduqda həyəcanını saxlaya bilmədi: Aman Allah, yoldaş prokuror, qatil qardaşıdır. Düz gəlmişik. Bu adam 15 il öncə eyni hərəkət və üsulla, makar tipli tapança ilə həmyerlisini qətlə yetirib. Bu, ikinci, eyni şəxs tərəfindən  eyni maddə və eyni xətt ilə törədilən xüsusilə ağır hadisədir. Bu şəxs,islah olunmayıb, Residivdir ,əvvəlki cinayətə görə məhkumluğu da üzərindən götürülməyib

Prokuror:

-Yenə tələsirsən. Dediyinlə razıyam. İndi baxaq görək Həmdullah nəyə görə qardaşını qanına qəltan edib?!

Rəis:

-Yəqin ki, Zərifəyə görə. Hər halda kənd yerində ailəsi və iki uşağı ola-ola, hamıya – ata və anasına müstəsna hörmətsizliklə davam  edən hərəkətləri,başqa xanımla,bir damın altında,heç kimin razılığı olmadan yaşaması yaxın ətrafının da səbr kasasını daşdırıb … qisasa gedən yol qısalıb…

Prokuror:

-Nə isə.Məsələ aydındır.Başqa bir versiya yoxdur,əlavə versiyanı düşünmək belə hər ikimizin ,hətta əməliyyat-istintaq qrupunun təcrübəsizliyinə dəlalət edəcək.Hazırki vəziyyət,yəni bizim son versiyadan kənara çəkilməyimiz riyaziyyatçının  vurma cədvəlini bilməməsi  kimi dəyərləndiriləcək,belə təsəvvür yaradacaq. O, alçağı gətirsinlər.

Rəis göstərişini verdi. Bir neçə dəqiqədən sonra Həmdullah növbətçi ilə içəri daxil oldu.

Rəis qayğı ilə;

-Həmdullah,əyləş.  Mənimlə görüşmək istəmisən. Nə sözün var?Buyur eşidirik.

Həmdullah başını aşağı saldı, danışa bilmirdi. Sonra prokurora baxdı :

-Rəis, olar ikimiz söhbət edək?

-Axı, prokuror bizə  mane olmur. Bəlkə sözünə davam edəsən?

Bir anın içində Həmdullah pəncərərnin açıq layından həyətə atıldı.Xoşbəxtlikdən qaçmağa macal tapmadı,əməkdaşlar onu yaxalaya bildilər.Əllərini qandallayıb rəisin otağına apardılar.Xəsarəti  yüngül idi…

Prokuror:

-Rəis,qardaşın özünə qəsd etməyə cəhdi,ağır əməlinin təsdiqidir,təbrik edirəm.Xüsusilə ağır cinayətin üstü isti izlərlə açıldı. Mən getdim. Söhbətinizi edin. Saat artıq 01:30-dur. Sabah görüşənədək..

Rəis Həmdullaha:

-Bu,nə uşaqlıqdı edirsən? Səni kobudlamadıq,xətrinə dəymədik,başqa cür də davranmadıq,bu nə işdir edirsən? Dedin görüşmək istəyirsən xahişini yerinə yetirdik. Sonra da özünü dəliliyə qoyursan, nə bilim manyaklıq edirsən. Yaramaz,əyləş!

-Rəis, qurbanın olum. Biabırçılıqdan qurtulmaq istəyirəm.

-Niyə, nə olub axı? Hansı biabırçılıqdan? Daha ikimiz yox,işçilərimin yanında hər şeyi danışmalı olacaqsan. Çünki, etibarı itirdin.

-Rəis, bir xahişim var. Əllərim qoy elə  bağlı qalsın, amma yanınızda oturub söhbət edək. Bunlar getsin də, nə olar? Bir də, rəis, “50 qram” olar, ürəyim partlayır. Qurbanın olum, rəis! Nə olar “50 qram”…

-Axmaq-axmaq danışma. Bura sənin üçün yol üstü yeməkxanadı, yoxsa özünü Şəkidə hiss edirsən?  Rəis Həmdullahın könlünü almaq üçün qonaqpərvərlik göstərib dedi:Sənə yaxşı,armudu stəkanda konfetlə çay verəcəyəm.Həmdullah daha dillənmədi, başını aşağı salıb ağlamağa başladı.

Rəis əlini birbaşa əlaqə telefonuna uzadıb düyməni basdı.

-Bəli rəis.

-Bir stəkan su,ya da deyin otağıma çay gətirsinlər.

-Oldu.

Rəis cinayət-axtarış şöbəsinin rəisi ilə danışırdı. Həmişə zarafatyana ona irad tutardı:

-Ay  zalım,  çay çox içirsən. Təzyiqin qalxar.Yazıqsan, iki uşağın var.

-Rəis,gün əqzində iki çaynukdən çox içmirəm. İşimiz gedəndə içirəm,başqa vaxt içmirəm ki…

Rəis Həmdullaha:

-Əyləş.

Əməkdaşlarına isə “kabineti tərk edin” komandasını verdi. İşçilər: Rəis axı, indicə qaçmağa cəhd etmişdi, bunu necə tək buraxaq? Bu dəfə rəisin baxışları “çıxın” işarəsini verdi.

Rəis çayı süzüb armudu stəkanı konfetlə dolu qabla  Həmdullahın qabağına qoydu.

-İç. Sonra, bir stəkan da süzüb öz qabağına qoydu. “Qoy inciməsin, ürəkli olsun. İşimizin xətrinə” düşüncəsilə əlindəki qaynar stəkanı nəlbəkiyə qoydu.

-Həmdullah, çayinı iç və danış görək, nə söyləyəcəksən?

Həmdullah isə armudu stəkandakı çayın istisinə məhəl qoymayıb hörültü ilə içməyə başladı. Rəisin içmədiyini gördükdə duruxdu….

Rəis Həmdullahın baxışlarındakı sualı duydu:

-Həmdullah,kabinetimdə hər adama mən çay vermirəm,ha?! İç. Əgər bir çaynik çayla səni ovundura və dərdini bir qədər azalda bildimsə, şükür.

 Bundan sonra Həmdullah tam sərbəst özünü hiss etdi və birdən yenə hönkür –hönkür ağlamağa başladı.

-Rəis, Allah mənim günahımdan keçsin. Eşitmişəm, siz Allah adamısız. Allah məni görən əfv edərmi? Qardaşımın qatili mənəm. Başqa yerdə axtarmayın.

Həmdullah ağlaya-ağlaya  əlini isti çaya uzadıb birin də içdi. Sonra ufuldamağa başladı. Of,of,ay Allah, öldür məni, öldür! Mən niyə belə etdim?

Rəis:Həmdullah, necə yəni, qardaş da qardaşı öldürərmi?”

“Bu dərəcədə düşünməzdim! İstədi Həmdullahı tənbeh etsin, sonra fikrindən daşındı… Cəhənnəm olsun. Öldürüb,indi də cəzasını çəkəcək” – deyə düşündü.

-Özünü bir ələ al.Necə yəni sən öldürdün.Niyə,səni buna vadar edən nəydi ?Həmdullah dərindən köks ötürüb sanki rahatlandı və başını aşağı dikib danışmağa başladı.

-Rəhmətlik bizim başımızı yerə soxmuşdu. Əxlaqsızın birini evimizə gətirirdi, nə atamdan, nə anamdan, nə də uşağından utanıb çəkinmirdi. Abır-həyamızı, kənddə olan-qalan hörmətimizi yerə vurmuşdu , aşağıladı bizi. Kənddə hamı ondan danışırdı. Əvvəlcə atam ona irad tutdu. Qəbul etmədi. Sonra mən ona dəfələrlə  “etmə-oğraşlığa getmə” – dedim, qulaq asmadı. Bu azmış kimi,bir neçə il yay vaxtlarında  yenə onunla kəndə gələrdi.

  Ötən gecə də mən rayondan gəldim ki, onunla “haqq-hesab” çürüdəm. Axşam bir yerdə olduq. Saat təxminən 11:30-da dedim ki, məni apar Binəqədiyə.

  Bir yerdə durduq.Yolda ona, “bu hərəkətlərinə son qoy, bizi urvatsız etmə”,- dedim. Cavab verdi ki, mənim işimə qarışma. Başqa yolum qalmadı. Sağ böyrümdə kəmərimə taxdığım makarı gicgahına dirədim…

-Həmdullah başını aşağı dikmişdi. Danışdıqca həyacanına da son qoyulur,toxtayırdı… Dərindən nəfəs alıb ah çəkdi.

Rəis:

-Bəs makarı neylədin?

-Maşının yanındakı mazutlu gölməçəyə atdım.

-Ah çəkmək və sonrakı peşimançılıq da,artıq fayda verməz.Qardaşınla çox sərt davranmısan.

-Yox rəis. Mən əvvəlcə xanımı öldürmək istədim. Sonra düşündüm ki, qadının nə günahı? Günah mənim əbləh qardaşımdadır. Və qərarımda qəti idim. Peşiman deyiləm. Atam-anam, ailəsi, kəndimiz də biabırçılıqdan qurtuldu…

Rəis növbətçiyə:

-Qalxın yanıma.

-Həmdullaha yaxşı baxın, siqaretini, yeməyinı verin. Kişi kimi hər şeyi etiraf edib mənə danışdı.

Rəis bunları Həmdullahı ovundurmaq üçün dedi. Hə, az qala unutmuşdum, Həmdullah. Gəl indi də söylədiklərini  kağıza köçürək. Mənə danışdıqlarını öz əlinlə yaz, vəssalam.

-Rəis, bəlkə siz yazasız.

Yox, sən yazsan daha inandırıcı olar.Sən bu qaydaları yaxşı bilirsən,zarafat deyil 15 il cəzanı da çəkmisən,təcrübəlisən. Bunun sabahı var. Birdən atan deyər ki, balamın dilindən yazıblar. O belə şey etməz və s. Anladınmı?

Həmdullah razılaşdı.

-Amma rəis, “şarikovoy” ruçka verin. Çernillə yaza bilmərəm.

-Baş üstə, Həmdullah. Sən yazdıqca mən sənə kömək edərəm, narahat olma.

Həmdullah:

-Allah razı olsun, rəis. Siz çox yaxşı adamsız. Ha indi sözünüzdən na təhər çıxaram ki,? Həmdullah bunu zarafatla dedi.

Rəis, Həmdullaha gülümsəyərək:

-Deyəsən indi özünü yaxşı hiss edirsən. Yubanma, başla görək saat artıq 3-ü vurur, mən də istirahət etmək istəyirəm. Gülə-gülə: – Bir neçə gündür ki, sənin kimi əclafların ucbatından istirahət edə bilmirəm.

-Oldu rəis, oldu. Ha indi nə dersən yazım da…

                                                                                                          

 -Hadisəni mənə danışdığın kimi yaz. Bildin?                                                                                                             

-Bildim, rəis, bildim…                                                                                                                                                 

 Rəis prokurorla danışmaq qərarına gəldi.                                                                                                                   

 -Yoldaş prokuror, bu ağır cinayətin izinə düşdük. Qatil dopdoğmaca qardaşı imiş.

Xəttin o başında prokuror susmuşdu. Rəis düşünürdü ki, prokuror yəqin hələ yuxudan tam oyanmayıb. Yaxud da mənim dediklərimi o qədər də inandırıcı sanmadı. Bu dəm, prokuror:

-Sənə dedimmi, generalın tapşırığına ciddi yanaş! Həyatda hər şey ola bilər. İndi işi aparan müstəntiqi təcili göndərəcəyəm ki, isti-isti ifadəsini alsın. Bir də, sübh tezdən bir ”pojarnı” maşını ilə hadisə yerinə getmək lazımdır. Gölməçəni qurutsun. Görək makarı ora tullayıbmı? Əgər maddi sübut tapılmasa işin məhkəmə perspektivi çətin olacaq, rəis! Çox aldanmaq olmaz. Müqəssir yalan da danışa bilər ha?!  Diqqətli olun. İndi Adil – baş müstəntiq gələcək.

-Sizinlə razıyam, yoldaş prokuror. Sağ olun. Sabah, İnşəallah işimizi davam etdirəcəyik.

Rəis də tapşırıqlarını verib evə yollandı…

                                            Qatili intihara aparan yol...

                                                        IV hissə

 

Sübh çağı idi.Saat təxminən 05:30 radələrində rəisin ev telefonuna zəng gəldi. Çox güman ki, növbətçi hissədəndir - düşüncəsi ilə rəis dəstəyi qaldırdı.

-Rəis, çox üzr istəyirəm ki, bu vaxt sizi narahat edirəm.

-Nə olub yenə, sözünü de.

-Rəis Həmdullah özünü asıb.

-Gic-gic danışma. Nə təhər asıb, harda asıb, ay ...?

-Yox ey rəis, səhərə yaxın ayaqyoluna  getmək üçün icazə istədi. Biz də izn verdik.

-Hara buraxdız?

-Müvəqqəti saxlama təcridxanasının ayaq yoluna.Bir neçə dəqiqədən sonra qapını döydük,ondan səs gəlmədi. Qapını açıb grödük ki, çuqun kanalizasiya  xəttindən şalvarını ilgək edib keçirdib boğazına ,asılı vəziyyətdə qalıb.

-Daş sənin başına,ay Feyruz, daş!

-Bəs müstəntiq gəlib heç olmasa ifadəsini aldımı, dindirdimi onu? Xeyir, Rəis. Dedi ki, tezdən  gələrəm.

-Allah sizə qənim olsun. Bütün işlərimizi, zəhmətimizi puç etdiniz. Nə yaxşı ki, mən onun 6 səhifədən ibarət izahatını öz dəsti-xətti ilə almışdım. Yoxsa biabır olardıq.

Rəis yenidən prokurorun evinə zəng etdi:

-Yoldaş prokuror, ölüm-ölümün dalınca gəlir.

-Yenə hadisə var?

-Qardaş qatili təcridxananın sanitar qovşağında şalvarını ilgək edib boğazına keçirdərək ayaq yolunun tavanından keçən kanalizasiya borusundan asıb.

-Vayyy,vay,vayyy! Bəs onu niyə nəzarətsiz buraxıblar? Bəs müstəntiq harda olub,heç olmasa onun ifadəsini ala bilibmı?

-Xeyr! Yılmaz müəllim! Adil deyib ki, tezdən gəlib dindirərəm.

-Amma, mən onun öz əli ilə yazdığı 6 səhifəlik izahatını almışdım.

-Yaxşı gəlirəm.

Hadisə yerinin müayinəsi prokurorun,rəisin, ekspertin, məhkəmə-tibbi ekspert-  həkiminin və kriminalistin iştirakı ilə aparıldı. Baş müstəntiq Adil Qədirov protokolu tərtib etdikcə prokurorun iradını ürək ağrısı ilə qəbul edirdi.

-Adil bu boyda səhlənkarlıq ola bilməz. Gördün, bizə necə baha başa gəldi ? Qatil olsa da, prosesual sənədlər hələ ki, bunu sübut etməkdə acizdir. Mazut gölündən silah da tapılmasa deməli, bir Həmdullah - əvvəllər ağır cinayətə görə məhkum olunmuş, dərisi bir qara qəpiyə dəyməyən bir nanəcib sənin kimi savadlı, peşəkar müstəntiqi və bizi doladı. Başa düşürsən bu nə deməkdir?

         Adil dillənmirdi. Qəhərlənmişdi. Böyük əziyyətlə,yuxusuz keçirilən narahat gecələr hesabına əldə olunan sevinc acı təəssüfə çevrilmişdi.

Prokuror:

-Rəis, hadisə yerindəki, gölməçənin qurudulması üçün iş gedirmi?

-Bəli. Cinayət axtarış şöbəsinin rəisi,  əməliyyat üzrə müavinim, sizin müavininiz və idarənin ekspert-kriminalisti Vaqif oradadırlar. İcazə versəniz bir neçə dəqiqədən sonra mən də gedərdim.

-Bir yerdə gedərik.

Birdən: idarə düzlən, farağat!-komandası verildi. Rəis bayıra çıxdı. Nazir artıq idarədə idi.

Nazir:

-Rəis məruzə edin, nə baş verir? Rəis farağat dayanaraq sutka ərzində baş verən olaylardan başlamaq istəyirdi ki, Nazir sözünü kəsdi:

-Yox,bu hadisəni məruzə edin.

Rəis təfərrüatı ilə məruzə etdi. Və prokurorun da burda olmasını söyləyəndə

-Hanı prokuror?

-İçəridə, yoldaş general!

-Doğrusu sizin kimi peşəkar, nizam-intizamlı şəxsdən və təcrübəli rayon prokurorun nəzarət etdiyi bir yerdən belə bir təəssüf doğuran hadisənin olması bağışlanılası deyil. İnanmaq istəməzdim.Amma,nə edəsən,fakt faktlığında qalır.Ciddi araşdırma aparın, daxili təhqiqat obyektiv keçirilsin,görək harda səhlənkarlıq,naşılıq və seyrçi mövqe sərgilənib. Hər kəs öz cəzasını almalıdır. Heç olmasa qatil əməlini etiraf edibmi, dindirilibmi?

-Bəli, yoldaş general! Mən, şəxsən öz əli ilə yazdığı 6 səhifəlik izahatını almışam. Hər şeyi etiraf edib.

-Bəs,müstəntiq?

-Müstəntiq gələnə qədər artıq hadisə baş vermişdi.

-Yaxşı ki, sən izahatını almısan.Yoxsa, divara dirənərdik.

-Yaxşı,sizcə niyə intihara əl atıb?

-Yoldaş general?! Rüsvayçılıqdan qurtulmaq,valideyinlərinin üzünə necə baxacağını düşünərək bu addımı atıb. Çünki izahatını ağlaya-ağlaya yazırdı.“Necə uşaqlarının, yoldaşının üzünə baxacağını” tez-tez söyləyirdi. Digər tərəfdən, mərhum  Şəkidən gələn valideyinləri ilə bir neçə gün idi ki, burada idilər. Hər dəfə də yanımızda olurdular. Bizimlə yuxarı tonda danışardı: -  “atam-anam tələb edir, niyə qatili tapmırsız”-deyirdi. Nəhayət məlum oldu ki, qatil özüdür...

 Növbətçi hissənin əməliyyat növbətçisi əlini gicgahına qoyub nazirə sarı iri addımlarla yaxınlaşdı:

-Yoldaş nazir! icazə  verin məruzə edim.

-Buyurun.

-Yoldaş nazir,hadisə yerindəki,mazutlu gölün suyu qurudulub. Hadisənin törədilməsində ehtimal olunan alət,-maddi sübut,əşyayi-dəlil, “Makarov” markalı tapança hal şahidlərinin iştirakı ilə  götürülüb.

Əməliyyat növbətçisi milis mayoru Oruc Novruzov.

-Yaxşı.

Bu yaxşı xəbərdir. Sonra üzünü prokurora tutdu:

-Yoldaş prokuror, xahiş edirəm, hüquqi cəhətdən sənədləşmənin toplanmasına və aparılmasına nəzarət edin.Salamat qalın,-deyib idarəni tərk etdi.

Prokuror rəislə bir qədər məşvərət etdikdən sonra Həmdullahın valideyinləri ilə görüşmək qərarına gəldilər. Mərhumun ata və anası hadisədən xəbərsiz idilər,idarənin qabağında əyləşib Həmdullahı gözləyirdilər. Rəis onları kabinetinə dəvət etdi.

Prokuror mərhumun valideynlərinə əvvəlcə Həmdullahın qardaşı ilə bağlı olan münasibətindən bir az danışmasını xahiş etdi. Ata da, ana da Həmdullahın mərhum qardaşını daha çox qınadığını ,mərhumun hərəkətlərini qəbul edə bilmədiyini prokurora çatdırdı. Prokuror:

-Ona görə də oğlunuzu ,böyük oğlunuz Həmdullah  öldürüb. Elə məhz, onun və sizin sözünüzə baxmadığına görə.

- Necə yəni öldürüb? Yox, bu ola bilməz. Bu dərəcədə əzazil deyildi, Həmdullah. Belə iş tuta bilməzdi.

-Ağsaqqal, niyə tuta bilməzdi. Həmdullah əvvəllər də tapança ilə adam öldürməyə görə tutulmamışdımı?

-Bəli,olub.

-Bax, bu da ikinci hadisə.Həbsxana həyatı ona dərs olmadı. Özü öz xətti ilə hər şeyi yazıb. Oxuya bilirsizinizsə verim izahatını oxuyun.

-Yaxşı olar.

Kişi əlləri əsə-əsə eynəyini gözlərinə taxıb prokurorun verdiyi 6 səhifəlik izahatını axıra kimi oxudu.

-Bu arada əməliyyat növbətçisi Oruc Novruzov  yenə içəri daxil oldu:

-Rəis icazə verin məruzə edim.

-De görüm də. Qoymazsız beş dəqiqə söhbət edək. Hə nə olub yenə?

-Heç, rəis, salamatlıqdır və gülümsəyərək əlindəki kiçik kağız parçasını rəisə uzatdı. Mərhumun cibindən çıxdı. Rəis baxdı... Sonra ucadan oxudu. Prokurora xitabən:

-Həmdullah görünür ayaq yoluna getməzdən əvvəl bunu yazıb.

“Özümü asmağımda heç kimi qınamayın. Özüm bu yolu seçdim. Atamın,anamın üzünə  xəcalətimdən baxa bilməzdim.Məhkəməni gözləməyə səbrim çatmazdı. Ürəyim partlardı.Heyif qardaş qatili kimi yadda qaldım. Çox təəssüf edirəm.Yəqin ki,o dünyada qardaşımla görüşərəm”. Ayın tarixini də,qoymuşdu.

”Təcrübəli məhkumdur”,-rəis düşündü və Həmdullahın əli ilə yazdığı qeydini atasına uzatdı. O, da təkrar oxudu. Göz yaşları qırışlaşmış üzündəki saqqalını isladırdı... “Bunu da  Həmdullah yazıb, inandım. O, qardaş qatili olmağını boynuna alıb. Xəcalətdən qurtuldu. Mən sonsuz qaldım” - deyib üzünü prokurora tutdu:

-Sizdən razıyam. Bircə xahişim var:

-Həmdullah ilə gəlmişdim ki, qardaşının meyitini aparaq. İndi iki oğulun meyitini anası ilə aparmalı olacağam. Bilmirəm,Allah dəfnə qədər bizə səbr əta edəcəkmi? Sizdən kömək umuram...

Ata belini dikəldib ayağa qalxmaq istədi. Müvazinətini saxlaya bilməyib yıxıldı. Prokuror tez əlindən tutub dayaq olmaq istəsə də,yetirmədi.Xalçalı döşəmədə üzü üstə, hərəkətsiz qalmış atanı qaldırmaq mümkün olmadı.Prokuror əlindən tutub nəbzini yoxladı, qırıq-qırıq idi nəbzi.

-Tez həkim çağırın!

...Həkim gəlib atanın ürək döyüntüsünü ölçdü.

 Rəisə baxıb köks ötürdü,gecdir,nəbzi vurmur,keçinib. Rəis fikrə daldı... “Doğrudan da ölüm gözlə qaş arasında olurmuş. Bir həftə ərzində dramatik günlər, narahat gecələr  yaşadıq.Qısa müddət ərzində qatil ilə,onun valideyinləri ilə sanki doğmalaşmışdıq. Dərdləri özümünküləşmişdi...Həyat belə olur,ancaq hamıya deyil,yalnız qədrini bilənlərə qucaq aşır... Yetər ki,insan olduğunu heç vaxt  unutmayasan!

...Kaş biləydik ki,gecələrin rahatlığı çoxminli polis əməkdaşlarının narahat gecələri hesabına başa gəlir...

                                            SON

                                    Qınamayın məni...

                                           V hissə

Məni qınamayın:“Bəzən polisin ünvanına həqarətlər səslənir. Lakin polisin fəaliyyəti nə qədər şərəfli olsa da,bir o qədər də mürəkkəb xidmət sahəsidir. İbrət üçün bircə dəfə Bakının bir rayon polis şöbəsinin və ya idarəsinin cinayətkarlıqla mübarizənin vəziyyətinə dair yarımillik hesabatına baxmaq kifayətdir ki, polis əməkdaşlarının zəhməti anlaşılsın”...

Şəhərin ritmik həyatı heç kimə məhəl qoymadan davam edirdi.Xiyabanların  lampaları gecənin vicdanı kimi susqun yanırdı.Cinayət işi üzrə toplanmış materiallar bağlanmış,hökm də artıq qanuni qüvvəsini almışdı.Həqiqət isə toplanmış cinayət materiallarının qovluğunu yırtıb insanların iman və vicdanında məskən salmışdı...

Rəis pəncərə önündə durub düşüncülərə qapılmışdı...Ədalət bütün hallarda canlı bir orqanizm kimi yerində olmayanda əzab çəkir,aciz bir duruma  düşəndə alçalır.Onu daima uca tutmalı və qorumalı olan insanlara sanki səslənir:”Məni özəl maraqların yedəyində buraxıb getməyin,zəfərimə imkan yaradın,dayaq olun ki,Aləmlərin Rəbbi də qiyamət günündə sizlərə dayaq olsun!Mən olmasam,cəmiyyət də,dövlət də yazıq gündə olacaq...”

Rəis pəncərəyə söykənib  Hz.Haqqın hüzurunda hələ də xəyalların ağuşunda,sanki geniş bir auditoriya qarşısında mühazirə oxuyur,ictimaiyyətə hesabat verirdi:”Cinayət qanunvericiliyi cəza təhdidi altında təkcə ictimai münasibətlərə zidd olan əməlləri qadağan etmir,bir az da obrazlı ifadə etsəm hər birimiz üçün mənəvi bir sipərdir.Əgər o sipər,sədd zəifləsə cəmiyyətin hər bir üzvü zərər görər,xəsarətlərə məruz qalar.Polis,gərək heç vaxt,bir an belə, sərtliyini əldən verməsin,rezin “çomaq”  həmişə ətraf üçün “dur” deməyi bacarsın.Mərhəmətin dozası da gərək qəlibdən çıxmasın.Mərhəmət nəzarətsiz qalanda haqsızlığa açılacaq dəhlizin meydanı genişlənə bilər.Bu isə çox təhlükəlidir...Bəzən ədalət də aciz görünə və gecikə bilər,amma onun gecikməsi o demək deyil ki,dövlət təsisatlarının fəaliyyətində hardasa boşluqlar var.Aləmlərin Rəbbi dövlətə hər şeyi görmək və bilmək üçün bəndələrindən fərqli olaraq  geniş imkanlar və səlahiyyətlər bəxş edib....Polisin xidmətində narahat gecələr saysız və uzun olur.Belə gecələri bəzən yanan işıqlar gündüzə çevirə bilsə də,xidmət asan olmur.Ədalətsizliyə meyilli Adəm övladları mürgüləməsin,-deyə narahat gecələrin xidməti cəmiyyət və dövlətçilik üçün çox önəm kəsb edir...

Haqsıqlıqla mübarizədə polisə dəstək verməyənlər ,elə haqsızın tərəfində durmuş kimidir,-desəm qınamayın məni... 

 

 

Şəmsəddin Əliyev ,Hüquqşünas-publisist,AYB-nin üzvü

2026-cı il