Nizaməddin Şəmsizadə, Əməkdar elm xadimi, professor : - Nəzəriyyəçi ədəbiyyatşünas – bütöv şəxsiyyət

Maraqli 09:15 / 04.10.2022 Baxış sayı: 1957

 

 

Bədii ədəbiyyatı sevmək, ədəbiyyatla məşğul olmaq, millətin bədii sərvətləri ilə ünsiyyət insanı şəxsiyyət kimi ucaldır. Belə adamlar nadir şəxsiyyətlər – xalqın, millətin və dövlətin milli sərvətidir. Onlar təkcə ədəbiyyatşünas alim, tənqidçi və ziyalı deyil, həm də yaşadıqları cəmiyyətdə, ərkanında bulunduqları camedə və sonra isə tarixdə yer tutub epoxa olurlar. İstedadlı adam bir az da sadəlövh olur, hamıya inanır, inamsızlığı təhqir hesab edir, ləyaqətinin yüksək olmağı, şəxsiyyətini  qorumaq istəməli ucbatından həmişə arxada dayanır, müasirləri tərəfindən qiymətləndiriləcəkləri məqamı gözləyir. Fəqət, çox zaman bu   məqam baş vermir, bəzən də gecikir.

Öz xalqının dərd-səri, sevinc və arzuları ilə qovuşuqda, onun səviyyəsində yaşayan belə istedadlı, təvazökar, təmənnasız adamlardan biri dənəzəriyyəçi ədəbiyyatşünas – bütöv şəxsiyyət kimi tanınan filologiya elmləri doktoru, professor Şirindil Alışanlıdır.

Şirindil mənim 50 illik dostum, həmkarım, qardaşdan əziz müasirimdir. O dağlar oğludur, düz 70 il bundan əvvəl, lap bu günlərdə 30 illik murdar erməni işğalından azad olunmuş qədim Azərbaycan yurdunda – Laçında doğulub. Bakıda təhsil alıb, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini məndən iki il əvvəl bitirib. Biz «Yada düşəndə ürəyimizin telləri sızlayan» tələbəlik illərinin sirdaşıyıq.

Sonra Şirindil Moskvada görkəmli nəzəriyyəçi-estetik Yuru Borisoviç Borovin rəhbərliyi altında dissertantura   bitirib, namizədlik dissertasiyası müdafiə  etdi. Qeyd edim ki, o, bir ədəbiyyatşünas kimi, dünyada çox güclü Moskva məktəbini təmsil edir.

Məhz bu məktəbin təsiri ilə «Sözün yaddaşı» (2000), «Romantizm: mübahisələr, həqiqətlər» (2020), «Ədəbi-bədii düşüncənin sərhədləri» (2010), «Müasir hümanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı» (2011), «Ədəbt-nəzəri fikrin tarixliyi və müasirliyi (2013) monoqrafiyalarını 200-dən artıq elmi-nəzəri, ədəbi tənqidi, fəlsəfi-publisistik məqalə yazıb.

Qeyd olunan kitabların nəşr tarixi 2000 ildən – XXI əsrin önlərindən başlasa da, onlar XX əsrin 80-ci illərindən üzü bəri gələn nəzəri axtarışların bəhrəsidir. XX əsrin 70-ci illərinin ortalarından – universiteti bitirərkən yazdığı orijinal diplom işindən hesablasaq, Şirindil 50 ilə yaxındır ki, bədii sərvətlərimizin ədəbi-fəlsəfi və tarixi mahiyyətini öyrənməklə məşğuldur.

Elə istedadlı tədqiqatçılar var ki, yalnız öz sahəsini öyrənməklə məşğul olur, bu da təqdirəlayiqdir. Lakin Şirindil çərçivələrdə qalan araşdırıcı deyil, o müəllimi Yaşar Qarayev kimi bizim ədəbi-nəzəri fikrin hüdudlarını genişləndirən alimdir.

Şirindil AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda «XX əsr Azərbaycan ədəbiyyatı» şöbəsinin müdiri  «XX əsr Azərbaycan ədəbiyyatı məsələləri» silsiləsinin ideya rəhbəri və naşiridir. O, öz şöbəsinin fədakar əməkdaşları ilə birlikdə bu silsilədən Məmməd Arif, Səməd Vurğun, Mikayıl Müşfiqə həsr olunmuş cildləri və «Mir Cəlal və müasirləri» kitabını nəşr etdirib.

O, təkcə ədəbi-nəzəri araşdırmalarla kifayətlənməyib, «XX əsr Azərbaycan poeziyası antalogiyası» kitablarının 1920, 1930, 1940, 1950 illəri əhatə edən cildlərini çap etdirib, müasir Azərbaycan oxucularına və elmimizə bəxş edib. Bu nəşrlər onun uğurla rəhbərlik etdiyi şöbənin əməkdaşlarının ağır tədqiqatçılıq əməyi sayəsində başa gəlib. Bu məqamda Şirindili bilavasitə, əməyi sayəsində çap olunan 7 cildlik «Azərbaycan tarixi», hələlik 4 cildli nəşr üzü görmüş fundamental «Azərbaycan ədəbiyyatı tarixi» əsərlərini xüsusi qeyd etməliyik. Bunlar Azərbaycan xalqının - türk millətinin çox qədim və zəngin tarixini, ondan da zəngin ədəbiyyat tarixinin konseptual şəkildə öyrənən unikal əsərləridir.

Şirindil ədəbiyyatımızın beynəlxalq miqyasda öyrənilməsi kimi vacib işə də öz töhfəsini verib. Tək bircəsini qeyd edirəm: «Humanitar elmlərin müasir durumu və Azərbaycanşünaslığın müasir məsələləri» mövzusunda beynəlxalq konfrans!

Şirindil Alışanlı ikicildlik «Fəlsəfə tarixi»nin, ustadı, görkəmli ədəbiyyatşünas və tənqidçi, AMEA-nın müxbir üzvü, professor Yaşar Qarayevin «Əsərləri»nin 5 cildliyini tərtib və çap edib.

Şirindil bir naşir, mətnşünas kimi dəyərli və səmərəli işlər görüb. O «Sabah» Nəşriyyat-Poliqrafiya Mərkəzi yaradıb – 17  il ona uğurla rəhbərlik edib. Üstəgəl, çox nəcib, səmimi bir ailə saxlayıb, bizimlə heç  bir problem yaratmadan dostluq edib. Dostluğu  (özü də 50 il) bacarmaq şəxsiyyətin başlıca göstəricisidir.

Bütün bunlar,  özü də gənc və yaraşıqlı qalmaq bir insan ömrü üçün çox deyilmi?!

Şirindil bu gün 70 yaşında da ucaboylu, şux yerişli, gözəl simalı, qartal baxışlı, bütöv bir şəxsiyyət olaraq yaşayıb-yaradır, müasirlərinin dərin hörməti ilə əhatə olunub.

Biz üçümüz – mən, Rəhim Əliyev və Şirindil unikal «Yaşar Qarayev» məktəbinin yetirmələri və davamçılarıyıq.

İdrakın üfüqlərinin genişləndirmək, milli müəyyənlik, təsvir tənqidindən təhlil tənqidinə – analitik tənqidə transformasiya, ədəbi-nəzəri fikrin hüdudlarını genişləndirmək, fərdi nəzəri üslub yeniliyi, tədqiqat və təhlildə prioritetləri görmək və göstərmək, ədəbiyyat tariximizin mərhələlərini sistemləşdirmək, ədəbi-nəzəri cərəyanların sərhədlərini   təyin etmək Yaşar Qarayev məktəbinin – bizim məktəbin əsas istiqamətləridir…

Lap bugünlərdə Şirindil Alışanlının «Sözün yaşamaq haqqı» (2022) adlı fundamental bir kitabı çap olunub. Bu kitab onun son illərdə yazdıqlarının bir qismidir. Burada müəllif XX əsrin 80-ci illərindən – «Sözün estetik yaddaşı»nda başlanan nəzəriyyəçilik yolunu sədaqətlə davam etdirir. Bu sözə sədaqətdir. Söz onun yol yoldaşı, ən etibarlı müsahibidir. O da mənim kimi – Sözlə söhbət etməyi bacarır, yarım əsrdir ki, türkün sözünü urvatdan düşməyə qoymur. Ləyaqətlə «sözün nazını çəkir» (Füzuli) Sözü qorumaq, onun hüsnünü yeni mənalarla süsləmək qəhrəmanlıqdır. Şirindil Alışanlı belə qəhrəmanlığı  əxz etmişdi qüdrətli alim və şəxsiyyətdir.

Şirindil Alışanlı xeyirxah, ədalətli və cəsarətli – sözü çəkişmədən üzə deyən şəxsiyyət və qeyrətli ziyalıdır. Mən bunu öz taleyimdə hiss etmişəm… Yenidən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun «Ədəbiyyat nəzəriyyəsi» şöbəsinin müdiri seçilməli idim. «Akademik» Teymur Kərimli (o gənclikdə  bizim dostumuz olub) başda olmaqla Elmi Şuranın bütün üzvlərini mənim əleyhimə hazırlayıb, iki cümləsi bir-birinə uyğun gəlməyən bir qadını şöbə müdiri «seçdilər». Beləliklə, öyrədilmiş qaraguruh qalib gəldi (İndi onların əksəriyyəti öz günahlarını apararaq bu dünyadan köçüb). Həmin  məlum gün üç adam  mənim əleyhimə səs vermədi. Qəzənfər Paşayev, Asif Rüstəmli və Şirindil Alışanlı.! Qalanlar – buyruq qulları (təəssüf ki, mən onların çoxu ilə çörək kəsmişəm)  alim adını doğrulda bilmədilər…

Bu qeydlərim giley-güzar deyil, mən şikayətlənməyi sevmirəm, çünki mən dünyaya qalib gəlmək üçün gəlmişəm. Onların sağ qalanları xəcalət hissinin ağırlığı altında hələ də mövcudurlar. Ona görə bu olayı xatırlatdım ki, Şirindilin bu qeyrətli dağlar oğlunun bütöv şəxsiyyət olduğunu nəzərə çatdırım.

O bütün bu nəcib keyfiyyətləri Azərbaycan klassik və müasir bədii ədəbiyyatından əxz edib.

Həyat davam edir, biz yaza-yaza xalqımıza və dövlətimizə öz töhfəmizi veririk. Zəfərlə başa çatmış Vətən müharibəsindən sonra ölkəmizdə yaranmış yeni  tarixi gerçəklik öz problemlərinin və uğurlarını irəli sürərək zamanı tarixin üfüqlərinə doğru aparır. Bu tarixi prosesdə nəzəriyyəçi ədəbiyyatşünas – bütöv şəxsiyyət Şirindil Alışanlının ləyaqətli bir ziyalı olaraq öz yeri   və öz mövqeyi var. O bizim nəslin saf külçəsidir, dəyəri hələ məlum deyil, gələcək onu qiymətləndirəcək.

Əzizim Şirindil! Sənin şərəfli 70 yaşını təbrik edirəm, sənə azad Laçında görüşmək ,yubileyinin inşallah orada qeyd etmək arzusu ilə «hələlik» deyirəm. Bizim çətinliklə də olsa yaşamağa haqqımız var. Çünki biz ömrü bada verməmişik, namusla işləmişik, xalqa ləyaqət və istedadla xidmət etmişik, heç kəsə xəyanət etməmişik.

Allahımız, millətimiz və dövlətimizin yanında üzümüz qara deyil, əziz qardaşım!