AĞAMİR CAVAD : - YAŞA, AZƏRBAYCANIM! YAŞA, CÜMHURİYYƏTİM!
Bölünməz, parçalanmaz, vahid Azərbaycanım!
Səninlə İlham alir hər saatım, hər anım.
Başımın ucalığı, adım, şöhrətim, şanım,
Babaların qanıyla yoğrulmuş qeyrətim,
Yaşa, ruhum, varlığım! Yaşa, Cümhuriyyətim!
Qəlbimizlə bir vurur azadlığın nəğməsi,
Odunla təmizlənir yerin, göyün nəfəsi.
Dünyaya xeyirxahlıq, igidlik nümunəsi,
Gözəlliyi cahana paylayan fəzilətiim,
Yaşa, ruhum, varlığım! Yaşa, Cümhuriyyətim!
Uca göylər altında eşqim, haqqım, imanım,
Hər qarışın uğrunda sənə halaldır qanım.
Əzmimizə güvənir Ali Baş Komandanım,
Yağıların əlində talanmasın sərvətim,
Yaşa, Azərbaycanım! Yaşa, Cümhuriyyətim!
Hər oduna alışdıq, hər sözünə "can" dedik,
Hər ağrını-acını eşqimizlə bələdik.
Bir amalın uğrunda bir döyünən ürəyik,
Bir məqsədlə birləşən ulu xalqım, millətim,
Yaşa, Azərbaycanım! Yaşa, Cümhuriyyətim!
Tarixlərdən boylanan inadının haqq səsi
İnsanlığa çağırır bu dünyada hər kəsi.
Hikmətindən asılıb zamanın tərəzisi,
Sənsən haqq mizanında ölçülən ədalətim,
Yaşa, ruhum, varlığım! Yaşa, Cümhuriyyətim!
Tarixdə çox dadsaq da ayrılığın dağından,
Neçə dərs götürmüşük dünyanın qınağından.
Alnıaçıq çıxmışıq zamanın sınağından.
Siyasət dünyasında ən böyük həqiqətim,
Yaşa, Azərbaycanım! Yaşa, Cümhuriyyətim!
Yurdumuza göz dikən düşmənlərin yamandır,
Torpaqdan pay umana cavabın qana-qandır.
Babalardan bizlərə əbədi ərməğandır,
Gələcək nəsillərə müqəddəs əmanətim,
Yaşa, Azərbaycanım! Yaşa, Cümhuriyyətim!
Sabahnı axtaran dağ qalxar, dərə enməz,
Qəlbində haqq gəzdirən yalana, şərə enməz.
"Bir kərə qalxan bayraq bir daha yerə enməz!"
Yenilməz qüdrətimsən, dağılmaz səltənətim,
Yaşa, Azərbaycanım! Yaşa, Cümhuriyyətim