Ərəf Veysəlli - MƏN OLMAYAN VAXTLARI

Ədəbiyyat 09:20 / 29.05.2026 Baxış sayı: 355

 

Mənim gülüm məndə məni neynəyər

Ürəyimin sən olmayan vaxtları?

Aşiq olan təndə canı neynəyər,

Cananının can almayan vaxtları.

 

Tellərini xəyalımda hörərdim,

Kədərimi küləklərə verərdim.

Dünya boyda bir gözəllik görərdim

Gözlərimi çən almayan vaxtları.

 

Mənzilinə haçan çatar bu gəmi,

Tufan qopsa harda yatar bu gəmi.

Gözlərimdə lövbər atar bu gəmi,

“ Yanalma” ya yan almayan vaxtları.

 

Sərt tikanlar qanadını qanadar,

Kol özü də yaşamağa can atar…

Zılğa quşlar yem istəyər anadan,

Dimdiyində dən olmayan vaxtları.

 

Kimə gərək bu əyyamlar, o çağlar

Odumuzdan od almırsa ocaqlar?

Dünya qoca…

neynəyəcək uşaqlar

Sən olmayan.

mən olmayan vaxtları?!..

2020- ci il.