İlqar Turkoğlu :- Yanında ...

Ədəbiyyat 22:09 / 29.02.2024 Baxış sayı: 1797

Sən mənə bir zərrə ümid ver, gözəl,

Sənə həyan olum, qalım yanında.

Duyarsan qəlbimi axır, ya əzəl,

Qoymaram qalasan zalım yanında.

 

Hər nə olsa, keçər, vecimdə olmaz,

Talenin qisməti seçimdə olmaz.

Gözəllik bu qədər biçimdə olmaz,

Hüsnünü bəzəsin alım, yanında.

 

Bu tale ha səmtə aparar, görək,

“Cəhənnəm”ə düşüb bir alma dərək.

Payız nəyə gərək, qış nəyə gərək

Xoş keçərsə kefim-halım yanında?!

 

Verdiyin vədlərə uyub getmişəm,

Könlümü intizar qoyub getmişəm.

Demə ki ləbindən doyub getmişəm,

Pətəyim yanında, balım yanında.

 

Çox çalışdım dilin ”sağ ol”a gəlsin,

Saçların əlimdə sığala gəlsin.

Aradım, yolların vüsala gəlsin,

Bir gün baxıb görüm xalım yanımda.