Ay Bəniz Əliyar - Dünya fırlansa da öz yerindədir
Dünya fırlansa da öz yerindədir,
Dağ öz yerindədir, çay öz yerində.
Gecə də, gündüz də yer dəyişməyib,
Göy öz yerindədir, Ay öz yerində.
Yenə həminkidir adət- ənənə,
Kim kimi saymırsa saymır, kimə nə?
Az-çox dəyişiklik olsa da, yenə
Yas öz yerindədir, toy öz yerində.
Nə olsun, təzəcə qırxı keçmişəm,
Haqlını nahaqdan təzə seçmişəm.
Bir "ömür" qılıflı zəmi biçmişəm,
Pay öz yerindədir, zay öz yerində.
Kim məmnun qalıb ki, haqlı yarğıdan?
Çoxu öz içində susub qorxudan.
Bülbül olmayacaq qara qarğadan,
Kök öz yerindədir, soy öz yerində.
İndi də özümü naza çəkmişəm,
Bilirəm, sənə də çox gecikmişəm.
Hissimi bələyib, güclə bükmüşəm,
Toxunma, qalıbdı qoy öz yerində