Musa Yaqub : - YORULMAZ

İki qəlbin işığında yol gedən,
Zülmət çağı dağlar aşa, yorulmaz.
Yollarını bürüsə də duman, çən,
İki durna uçar qoşa, yorulmaz.
Görürsənmi buludların selini,
Gəlib tutdu bu dağların belini.
Əlini ver, ömür dostum, əlini,
Əl ki əldən bərk yapışa, yorulmaz.
Ağac olsan, budağında mən varam,
Budaq olsan, yarpağında mən varam.
Mən səninlə yolçuluqdan doymaram,
Sel özünü vurar daşa, yorulmaz...