Məmməd Araz - PALID

Ədəbiyyat 11:34 / 20.11.2026 Baxış sayı: 729

 

Sevgilim, o qoca palıda bir bax,

Yenə puçurlayıb onun budağı.

Yadına gəlirmi iki il qabaq

O ilk görüşümüz, o bahar çağı?

 

Durmuşduq dibində o palıdın biz,

Ətrafda min rəngli çiçək var idi.

Çırpınan, titrəyən bizim qəlbimiz,

Bir də o palıdın yarpaqlarıydı.

 

Görüb neçə bahar, qış havasını,

Durur qoca palıd bir xatirə tək.

Min yol dəyişsə də, o libasını,

Bizim ilk sevgimiz dəyişməyəcək!