Müdrik dövlət xadimi, qüdrətli sərkərdə:ŞAİR BAYRAM XAN
jpg-1679762012jpg-1679768359.jpg)
Müdrik dövlət xadimi, qüdrətli sərkərdə, istadadlı şair Bayram xan Baharlı 1504-cü ildə Bəlxdə anadan olmuşdur.
O, Baharlı tayfasından olub, XV əsrdə Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşahın yaxın qohumu Həmədan hakimi Əlişəkər bəy Baharlının nəslindəndir. Atası Seyfəli bəy Qəznə valisi idi. Anasının adı Nagina xanımdır. Əlişəkər bəy Baharlının kötücəsi, Pirəli bəyin nəticəsi, Canəli bəyin nəvəsi ulu babam Bayram xan Baharlının nəsil şəcərəsi ilk dəfə bu sətrlərin müəllifi tərəfindən tərtib edilmiş, soy ağacı qırılmadan dövrümüzün şəxsiyyətlərinə qədər hazırlanmışdır. Məqalədə bütün tarixi faktlar və hadisələr “Xanlar xanı Bayram xan (sələfləri, xələfləri)” (Bakı, 2015), “Babur imperatorluğu” (Bakı, 2015) adlı monoqrafiyalarım əsasında hazırlanmışdır.
Bayram xan Baharlı Babur imperatorluğunun qurucusu Zahirəddin Məhəmməd Baburun hakimiyyəti dövründə 16 yaşında ikən Kabilə gəlmiş, hökmdarın xidmətinə keçmişdir. Zahirəddin Məhəmməd Baburun varisləri Humayun şahın, Əkbər şahın hakimiyyətləri dövründə də onların güvəndiyi, inandığı, arxalandığı dövlət xadimi olmuşdur. Onun müdrik siyasəti, qüdrətli sərkərdə olması sayəsində Zahirəddin Məhəmməd Baburun yaratdığı Babur imperiyası uzun illər öz varlığını qoruyub saxlaya bilmiş, Xanlar xanı rütbəsinə qədər yüksəlmişdir. Teymurilərin Hindistanda ikinci dəfə öz hakimiyyətlərini bərpa etməklə, imperatorluğun üç yüz on səkkiz il mövcudluğunu qoruyub saxlaya bilməsi Baharlı tayfasının bu müdrik şəxsiyyətinin adı ilə bağlıdır. Onun Humayun şahın ikinci dəfə Hindistanda hakimiyyətini bərpa etməsi, imperatorluğun torpaqlarının yenidən qaytarılması bu qüdrətli sərkərdənin bir-birinin ardınca apardığı uğurlu qələbələri sayəsində baş tutmuşdur.
Bayram xan Baharlı Humayun şahın faciəli şəkildə ölümündən sonra da dövlətin varlığını sona qədər qorumuş, bir-birinin ardınca uğurlu hərbi əməliyyatlar aparmışdır. Humayun şahın ölümündən sonra onun 14 yaşlı oğlu Əkbəri taxta çıxartmış, hökmdarın atabəyi kimi ölkəni onun adından idarə etmişdir. İdarəçiliyi əlində saxlamaqla dövlətin varlığını təhlükələrdən qoruya bilmişdir.
Görkəmli şərqşünas alim, professor Qəzənfər Əliyev vilayətlərə hakimləri təyin etmək, ruhaniləri hədiyyələrlə mükafatlandırmaq hüququnun Baharlı tayfasının bu qüdrətli şəxsiyyətinin səlahiyyətində olduğunu yazırdı.
Baharlı tayfasının nüfuzlu dövlət xadiminin ölkədə birinci şəxs olması sarayda böyük narazılıqlar yaratmış, onun əleyhinə Əkbər şaha dəfələrlə danoslar aparılmışdır. Bayram xana qarşı çıxanlar arasında Əkbər şahın anası Həmidə bəyim, süd anası Maham Anaqa var idi.
Müdrik dövlət xadimi, qüdrətli sərkərdə əleyhidarları tərəfindən böhtana salınaraq Səfəvi hökmdarı Şah Təhmasiblə gizli əməkdaşlıqda günahlandırılmışdır. Lakin Baharlı tayfasının bu müdrik şəxsiyyətinə irəli sürülən ittihamlar rəqiblərinin ona atdığı böhtan idi. Çünki o, Babur İmperatorluğunun varlığı təhlükədə olanda Humayun şaha arxa durmuşdur. Hətta təsadüf nəticəsində əfqanlara əsir düşəndə də hökmdarın güclü rəqibi Əfqan hökmdarı Şirşahın onun himayəsinə keçmək təklifinə rədd cavabı vermişdir. Şah Təhmasibin yanındakı nüfuzu sayəsində teymurilərin Hindistanda hakimiyyətini bərpa etməyə çalışmış, Humayun şahla bir müddət Səfəvi sarayında yaşamışdır. “Humayunnamə” və “Əkbərnamə” də bu tarixi faktlar qeyd edilmişdir.
Əkbər şah isə Babur imperatorluğunun varlığını sona qədər qorumuş Baharlı tayfasının bu sədaqətli övladının tarixi xidmətlərini unudaraq, danos aparanlara inanmışdır. Onun 1560-cı ildə səlahiyyətlərinin əlindən alınması, saraydan uzaqlaşdırılması orta əsrlərə aid qaynaqlarda göstərilmişdir. Babur imperatorluğunun nankor hökmdarının gözündən düşdükdən sonra yerli hakimlər tərəfindən təqib olunmuşdur. Lakin həyatı boyu imperatorluğa sadiq olmuş, ölkənin müstəqilliyini dəfələrlə təhlükələrdən qorumuş Bayram xan nə vaxtsa Əkbər şahın səhvini anlayacağına ümidini itirməmiş, səbrlə dözmüşdür.
Sonda Baharlı tayfasının bu tarixi şəxsiyyəti vəziyyəti ilə barışmalı olmuş, həccə yollanmış, 1561-ci ildə Quceratda xəyanət nəticəsində öldürülmüşdür.
Bayram xan Baharlı Şeyx Hüsaməddin türbəsi yaxınlığında dəfn edilmişdir. On yeddi ildən sonra 1578-ci ildə o, qohumları tərəfindən Məşhəddə İmam Rza türbəsi yaxınlığında torpağa tapşırılmışdır.
Əkbər şah Baharlı tayfasının görkəmli dövlət xadiminin tarixi xidmətlərini unudub, onun qətlinə səbəb olmasaydı, hindlilər sonralar heç zaman sarayda söz sahibi ola bilməzdilər. Hindlilərin imperatorluqda söz sahibi olması, bəzən türk əsilli əyanların saraydan uzaqlaşdırılmasına gətirib çıxartmışdır.
Bayram xan Baharlı incə ruhlu şair kimi də tanınmışdır. Türk və fars dillərində divan müəllifi idi. Tarixçi Ələjdər Səidzadə XX əsrin 50-ci illərində orta əsrlərə aid salnamələrə istinədən yazırdı ki,, o, Babur imperatorluğundakı nüfuzu sayəsində alimlərə, şairlərə qayğı ilə yanaşmış, onların xidmətlərini mükafatlandırmışdır.
Bayram xan Baharlı iki dəfə ailə həyatı qurmuşdur. Onun birinci evliliyi Mevatlı müsəlman hindli Camal xanın qızı ilə olmuşdur. Bayram xan ikinci dəfə Əmir Teymurun nəslindən olan Babur imperatorluğunun qurucusu Zahirəddin Məhəmməd Baburun qız nəvəsi Səlimə Sultanla (1536-1612) ailə həyatı qurmuş, Əbdürrəhim adlı yeganə övladı dünyaya gəlmişdir.
Əkbər şahın, onun oğlu Cahangir şahın zamanında Babur imperatorluğunun xanlar xanı Mirzə Əbdürrəhim xan (1561-1627) Bayram xan və Səlimə Sultanın yeganə övladıdır. O, 13 dil bilmiş, türk, ərəb, fars, sanskrit dillərində “Rəhimi” təxəllüsü ilə şeirlər yazmışdır. Astronomiyaya aid kitabların müəllifi olmuşdur.
Atam - milli fəlsəfi irsimizin əvəzolunmaz tədqiqatçısı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov Bayram xan və Səlimə Sultanın yeganə övladı Mirzə Əbdüürrəhim xanın nəslinin 10-cu nümayəndəsidir.
Ulu babam Bayram xan Baharlının 2024-cü ildə 520 yaşı tamam olur. Yüzülliklər keçsə də Baharlı tayfasının bu görkəmli şəxsiyyətinin soykökü, həyatı, yaradıcılığı hər zaman öz dəyərini saxlayacaqdır.
Orxan Zakiroğlu (Baharlı)