Loğman Rəşidzadə - İnsan arzusu və natamamlıq

YAZARLAR 10:33 / 01.06.2026 Baxış sayı: 432

 

 

(Sadiq Zamanın “Kolumbun səhvi əsəri barədə düşüncələr)

 

İnsan göz açandan dünyanı dərk etmir. Dərk etməsə də hiss edir, ətrafını duyub fəhm edərək yaşayır və bu fəhmlə, bu intuasiya ilə həyata qaynayıb-qarışır, hissi-emosional yaşantılarıyla dünya ilə bağlar qurur. İnsan böyüdükcə, yaşam dilemmaları intellektual azadlıq qazandıqca dünyaya sevgisi də, baxışları da, fəlsəfi və ruhi yanaşması da dəyişir. İnsan yaşadığı bu aləmi, qoynunda mövcud olduğu bu dünyanı sevirmi? Sual şərtidir. İnsanı dünyaya sevgidən daha çox sahiblənmək hissi bağlayır. Sahiblənməkdə isə sevgi yaşanmır. Sahiblənmək hakimlik, hökmdarlıq duyğusudur, əldə etmək, yönəltmək və yönləndirmək hissidir. Məhəbbət və sevgi təmənnasız olur. İnsanla dünya arasındakı münasibətlər isə təmənnalıdır. İnsan dünyadan çox şey tələb edir, ala bilməyəndə fəlakət yaşanır, insanı hifz edən, qoynunda bəsləyən dünya ilə onun övladı arasında paradokslar məntiqi çabalara çevrilir. Beləliklə də, insan arzusu ilə reallıq arasında natamamlıq yaranır.

Sadiq Zamanın Kolumbun səhvi hekayəsinin estetik mayasında da, dolayısıyla məhz, dünyanın dərki və insan sevigisinin dilemmaları haqqında düşüncələr dayanır. İnsan və dünya əlaqələri, doğmalıq və ögeylik, qarışıq duyğular və aydın düşüncələr… Bütün bunlar S.Zamanın yarımfantastik, metofizik hekayəsinin fəlsəfəsi yükünü təşkil edir. İnsan arzusunun gizli qatları və düşüncə azadlıqlarının çağlayıb coşan qaynaqları Sadiqin fəlsəfi yanaşmasında, obrazlı və məntiqli təhkiyəsində dünya dönəminin sirli olayları, zaman və insan paralelləri, düşüncə və hisslərin təbii qatlarının təsir dairəsi barədə lirik-fəlsəfi fraqmentlərdir.

Əsərin süjeti şərti, romantik və duyğusaldır. Daha çox fəlsəfi düşüncələr təsiri oyadan süjetin ekspozisiyası yazıçı məqsədini insan düşüncəsinin qatlarını vərəqləyən ümumbəşəri konsepsiyanın çalarlarına aparıb çıxarır. Dünyanın yaranışı, insan oğlunun həyat amalı və yaşam missiyası həm bədii məramın, həm də fəlsəfi-estetik açılımın inkluziv təqdimidir. Dünya insanı yaradır, yoxsa insan dünyanı? Dünya insan üçün cavabdehdir, yoxsu insan dünyanın taleyini bölüşür? Bu dilemmalar bəşəri problem kimi mətnin məğzində dayanan bədii suallardan həyatı ehkamlara çevrilir. Bədii mətndə sualların cavabı tam aydın olmur. Suallar, heç də cavab üçün verilmir. Bu bədii sualların özündə məntiqi mahiyyət yaşayır. Nəticə və hökmlər şərti, vizual və intellektual terapiya səciyyəsində boy göstərir. Sualların özü tam cavablar kimi dəyərlidir. Cavablar, eləcə sualların bətnində gizlənir. Suallar verilən cavabların məntiqində dayanan substansiya kimi təzahür edir. Odur ki, məntiq, bəzən vizual şəkildə görünür, bəzən də mahiyyətin içində gizlənib sirri-xudaya çevrilir. Müəllif bu sualların cavablarını insan həyatındakı təbəddülatlarda, məntiqi dilemmalarda, ikiləşən və bəzən də çoxqütüblü paralellər kimi üzə çıxan mahiyyətdə axtarır. Bu mahiyyət dolayısı və birbaşa insanın öz taleyi ilə bağlı olan dünyanın nizamında boy göstərir. İnsan atdığı hər addımda öz ehtiras və hərislikləri ilə dünyanı sınağa çəkir. Bu sınaqların nəticəsi son anda insanın özünə çevrilir, özünü görünməz paradokslarla üz-üzə qoyur, fəsadlar girdabına salır. Nəticədə, insan əməli bumeranğa çevrilib özünə qayıdır. Düzdür, bəzən bu işdə insan özü işıq mənbəyi kimi kölgədə qalır, görünməz olur. Lakin son anda gizli nüanslarla insanın əməli onu öz çöküşünə gətirib çıxarır.

Əsərin estetik mahiyyəti onun ilk cümlələrindən görünür: Yurdumuz kimi özümüz də belə nəhayətsiz və hüdudsuzuq: cismimiz yerdə olsa da, varlığımız kainatı doldurur… Biz başqa xalqlardan fərqli olaraq, bir-birimizlə az danışırıq (söz müqəddəsdir, axı, göylərdən endirilib). Sözü, əsasən, xeyir işlərdə, ən çox da, dua edəndə işlədirik. Çox vaxt isə özümüzə (meditasiya) qapılıb möhtəşəm ahəngi öz içimizdə hiss edirik, (bununla da) kainatın bir hissəsinə çevrilirik… Möhtəşəm ahəng insanın ətraf mühiitlə, təbiətlə, başqa sözlə, dünya ilə həmahəngliyidir. Dünyanın xilası bu nöqtədədir, bu cismani və mənəvi birlikdədir. Bu, həmahənglik, bu möhtəşəm ahəng olmasa, dünya, eləcə, insanın öz əliylə məhvə məhkum edilmiş olar.

İnsan, dünyaya gəldiyi gündən qoynunda boy atdığı, böyüdüyü, nemətlərindən istifadə etdiyi ətraf aləmlə gizli mücadilədədir. Meşələri qırır, suları qurudur, kəndlər, şəhərlər salır, təbiətin təbiiliyini pozmaqdan yorulmur. Bununla da özünə gizli quyu qazır, özünə qarşı gizli silah hazırlayır. İnsan təbiəti, dolayısı ilə dünyanı istismar etdikcə, özünə gizli rəqib hazırlayır, günlərin bir günü əməllərinin acı meyvəsini, dadmaq məcburiyyəti ilə üz-üzə qalır. Lap sonralar, müdrik insanlar bunun acısını yaşamaq zorundan xilas üçün, hətta sonsuz həyəcan təbili çalmaq ehtiyacı duymuşdur. Fikir adamları, hətta, inkişafı, mədəniləşməni tam inkar etməyə qədər gedib çıxmışlar. N.Berdyayev Mədəniyyət, təbiiliyin qandanlanması, azadlığın məhdudlaşdırılmasıdır, - deyirdi. İ.İ.Russo, mədəniyyəti, ümumiyyətlə, inkar edir, insanları geriyə, təbiətin qoynuna səsləyirdi. Mədəniləşmək – həyata müdaxilənin bir növü, təbii həyatın özgələşməsi anıdır. Bu, daha yumşaq və müdrik bir metaforadır. Lakin, bu da möhtəşəm ahəngin, insanla dünyanın harmoniyasının pozulmasıdır. Qaldı ki, dünyanı güc yolu ilə dəyişdirmək – qanlı müharibələr törətmək, bəşəriyyəti zorla, zülmlə üz-üzə qoyumaq, silah-sursat arsenalı formalaşdırmaq, çayların, göllərin yatağını dəyişmək, meşələri qırıb talan eləmək, təbiəti digər məqsədlər üçün istismara məruz qoymaq… Bütün bunlar coğrafi dəyişikliklərdən daha çox, demoqrafik deqratasiya, mənəvi kataklizmdir. Bax, əsl fəlakət burdan başlayır. Sadiq Zamanın hekayəsi də bu ağrılı hipotezlərin gizli deqratasiyası, son anda gerçəkləşən sosial-siyasi fəlakətlərin anatasiyası barədə estetik təsəvvürlərin prozoik illüstrasiyadır. Bu gerçəklikdə insan arzusu və ehtirası, dünyaya sahiblənmək şövqü onu son anda cinayətlərə sövq edir. Əslində dünyanın xilası insanın daha uca və bakirə amallarında reallaşır. Dünyanın xilası dərin təxəyyüllər, idrak və haçansa sözün sayəsində həyata atılaraq özünü yalnız mənəviyyat sferasında tapan mahiyyətdə reallaşmalıdır. Mənəviyyat insanı həqiqəti, aydınlıqları müəyyənləşdirib dünyaya fərqli münasibətləri və davranışları müəyyən etməlidir. Dünyaya sahibləənmək hissindənsə, onu sevmək, qorumaq, ilkin bakirəliyini saxlamaq, məhz, bu müstəvidə qərarlaşır. S.Zamanın bədii mətni və sosial niyyəti də bu istiqamətə yönəlmişdir. Onun sirli qəhrəmanı (sonrakı təhkiyə prosesində kor qız olduğu üzə çıxacaq) dünyanın narahat taleyi üçün daim niğarançılıq keçirən sirli duyğu və düşüncələr girdabında yaşayan yarıminsan, yarımfantastik bir fövqəltəbii varlıqdır. Dünyanın ən gizli, sirri missiyası üçün seçilən bu qəhrəman, əslində müəllif ideyasının reallaşmasına xidmət edən sürreal şəxsdir. O, müəyyən mənada sir içində yarıminsan, yarımfantastik şəxs kimi təzahür etsə də, düşüncə və hissləri, aydın mülahizə və məntiqi ilə müəllifin özüdür. O, düşünür: Amma indi vəziyyət başqalaşıb: dünyada müqəddəs dəyərlər, yaxşı nə varsa hər şey itib, mədəniyyət axtalanıb, insanlar azğınlaşıb… və dünyanı dəyişmək, nizamını yenidən tarazlayıb stabilləşdirmək lazımdır. Bunun üçün müqəddəs yuxunun içinə girib dünyanı nizamlamaq missiyasının ritminə düşmək tələb olunur. O, da bu missiya üçün seçilmiş yeganə adamdır.

Burda nizamı pozulmuş dünyanı sabitliyə qovuşdurmaq müqəddəs arzu kimi boy göstərir. Müəllif çabalarında, ehtiras və intellektual ölçülərində dünyanın öz ahənginə qovuşdurulma, insanlar arasında harmonik tamlığın bərpa edilməsinin forma və məntiqi üsullarının tapılması yolları araşdırılır.

Yazıçı niyyətinin məntiqi isə qapalı çərçivə xarakteri daşıyan bir düyün nöqtəsinin açılmasında təzahür edir. Bizim qəhrəmanın dalınca gələn dünyanın seçilmiş insanları ona müqəddəs yuxu barədə danışırlar: Yuxuda dilənən hər bir arzu sonda həyata keçib… Sonuncu dəfə həmin müqəddəs yuxunu Xristofor Kolumb görüb. Onun yuxuda dilədiyi arzu yerinə yetib… O vaxtdan müqəddəs yuxu unudulub, əvvəlcə bir az yer üzündə sərgərdən dolaşıb, sonra sıx cəngəllikdə, Mayya qəbiləsinin sonuncu kahininin komasına sığınaraq qalıb…

Əsərin qəhrəmanını çətin sınaq gözləyir. Müqəddəs yuxunun içinə girmək, uzaq mağaraya yollanaraq bəşəriyyətin arzusuna uyğun işıqlı dünya qurmaq çabalarını oyatmaq missiyası bizim qəhrəmanın üzərinə düşür. O, qoca kahinlə görüşərək bu missiyanı yerinə yetirir. Söhbət əsnasında məlum olur ki, Kolumb qoca kahinin məsləhətlərinə baxmayaraq, üstünə qan çilənmiş torpaq parçasını seçib götürür. Eləcə, həmin vaxtdan da dünya insanın vəhşi ehtiraslarının girdabına düşüb qan içində çabalamağa başlayıb. Mətnin məntiqi də dünyanı indi bu qan-qadadan xilas etmək məqsədi daşıyır.

Hekayənin adından da göründüyü kimi (Kolumbun səhvi) Kolumb toza bulaşmış qanlı torpağı, səhvən, yaxud çarəsizlikdən götürüb. Əslində Kolumb bu addımı öz arzusunun, istəyinin diqtəsilə edib. Toza, torpağa bulaşmış, qana, çirkaba, çamura batmış, son anda xaraba və viranəyə çevrilmiş torpaq, əslində, eləcə, insanın əbədi arzusu, istəyi, strateji hədəfidir. Əslində, Kolumb insanın əzəli arzusuna meyllənmişdi. İnsana həmişə qan-qarğışla yoğrulmuş, ağlın gerçəkliyə hökm edə bilmədiyi bir dünya lazım olmuşdur. Torpağın daim qanla suvarılması çiliklənmiş, qəlpələnmiş ehtirasların təzahürüdür. Sayı-hesabı bilinməyən fərdlər özünün şüursuz iradə və istəklərini məhz bu nöqtədə gerçəkləşdirdiyini güman etmişdir. Sahiblənmək hissi heç vaxt insana normal yaşam imkanı verməmişdir. İnsan, daim insan kimi yox, bir layihə kimi, həyata keçirilən bir missiya kimi yaşamış, istifadə olunan buxovsuz zorakılığın bulanıq iradəsi kimi zorlanmışdır. Sahiblənmək, insanın yaşam tərzini dəyişmiş, status və güc sindromuna çevril­mişdir. Belədə, ən böyük fəlakətləri də dünya, insanlıq, bəşəriyyət yaşamışdır.

Əslində insan yaranan gündən dünyanın başı bəladadır. Kolumb qanlı torpaq parçasına meyl salmamışdan çox-çox öncələr, torpağa insan qanı qarışmışdı. İnsan qanını da həmçinci olan başqa bir insan tökmüşdü. Bunun ilkin iblisanə nümunəsini Habilin torpağı boyayan axan qanında görürük. Qabilin Habilin qanını axıtması nümunəsi bəşərin qanlı yaddaşını bu gün də aktual edir. Müasirləşmiş, mədəni, sivil dəyərlərlə yaşayan, guya mənəvən zəngin insan da bu gün bir-birinin qanını tökməkdən həzz almırmı? Elm, savad, intellektual inkişaf, heç də insanın ruhunda yaşayan rəzil, zəhərli ziyanları, vərdişləri, iblisanə duyğuları ram edə bilmir. Rəhm tanımadan insanlığa yuxarıdan aşağı baxan seçilmiş elitar təbəqə həmişə xalqla özü arasında uçurum səciyyəli yarğan yaratmağa, ayrı-seçkilik salmağa, son anda günahsız kütlənin qanını tökməyə həmişə hərisliklə hazır deyilmi? Bu quduz cəngavərliyin iyrənc qəddarlıqla fəqir məğlubların üstünə qışqırdırıldığı anda insan rəhm adlı və buna bənzər kəlmələr tapmaqda çətinlik çəkir, qəzəbini cilovlaya bilmir, saysız qurbanlara qarşı təəssüf hissindən başqa əlindən bir şey gəlmir. Dünyada mərhəmət və həqiqət qədər də tənha, yalqız və köməkçiz heç nə yoxdur. Bəs axıdılan qanlar kimin boynunda qalır? Dünyanı idarə edənlər axıdılan qan üçün həmişə bəhanə və son anda bəraət tapırlar.

Mətnin sonu əsərin ruhuna uyğun olaraq fantastik və müstəqil bir versiya ilə bitir. Tam müəmmalı, sirli və mübhəm… Kahin bizim qəhrəmana dünyanın xilas yolunu göstərir. Amma müəllif tərəfindən bu, sirli saxlanılır. Bu yozum hər bir oxucunun öz ixtiyarına buraxılır. Doğrudan da seçim imkanı hər kəsin özündədir. İnsanların sayı qədər dünyanın xilas versiyası mövcuddur. Dünyanın xilas yolları da insanlar qədər zəngin və çözümlüdür. Burda hər kəsin payı, rolu və missiyası qovuşur. Sadiq Zaman da dünyanın idarəçiliyində kütləvi təşəbbüsləri fərdi çabalardan daha üstün sayır. Əsərin pafosu belə əbədi dəyərlərə inam hissilə metafizik duyğular təlqin edir.