Namiq  Dəlidağlı - Ay Ustad

Ədəbiyyat 12:15 / 29.05.2026 Baxış sayı: 357

Dəyərli dostlarım Müşfiq Zülfüqar və Taleh Laçınla cənnət yurdumuza üz tutduq. Uzun illərin həsrətindən sonra o torpaqların havasını udmaq, daşına, qayasına toxunmaq başqa aləm idi.Vaxtın darlığından hələlik doğma yerlərimizin yalnız bir qismini ziyarət edə bildik. O müqəddəs torpaqlardan çəkdiyim şəkilləri sosial şəbəkədə paylaşdım.

Şəkillərin altında ustad şairimiz Əşrəf Veysəllinin “Mənim də gözümlə öp o yerləri...” qeydi məni çox kövrəltdi

Bu sözlərdən sonra qəlbimdə qəribə bir duyğu oyandı. Elə bil ustadın həsrətini də özümlə gəzdirirdim...

 

 

Yaman duyğulandım bu sözlərindən,

əlindən, üzündən öpdüm, ay ustad.

Təşnəydim, Laçını sıxdım köksümə,

Şuşanın gözündən öpdüm, ay ustad!

 

Qanı hər cığıra axan əsgərin,

o Ağa əsgərin, o Xan əsgərin.

(qeyrəti, namusu qalxan əsgərin,)

sıldırım qayanı qalxan əsgərin,

yolundan, izindən öpdüm, ay ustad.

 

Xankəndi - bir xalqın qeyrət ünvanı,

bir daşına dəyişmərik dünyanı.

Ziyarət elədim cənnət məkanı

dağından, düzündən öpdüm, ay ustad!

 

Qan içən cəlladlar oturdu başda,

talandı Xocalım, bir qarlı qışda,

neçə şəhidimin o dağda, daşda,

qalan nəfəsindən öpdüm, ay ustad.

 

Döndüm düşmən sökən, yıxan Ağdama,

yağının gözünə görüm “ağ dama”,

baxdım ağ günlərə çıxan Ağdama,

Qədirin səsindən öpdüm, ay ustad.