Əlirza HƏSRƏT -  MƏN FƏHLƏ ŞAİRƏM

Ədəbiyyat 13:44 / 01.06.2026 Baxış sayı: 396

 

Bir az qürurluyam,bir az vüqarlı,

Könlüm qübarlıdır,əlim qabarlı.

Hər sözü,kəlməsi bəhrəli,barlı,

Mən fəhlə şairəm,fəhlə şairəm.

 

Zəhmət çiçəyidir alnımın təri,

Torpağın,daşın da gülür gözləri.

Özünü bir az da şax saxla,pəri,

Mən fəhlə şairəm,fəhlə şairəm.

 

Heç vaxt yer gəzmədim yuxarı başda,

Bir oldu mənimçün bahar da,qış da.

Tapmışam ruzumu torpaqda,daşda,

Mən fəhlə şairəm,fəhlə şairəm.

 

Çörəyim halaldır,suyum halaldır,

Gözükölgəlilər yanımda laldır.

Var-dövlət,təmtəraq bir qeylü-qaldır,

Mən fəhlə şairəm,fəhlə şairəm.

 

Başımın üstündə allahım da var,

Qurxutmaz ta məni isti,soyuq,qar.

Yanımda başını dik tutan dostlar,

Mən fəhlə şairəm,fəhlə şairəm.

 

Daş yonub,ev tikmək nə gözəl peşə,

Belə qürrələnmək,döymək var döşə.

Dönüb arzularım Aya,Günəşə,

Mən fəhlə şairəm,fəhlə şairəm.