Ismayil Imanzadə : -  CƏBRAYIL CAMAATININ SÖZƏ-SƏNƏTƏ  SEVGİSİ

MƏDƏNİYYƏT 10:37 / 22.05.2023 Baxış sayı: 4953

ƏLİ RZA XƏLƏFLİ -70

CƏBRAYIL CAMAATININ SÖZƏ-SƏNƏTƏ YÖNƏLİK SEVGİSİ ƏLİ RZA

XƏLƏFLİNİN YUBİLEYİNDƏ BİR DAHA ÖZÜNÜ ƏKS ETDİRDİ

Dünən (19.06.2023) 4 saylı köçkün qəsəbəsində (Biləsuvar rayonu ərazisində yerləşən qəsəbələrdən biri) görkəmli şair-publisist, nasir Əli Rza Xələflinin 70 illik yubileyi keçirildi. Tədbirə paytaxt Bakının ayrı-ayrı ali məktəblərində, elmi-tədqiqat institutlarında çalışan elm adamları, çeşidli KİV-lərin əməkdaşları, rayon ictimaiyyəti nümayəndələri, yerli yazar və məktəblilərlə yanaşı mən də qatılmışdım.

Çıxış etmək növbəsi mənə çatanda, son 30 ilən bəri görmədiyim və hətta tanımaqda çətinlik çəkdiyim eloğlu-elqızlarımı salamlayıb, tədbirə qatılan dəyərli qonaqlara “xoş gəlmisiniz”-deyəndən sonra, yubiliyarı-Əli Rza Xələflini həm özümün, həm AYB Mingəçevir bölməsində təmsil olunan yazarların, həm də üzürlü səbəblərdən tədbirdə iştirak edə bilməyən Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyatın Təbliği Bürosunun sədri, şair dostum Nazim Əhmədli, Mingəçevir Dövlət Universitetinin dosenti Namaz Manafov və Gəncədə müvəqqəti olaraq məskunlaşan tanınmış ziyalı eloğlum, şeir-sənət vurğunu Qüdrət Məmmədovun adından təbrik etdim. Və yubiliyar dostuma həsr etdiyim bir şeirimi oxudum. (23 il qabaq Əlirza müəllimə ünvanladığım, yurd ağrı-acılarımızla yoğrulan bir şeirm də hansısa iki qəzetdə və həmin vaxtlarda nəşr olunan kitablarımın birində dərc olunmuşdu)

Yeri gəlmişkən, tədbir öncəsi rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov qonaqlarla beş-on dəqiqəlik söhbət edib, yubiliyarı təbrik edəndə, bir neçə tanınmış elm və sənət adamı Cəbrayıl camaatı barədə dəyərli sözlər işlətməklə, hamımızı məmnun etdilər. Tədbirin ayrı-ayrı məqamlarında çıxış edən qonaqlardan bir neçəsi də bu yönümlü səmimi kəlmələri publika qarşısında da dillərinə gətirdilər. Çıxışımın sonunda həmin şəxslərə xitabən: “Dostlar, Cəbrayıllılar barədə dediyiniz heyranedici kəlmələrə görə sizlərə təşəkkürümü bildirir, mənə dogma və əziz olan həmyerlilərimə ünvanladığım “Cəbrayıllılar” adlı biri şeirimlə (Şeir 2018-ci ilin iyun ayının 29-da yazıllandan sonra xeyli sayda qəzet və onlayn dərgilərdə oxuculara təqdim edilib) hamınıza bir daha minnətdarlığımı bildirmək istəyirəm”-deyərək həmin şeiri də yubiley tədbirinə qatılanlara öz qiraətimlə təqdim etdim…

P.S. Əzəldən axıra kimi hamıya unudulmaz anlar bəxş eləyən sözlü-nəğməli yubiley istedadlı, rəvan təbli yazar dostum Əli Rza Xələfliyə yönəlik ehtiram hissini bir daha nümayiş etdirdi.

Uğur olsun, əziz yazar qardaşım, gün o gün olsun ki, növbəti yubiley məclisin dogma Cəbrayılmızda qeyd olunsun.

P.S.S Yubiley məclisində səsləndiyim hər iki şeiri diqqətinizə çatdırıram!

 

ULU SƏNƏT MƏBƏDİDİR TİKDİYİN...

(Əziz dostum, görkəmli şair-publisist, nasir Əli Rza Xələfliyə)

Dünyaya göz açdın Dağ Xələflidə,

Səni xəlq edənə əhsən, ay Dədə!

Gəzib dolaşmadın heç vaxt, heç vədə,

Sənətin tapdanmış qırağın, Qağa!

Sevdalı qəlblərdə sözdü əkdiyin,

Ulu sənət məbədiymiş tikdiyin.

Bədxahın, nadanın qəddin bükdüyün

Hər kəlmən paslanmaz “yarağın”, Qağa!

Şeirin misra-misra gəldikcə dada.

Qovuşdun ən halal şöhrətə-ada.

Həm könül mülkündə, həm “Kredo”da.

Günəştək nur saçdı çırağın, Qağa!

Elə əzəl gündən addımın mətin,

Yol tapmaz qəlbinə nə qəzəb, nə kin...

Tanrı sovatıdır şairlik təbin,

Və bir də qələmin, varağın, Qağa!

Yurda əmanətsən Gordu Babadan,

Ruhun təzələnir söküləndə dan.

Sənət gülşənində ismin bir ünvan,

Gəlir hər tərəfdən sorağın, Qağa!

14.05.2023

CƏBRAYILLILAR

Cocuq Mərcanlıdır bərəsi-bəndi,

Səslədim, Xan Çinar dil açdı-dindi.

Hacı Qaramandı, Xudafərindi -

Araz ünvanlıdı Cəbrayıllılar.

Nüzgar, Süleymanlı səsli-soraqlı,

Soltanlı dastandı,-min bir varaqlı.

Həm Quycaq, Hovuslu, Balyand, İsaxlı -

Həm Mirzəcanlıdı Cəbrayıllılar.

Etibarlı dostdu, vəfalı yardı,

Diridə çiçəkdi, Sirikdə qardı.

Hər biri ya Kazım, ya da Şikardı -

Adlıdı-sanlıdı Cəbrayıllılar.

Dədə Qurbaninin elindən gəlib,

Gəyənin yovşanlı çölündən gəlib.

Halal kişilərin belindən gəlib -

Təmtəmiz qanlıdı Cəbrayıllılar.

Aran təbəssümlü, dağ ürəklidi,

Əhdinə sadiqdir, saf diləklidi.

Elə əzəl gündən duz-çörəklidi -

Mərddi-dostcanlıdı Cəbrayıllılar.

İsmayıl deyir, şirinimdi-acımdı,

Könül sarayımda sənət tacımdı.

Atamdı-anamdı, qardaş-bacımdı,

Böyük Mərcanlıdı Cəbrayıllılar -

Şərəfli-şanlıdır Cəbrayıllılar.

29.06.2018