Qəşəm İsabəyli  - BALACA PULUN BAŞAĞRISI

YAZARLAR 09:40 / 20.08.2026 Baxış sayı: 619

 

(miniatür)

Pul da bel kimi, balta kimi bir şeydi. Nə qədər çox işlənsə, yəni cibdən-cibə girsə, o qədər də damarlarına isti qan yeriyər. Pul ona can verənə “can” deyir. Məni niyə istəsin ki?! Əlimə düşən kimi can qurtarmaq istəyirəm ondan. Ya xərcləyirəm, ya da aparıb tapşırıram yad əllərə – bir sözlə banka qoyuram.

O günü SOCAR istiqrazının dividendini almağa getmişdim. Çox deyildi, pula məhəbbətim qədər ola-olmazdı – cəmi 540 dollar. Əməliyyatçı xanım qəribə bir sual verdi mənə:

–Hamısını götürəcəksiniz?

Düzü, mat qaldım. Birdən fikirləşdim, bəlkə alacağım 540 yox, 5400-dü?!

Yalançı Allahın düşmənidi, düzü bərk sevincək oldum:

–Necə hamısını?! Nə qədərdi ki, alacağım?

–540 dollar.

–Bu qədər yoxdu məgər bankda?

–Bir nəfərin 50 min alacağı var, qoy xəzinəçidən soruşum, görüm nə deyir. – Zəng elədi... – Bir az gözləyin, 10-15 dəqiqəyə fasilədən qayıdacaq.

Başımı əyib, gözümü dikdim əlimdəki kitaba. Çox keçmədi...

–Allo... – əməliyyatçının səsinə diksindim. – 540 dol¬lar var xəzinədə? – Eşitdiyi cavaba dodağını büzdü. – Bəs nə vaxt olacaq? Sabah?! – xanım üzümə baxdı.

–Niyə sabah? – Qaşlarımı çatdım.

–50 minin başı yarımçıqdı. 540 dolları sizə versək, o müştərimizin işi sabaha qalmalı olacaq. Bu da bizim operativlik imicimizə 500 minlik ziyan deməkdi. Sizin alacağınız isə cəmi 540 dollardı. Bunun da bizə elə bir isti-soyuqluğu olmaz.

Mən əlimi ağ saçlarıma apardım.

–Müəllim, sizi yaxşı başa düşürəm. Amma pul insanların saç-saqqalına baxmır.

–Baxsaydı yaxşı olardı!

–Metroya minəndə, ağ saçlarınıza görüb, durub yer verən olurmu sizə?

Ayağa qalxdım:

–Salamat olun, sabah gələrəm...

18-19.08.2026