Könül Nuriyeva  -  Böyüməyənlərə elegiya.

YAZARLAR 09:20 / 01.06.2026 Baxış sayı: 442

 

Üç və ya beş yaşımız vardı; sakit, şən, xoşbəxt uşaqlar idik. Sevinəndə gözlərimiz parıldayırdı. Valideynlərimiz mübahisə edəndə ilk dəfə ağladıq. Göz yaşının nə olduğunu yıxılıb-əziləndə deyil, böyüklərin davasında öyrəndik.

On səkkiz yaşımız vardı, hələ uşaq idik. Uğurlarımız hələ də gözlərimizin sevinc səbəbi idi.

İyirmi iki yaşımız oldu, yenə də uşaq qalmışdıq. Ailə qurmağı təklif etdilər; elə bildik evcik-evcik oyunudur, xoş, maraqlı və əyləncəli olacaq.

Otuz yaşımız oldu; uşaqlarımızla yenidən uşaqlaşdıq, ürəkdən oynadıq, içdən güldük, yaşananları unutduq.

Yaşımız qırx oldu, həyatın ciddi işlərinə yenə oyun kimi baxdıq. Özümüzə oxşayanları, özümüz kimi uşaqları seçib həyatımıza qatdıq. İnandıq, şənləndik, söhbət etdik, tullanıb-düşdük, qəhqəhə çəkdik, qucaqladıq, öpdük.

Və bilmədik ki, uşaq qalmaq daimidir; gələnlər gedəndə böyüklər kimi davranmaq lazımdır. Məsələn: ağlamaq olmaz, "getmə!" demək olmaz, ürəyindəkiləri açıq söyləmək olmaz!

Biz uşaq ola-ola hər şeyi anladıq, ətrafımızdakılar böyük ola-ola bilmədilər ki, "olmaz"lar uşaqlar üçün yad sözdür. Uşaq dediyin gülməli, oynamalı, istədiyini etməli, azad olmalıdır. Gözlərindəki sevinc ürəyinə axmalı, qadağalara etiraz etməli, nazlanmalı, hal-əhval tutmalıdır...