Sabir Yusifoğlunun xatirə gecəsi keçirilib - FOTOLAR

MƏDƏNİYYƏT 10:29 / 12.02.2024 Baxış sayı: 2658

Ağ kağıza yazmadı
qələm 
şeirlərimi.
Canımı dost- düşmənə 
bölən şeirlərimi...

Sabir Allahla adaş idi.Allahla adaş olanlar onunla bağrıbadaş olurlar.Onların taleyində ya  bir natamamlıq
olur,ya da peyğəmbər yaşında dünyanı tərk edirlər.Amma adları  kimi aydın, alnıaçıq, mərdi- mərdanə  bir ömür yaşayırlar Allahla adaş olanlar...

Sabir şeirlərinə çox bənzəyirdi.Oxuduqca dərinlərə baş vurmalı olurdun...

Sumqayıtdakı   Poeziya evində AYB Sumqayıt bölməsi və Ə.Kərim adına Poeziya klubunun birgə təşkilatçılığı ilə çağdaş Azərbaycan ədəbiyyatında öz sözü və yeri olan Sabir Yusifoğlunun yaradıcılığına həsr olunmuş xatirə gecəsi keçirildi.

Öncə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canından keçən vətən oğullarının xatirəsi  yad edildi və Azərbaycan Respublikasının himni səsləndirildi.Şairin ömür yolunu əks etdirən video- çarx nümayiş etdirildi.

AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin  Sabir Yusifoğlunun şeiri ilə tədbir iştirakçılarını salamladı.AYB - nin Poeziya seksiyasının rəhbəri,Poeziya evinin direktoru İbrahim İlyaslı Sabir Yusifoğlunun həyat və yaradıcılığı haqqında qonaqlara geniş məlumat verdi.

Söz AYB - nin Ədəbiyyat Fondunun rəhbəri ,tanınmış yazıçı Varis Yolçuyevə verildi.Varis Yolçuyev Sabir Yusifoğlunun poetik nümunələrindən misal çəkərək,onunla bağlı xatirələrindən danışdı.

Şumqayıtlı qələm adamları  Rafiq Yusifoğlu,Zirəddin Qafarlı,Süleyman Hüseynov,Hümbət Quliyev,Sübhan Quliyev,Hafiz Ataxanlı,Lilpar Cəmşidqızı,Elvin Əlizadə Sabir Yusifoğlu şəxsiyyətinin böyüklüyündən bəhs  etdilər.

Vaxtilə " Dəniz" ədəbi birliyinin yığıncaqlarında  Sabir Yusifoğlu ilə bir yerdə olan ,bu gün imzaları respublika səviyyəsində  tanınan- Məryəm Aslanqızı,Asif Asiman,Mövlam Hüseynli,Füzuli Sabiroğlu,Xan Rəsuloğlu,Xəqani Abbasəli Öztürk,Müqəddəs Şahbazov,Almaz Ərgünəş Bəyazid, aşıq İman Ağayev  Sabir Yusifoğlunun insani keyfiyyətlərindən və  yaradıcılıq məziyyətlərindən   söz etdilər.
Sumqayıt Dram Teatrının aktyoru İzaməddin Bağırov şairin şeirlərindən nümunələr səsləndirdi.

22 saylı məktəbin şagirdi Fatimə Məmmədli və nəvəsi Ləman Sabir Yusifoğlunun şeirlərini əzbərdən söylədilər.

Sonda Sabir Yusifoğlunun  övladı qazi şair Emin Piri öz adından və ailə üzvləri adından tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.

Aşıq Anar Laçınlının  səsləndirdiyi saz havası isə məclisə başqa bir ovqat bəxş etdi.