ÇƏTİNMİŞ, ÇƏTİN - yazdı Ələddin Əzimli
Keçdim
köhnə dəyirmanın boğazından,
unluğundan, dənliyindən.
Çətin oldu, çox çətin.
Yapışdım anamın
o vaxtdan qalma köhnə ətəyindən.
Dizin-dizin,
üzü üstə süründüm.
Nə çətinmiş sınaqları həyatın.
Günlərin birində
göründüm su üzündə.
Lap
köhnə filmlərdəki tək
özümü
dar ağacında gördüm.
Dünyaya, işığa açılan
kiçicik bacada gördüm.
...Çətin imiş, çox çətin
sınağı dünyanın, gedişatın.
İndi bu anımda
zərrə-zərrə boy verirəm
Günəşə, qaranlığa, küləyə.
Sanki təzədən körpəyəm,
möhtacam anama, bələyə.
Titrək addımlarla
sənə doğru gəlirəm.
Arada kövrəlir,
nəmli gözlərimi silirəm.
Silirəm ki gözlərimi,
seçə bilim izlərini.
Çətin də olsa,
xatırlaya bilim mənsizliyini,
qönçə tək
mənə sarı açılan
o nurlu,
dərdimə məlhəm gözlərini...
22 iyun, 2026-cı il.
Bakı, xəstəxana