İbrahim Yusifoğlu : -  Adəm Asnının hekayə yaradıcılığına ötəri nəzər.

 

YAZARLAR 10:51 / 21.11.2023 Baxış sayı: 1697

 

“İşıqlı yol”dan başlayan tanışlıq.

Keçən əsrin altmışıncı illərinin sonunda Şərur rayonunda “İşıqlı yol” qəzeti dərc edilirdi. Sədərək kəndindən Xok kəndinədək böyük bir ərazinin 72 kəndinin daxil olduğu bu rayonun kənd təsərrüfatı ilə yanaşı bütün sahələrini işıqlandıran “İşıqlı yol” öz səhifələrində oxucu, o cümlədən məktəb şagirdlərinin məktublarına geniş yer ayırırdı.

O illərdə adıgedən qəzetdə imzasına tez-tez rast gəldiyim məktəblilərdən biri də Adəm Qulu oğlu Əkbərov idi. Onun yazılarında doğulub boy atdığı, dağlar qoynuna sığışmış, çox qədim tarixi abidəsi ilə məşhur olan Qarabağlar kəndinin füsunkar gözəlliyindən, kənd həyatından, tanınmış elm və sənət adamlarından, kənd təsərrüfatında çalışan sadə zəhmətkeşlərdən bəhs olunar, müdrik baba və nənələrimizin söz boxçasından əldə etdiyi nəsihətamiz nümunələr oxuculara çatdırılardı. Bütün bu mövzular kənd camaatına tanış və doğma olduğu üçün sevilə-sevilə oxunardı.

Adəm Əkbərov məqalələri ilə yanaşı hələ o illərdə nəzmə də maraq göstərərdi. Xatırlayıram ki, bir dəfə, 1967ci ildə “İşıqlı yol”da “Gəl baharım” adlı şeiri dərc edilmişdi. Uzun illər sonra onun yaradıcılığı ilə yaxından tanış olarkən öyrəndim ki, bu, onun mətbuatda dərc olunan ilk şeiri imiş.  

Orta məktəb illərindən jurnalist olmaq arzusunda olsa da, qismət onu başqa istiqamətə yönəltmiş, orta məktəbi bitirən il Neft və Kimya institutuna qəbul olmuş, Almaniya Demokratik Respublikasında hərbi xidmət keçmiş, sonra isə SSRİ DİN-nin Vilnüs şəhərindəki xüsusi məktəbinə qəbul olmuşdur. Həmin məktəbi fərqlənmə diplomu ilə bitirərək leytenant rütbəsi almış Adəm respublikamıza qayıdaraq bir müddət Cəzaçəkmə Müəssisələrində müxtəlif vəzifələrdə çalışdıqdan sonra qəbul imtahanlarını müvəffəqiyyətlə verərək SSRİ DİN-nin Akademiyasına daxil olur və 1987-ci ildə əla qiymətlərlə oranı bitirir.

Erməni qəsbkarlarına qarşı döyüşmək üçün öz istəyi və israrlı xahişi ilə 1991-ci ildə  Naxçıvan DİN-ə təyinat alıb Sədərək kəndi uğrunda gedən döyüşlərdə iştirak edən  A.Əkbərov 1992-ci ilin yayında Penitensiar Xidmətin çağırışı ilə yenidən Bakıya – Cəzaçəkmə Müəssisəsi rəisinin birinci müavini vəzifəsinə qayıdır. Uzun illər Penitensiar xidmətdə qulluq edir, Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifəsinədək yüksəlir və 2006-cı ildə polkovnik-leytenant rütbəsində, öz xahişi ilə, təqaüdə göndərilir.

                            Adəm Asnı imzalı yazılar.

Babalarımızın bir gözəl deyimi var: “Niyyətin hara, mənzilin ora”. Tale Adəmi arzusunda olduğu jurnalistikadan fərqli yolla aparsa da, o, asudə vaxtlarında şeirlər yazır, daim mütaliə edir və təqaüdə çıxdıqdan sonra “Xalq qəzeti”, “525-ci qəzet”, “Azərbaycan”, “İki sahil”, “Vışka”, “Ədalət” qəzetlərində, “Azərbaycan” jurnalında mütəmadi olaraq publisist yazıları, şeirləri, hekayələri dərc olunur.

Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinə üzv qəbul olunan Adəm   

doğma kəndi olan, çox şeirlərində vəsf etdiyi Qarabağlar kəndində, dağın döşündən çağlayan, bol sulu olduğu üçün “Asnı çayı” adlandırılan Asnı bulağının adını özünə ədəbi təxəllüs kimi götürür və müxtəlif vaxtlarda yazılmış təmsil, satirik hekayə və lətifələri toplanmış iri həcmli “Ovqat”, həmçinin “Duyğuların ifadəsi” adlı şeirlər kitabı 2017-ci ildə işıq üzü görür.

“Duyğuların ifadəsi”nə “Həvəskarın peşəkarlığı” başlıqlı ön söz yazmış filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik Nizami Cəfərov, həmçinin “Ovqat”a “Adəmin sözü və sözün adamı” ön sözün müəllifi, AMEA-nın müxbir üzvü və Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Əbülfəz Quliyev Adəm Asnının yaradıcılığını yüksək qiymətləndirmişlər. Kitablllar oxucuların ixtiyarına verildikdən sonra da, hər iki kitab haqqında  müxtəlif qəzetlərdə dərc olunmuş məqalələrin müəllifləri də ön sözlərdəki fikirlərə şərik çıxmiş, kitabların müəllifinin yaradıcılığını şərh etmişlər.

Tanınmış, görkəmli ədəbiyyatçılar tərəfindən yaradıcılığına verilən dəyərdən, mətbuatda  getmiş müsbət rəyli məqalələrdən ruhlanan Adəm Asnının 2018-ci ildə şair-publisist, əməkdar jurnalist Əbülfət Mədətoğlunun “Fikri, hissi sözə çevirən Adəm” sərlövhəli ön söz yazdığı “Bir röya həsrətində” adlı şeirlər, 2020-ci ildə isə xalq şairi Nəriman Həsənzadənin “Həyata – işığa çağırışlar” başlıqlı ön söz yazdığı “Sığallı xatirələr” adlı kitabları nəşr olunur. Və yenə də mətbuatda gedən yazılarda hər iki kitab haqqında yüksək fikirlər əksini tapır.

Qeyd etmək lazımdır ki, Adəm Asnının yaradıcılığı üzvü olduğu Azərbaycan Yazıçılar Birliyi tərəfindən də qiymətləndirilmiş, o, Prezident təqaüdünə və Rəsul Rza mükafatına layiq görülmüşdür.

Sonda Adəm Asnının yaradıcılığına verilən qiymətləri iki görkəmli ədibdən iqtibas gətirməklə bitirmək istərdim.

Akademik Nizami Cəfərov: “Adəm Asnının şeirləri ilə tanış olduqdan sonra ona, özünün təvazökarlıqla israr eləməsinə baxmayaraq, “həvəskar” deməyə dilim gəlmir. Adəm Asnı şairdir... Adəm zəngin etnoqrafik yaddaşı olan qələm adamıdır”. “Əminliklə demək olar ki, Adəm filosofluq etməyə qüdrəti çatan, bundan çəkinməyən fikir, mühakimə adamıdır”. “Adəmin şeirlərinin əksəriyyəti mənə böyük zövq verdi, zənginləşdim... Və bir daha əmin oldum ki, Azərbaycan poeziyasında özünü “həvəskar” sayan elə peşəkarlar var ki, ədəbi prosesi onlarsız təsəvvür etmək , sadəcə mümkün deyil...”

Xalq şairi Nəriman Həsənzadə: “Təsvir olunan məişət tərzi, insani münasibətlərin müxtəlif məqamları, adət, ənənə, xasiyyət... hamısı təbiidir”. “Bu ümumiləşmə - ədəbi tapıntı kimi də qiymətləndirilə bilər. Çünki həyatdan-həyata-işığa çağırışdır”. “Adəm Asnının nəsri – onun təsviri, təhkiyəsi, çümlələrarası nəfəsi əsl xalq dili olduğu üçün zəngindir, koloritlidir, ifadəlidir”. “Adəm Asnının oxunaqlı hekayələri, ağıllı mükalimələri, gözəl də mükaliməsi var – ünsiyyət. Heç biri oxucunu yormur”.

Bənzər fikirlərə professor Əbülfəz Quliyevin “Adəmin sözü və sözün adamı” məqaləsində də rast gəlirik: “Digər maraqlı cəhət də Adəmin təmsillərində dialekt, şivə sözlərinə geniş meydan verilməsindən ibarətdir. Dialekt sözləri ədəbi dili zənginləşdirir. Bu mənada Adəmin təmsillərində dialekt nümunəlrindən yerli-yerində sənətkarlıq məharəti ilə istifadə edildiyini böyük məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm”.  

Adəm Asnının “Sığallı xatirələr”ə giriş sözündə yazdığı, hörmətli N.Həsənzadənin də iqtibas gətirdiyi kimi, müəllifin “zəhmətinin, düşüncə və hisslərinin, fikir və təəssüratlarının, qəlb çırpıntılarının, əziyyətinin, hadisələri qavrayışının, həyata baxışının məhsulu” olan

                            Hekayələrinin bir neçəsinə nəzər salaq.      

Ədibin “Sığallı xatirələr” adlı kitabında müxtəlif mövzularda yazılımış iyirmi iki hekayəsi toplanmışdır. Bu hekayələrdə “...rayonun ən böyük kəndi, min evi olan” Qaraqaş kəndindən “Rusiyanın şimalında, çox da böyük olmayan, lakin iri sənaye müəssisələri və böyük elmi araşdırmalarla məşğul olan elm ocaqları ilə məşhur təmiz, gözəl, qışı soyuq, yayı sərin keçən Lesnoy şəhəri”nə qədər bir ərazidə baş verən hadisələr, uşaqlıq illərinin kövrək xatirələri, sadə və zəhmətkeş kənd adamlarının təmizliyi, xeyirxahlığı tərənnüm olunur.

“Sığallı xatirələr”dəki hekayələrin bir neçəsi xalq şairi N.Həsənzadənin kitaba yazdığı ön sözdə təhlil edilərək yüksək qiymətləndirilmişdir. Digər bir neçə hekayəyə isə mən işıq salmaq, kitabdan aldığım təəssüratları oxucularla bölüşmək istədim.

Adəm Asnının həyat yolu ilə tanış olan oxucu “Dönüş” hekayəsinin müəllifin uzun müddət Cəzaçəkmə Müəssisəsində (CM) iş təcrübəsinin təsiri ilə yazıldığını dərhal başa düşür. Belə ki, hekayədə CM-lərin daxili qaydaları, məhkumlarla iş prinsipi, islah prosesi, bu prosesdə tətbiq edilən metodlar, məhkumların azad həyata hazırlanması, məhkum Zülfüqarın timsalında məhkumların keçirdiyi hiss və həyəcan, qəlb çırpıntıları geniş qələmə alınmışdır. Bütün bunlar o qədər sadə və inandırıcı təsvir olunur ki, sanki oxucu özü kənardan hadisələri seyr edir.

Hekayənin qəhrəmanı, kənddə doğulub böyümüş Əhməd xeyirxahlıq və düzlüyün simvolu, peşəsinin cəfakeşidir. O universitetin hüquq fakültəsini bitirdikdən sonra Ədliyyə Nazirliyinin nəzdində olan xüsusi kurs keçir və CM-də dəstə rəisi vəzifəsində işləyir. Bir gün Əhmədlə bir sinifdə oxumuş Mərdan CM-yə gələrək Əhmədlə görüşür və məlum olur ki, Mərdanın bacısı oğlu Zülfüqar Əhmədin işlədiyi CM-də cəza çəkir, həm də elə Əhmədin rəisi olduğu dəstədədir və hazırda daxili intizam qaydalarını pozduğu üçün on beş günlüyə cərimə təcridxanasına salınmışdır. Əhmədi axşam yeməyinə dəvət edən Mərdan onu bacısı -  Zülfüqarın anası Səidə ilə tanış edir. Restoranda, süfrə arxasında söhbət zamanı Bakıya gəlməkdə əsas məqsədinin Zülfüqarı Əhmədə tapşırmaq olduğunu bildirən Mərdan onun cərimə təcridxanasından buraxılmasını, heç olmasa daha yüngül cəza təyin etməyi xahiş edir. Öz işində məsuliyyətli olan Əhməd uşaqlıq dostuna izahat verir: “Qanun hamı üçün qanundur, heç kimə fərq qoymur. Daxili qayda-qanunu pozan hər bir məhkuma bunun üçün cəza verilir. Həmin cəzanın sən deyən kimi ağır-yüngüllüyü isə məhkumun qayda-qanunu nə dərəcədə pozmasından asılıdır”. Əhmədin cavabından, sözünü yerə salmağından bacısının yanında pərt olan Mərdan gələn dəfə kənddən sovqat-filan gətirəcəyini vəd edəndə isə Əhməd əsəbiləşsə də, büruzə verməyib sakit səslə davam edərək: “Onu guya mənə tapşırdığınızı deməsəniz vallah, daha yaxşı olar, arxayınlaşmaz, ayağı daha da yer almaz”,- deyə cavab verir və ayağa qalxaraq xudahafizləşib çıxır, işarə ilə xörəkpaylayanı çağırıb yeməyin pulunu ödəyərək restoranı tərk edib gedir.

Əlbəttə ki, Mərdan da, bacısı Səidə də Əhməddən narazı qalır. Lakin hadisələrin sonrakı inkişafı Əhmədin haqlı olduğunu sübut edir. Belə ki, Əhməd heç nəyə fikir vermədən öz vəzifəsini yerinə yetirir, Zülfüqara fərdi yanaşaraq əvvəlcə onun qayda-qanun pozuntusuna niyə tez-tez yol verdiyinin səbəbini öyrənir, ata-anasına baş çəkmək adı ilə məzuniyyət hesabına iki günlüyə işdən icazə alıb kəndə gedir, Zülfüqarın sevdiyi Məhbubə ilə görüşərək ondan Zülfüqara tez-tez məktub yazmasını xahiş edir. Və budur, on beş günün tamamında cərimə təcridxanasından azad olunan Zülfüqarı Əhmədin iş otağına gətirirlər. Onunla söhbət edib bir daha qaydaları, bu qaydaları mütəmadi olaraq pozmağın daha ağır hüquqi nəticələrini izah edən Əhməd sonda Zülfüqara bir məktub verərək cərimə təcridxanasında olduğu müddətdə məhkuma məktub almağa icazə verilmədiyi üçün saxladığını deyir.

Sonda Mərdanın da, Səidənin də öz səhvlərini başa düşdükləri,  Əhmədə minnətdar olduqları aydın olur. Əhməd öyrənir ki, Zülfüqar işləyə-işləyə institutu bitirib, kənddə dərs deyir, Məhbubə isə ona həm əsl dost, həm də gözəl həyat yoldaşıdır.

Hekayə belə bir sonluqla bitir: “Əhməd qeyri-ixtiyari köks ötürdü və ürəyində bir vaxt kəndə getmək, Məhbubə ilə söhbət etmək, ona vəziyyəti izah edib Zülfüqara məktub yazdırmaq üçün məzuniyyətinin iki gününü boş yerə “xərcləmədiyinə” sevindi.

Hekayə oxunub qurtardıqdan sonra qeyri-ixtiyari olaraq oxucuda qəhər, qəlbdə kövrək hisslər, gözlərdə nəm yaranır, baxışlar uzağa tikilir və düşünürsən ki, nə yaxşı ki, nə yaxşı ki, dünya yaxşı adamlardan xali deyil.

Ədibin “Gülsatan” hekayəsində hadisələr Rusiyanın Lesnoy şəhərindən başlayıb Bakının rayonlarından birində bitir. Lesnoyun universitetində hüquq təhsili alan Samidlə tələbə yoldaşları 8 Mart günündə gül alıb qadın müəllimləri təbrik etmək qərarına gəlirlər. Bu məqsədlə kimin nəyə gücü çatırsa qəpik-qəpik pul toplayırlar. Universitetin qarşısındakı gül bazarında gül satanlar başqa millətdən olduğu üçün bu işi görməyi Samiddən xahiş edirlər. Hamının “Jenya” çağırdığı Yevgeniy Samidə deyir:

- Bir gülü bir qonaqlıq qiymətinə satan həmyerlilərindir də, get öz dilinizdə başa sal ki, tələbəyik, pulumuz azdır, bəlkə ucuz ala bildin.

Gül satılan yerə gələn Samid Azərbaycan dilində:

- Gəl qardaş, gəl. Təzə-tər güllərdir. Axşam dərib səhər reysi ilə göndəriblər. Bu güllərdən həm də Azərbaycanın ətrini alacaqsan,- deyərək onu səsləyən gülsatana yaxınlaşır.

Çoxdan eşitmədiyi doğma dilində müraciət eşidən Samid “qəlbində qəribə bir sevinc duyur, elə bil ki, neçə illər darıxdığı könül oxşayan bir musiqi eşidir”. “Eşitdiyi bu sözlərdən Azərbaycanın ətrini almışdı. İlk dəfəydi ki, qəriblikdən bir göynərti yaşadı”, “ona elə gəldi ki, bu qərib ölkədə həmyerlisi ona “qurbandır sənə” deyəcək, bəlkə də inciyəcək ki, mən sənə gül satsam ayıb olar. Onda ağlına gələn fikir bu oldu ki, yığdıqları pulları Jenayay verib deyəcək nahaq lağ edirdin, di al, istəyirsiniz uşaqların pullarını qaytaraq, ya istəyirsiniz bir çay süfrəsi təşkil edək” yazan müəllif gülsatanla qiymət məsələsində razılaşa bilməyən Samidin necə pərt olduğunu, həmyerlisi ilə görüşün, ana dilində danışdığının doğurduğu sevincin kədərlə əvəz olunduğunu, onun keçirdiyi hissləri ustalıqla təsvir edir: “Samid fikrə getdi. Nə edəcəyini bilmirdi. Tələbə dostları ona gülməyəcəkdilərmi?”. “Kim də olmasa Jenya zarafata salıb bir-iki söz ilişdirəcəkdi. Qərara aldı ki, gülün baha olduğunu, həmyerlilərinə isə rast gəlmədiyini desin”.  

Burada bir cəhəti qeyd etmək yerinə düşər ki, həm hekayənin Samidlə gülsatanın söhbəti təsvir olunan hissəsində, həm də sonda müəllif oxucunu intizarda saxlamağı bacarır və detektiv əsərlərdə olduğu kimi hadisələr birdən-birə, həm də oxucunun gözləmədiyi istiqamətdə cərəyan edir.

Belə ki, gülsatandan ayrılıb getmək istəyən Samidi təsadüfən oraya gələn, gülsatanla şərik olan Valid vəziyyətdən çıxarır – gülsatanın etirazına rəğmən qərənfillərdən bir dəstə götürüb Samidə verir və “Sən heç ondan soruşmusan ki, nə qədər pulu var?”,- deyə sual edən gülsatana “Pulla versəydim gülləri sayardım”,- cavabını verir. Yenə etiraz etməkdən qalmayan, dəstədə azı otuz ədəd gül olduğunu bildirən gülsatana “Əlli ədəd yaz mənim ayağıma” deməklə etirazı boğur və “Fikir  vermə, əmoğlu. Biz özümüz yoluna qoyarıq”, deyərək pərtliyi aradan qaldırmaq üçün Validə gülümsəyir.

Oxşar vəziyyət,- lakin bu dəfə gülsatanın Samidə işi düşməsi ilə,- hekayənin sonunda yaranır. Aradan iyirmi il ötür. Bakının rayonlarından birində hakim işləyən Samid qonşusu ilə dalaşmış bir nəfərin cinayət işinə baxmalıdır. Həmin şəxsin cəzasını yüngülləşdirmək üçün  Samidin yanına xahişə gələn qardaşının Lesnoydakı gülsatan olduğunu Samid sonradan bilsə  də, gülsatan Samidi dərhal tanıyır, lakin vaxtı ilə ona etdiyi etinasızlığa, şərikinin ona pulsuz gül verdiyinə etdiyi etiraza görə kim olduğunu bildirmir.  

İkinci maraqlı və intizarlı məqam isə hekayənin məhz bu hissəsidir. Oxucu hadisələrin necə nəticələnəcəyini, Samidin gülsatanın qardaşı barədə hansı hökmü verəcəyini səbirsizliklə gözlədiyi, müxtəlif variantlar uydurduğu halda, hadisə tamam başqa istiqamət alır. Gülsatanın təcili olaraq Lesnoydan çağırdığı Validi görən Samid onu dərhal tanıyır və:

- Narahat olma, Valid, nə kömək imkanım olsa edəcəyəm, amma qanun daxilində, - deyə onu əmin edir və həqiqətən də qonşuya dəymiş ziyanın ödənilməsindən tutmuş şikayətin geri götürülməsinədək bütün məsələləri həll edib gülsatanın qardaşını məhkəmə zalından azadlığa buraxır. Valid Samiddən ziyanın kimin, haçan ödədiyini soruşur və hekayə Validlə Samidin maraqlı dialoqu ilə bitir. Samid:

- Özünü yorma, Valid, ziyanı elə sən ödəmisən.

- Məən? Mən heç ziyanın nə qədər olduğunu da əməlli bilmirəm. Qonşuları bir söz deyir, bunlar bir söz. Nə vaxt ödədim ki?

- Hələ iyimi il bundan əvvəl ödəmisən, Valid, bir dəstə qərənfillə.

Digər hekayələr kimi, “Gülsatan”ı da oxuduqdan sonra uzun müddət onun təsiri altında qalır, birinin hərəkətinə təəssüflənir, digərinin hərəkətini isə təqdir edib sevinirsən. Sonda isə əmin olursan ki, atalarımız nahaq yerə “Balığa kömək et, at dəryaya, balıq bilməsə də, Xaliq biləcək”, “Örkən nə qədər uzun olsa da, axır gəlib doğanaqdan keçəcək” və s. bu kimi müdrik kəlamları boş yerə deməyiblər.  

A.Asnının oxucunu təsirləndirib sözün əsl mənasında kövrəldən “Təsəlli” və “Zavallı Məsud” adı iki hekayəsi öz orijinallığı ilə diqqətimi daha çox cəlb etdi.

Taleləri oxşar olan,- hər ikisi analarını erkən yaşda itirmişdir,- iki qonşu, iki dostun – Talehlə Həmzənin gənc həyatından bəhs edən “Təsəlli” hekayəsini həyəcansız, intizarsız oxumaq mümkün deyil. Əsgəri xidmətdən sonra birlikdə çalışdıqları tikintidə Həmzə Talehi real ölümdən xilas etsə də özü həlak olur. Talehin isə bir ayağı dizdən aşağı kəsilir. Xəstəxanadan çıxarkən ilk işi birbaşa Həmzənin məzarı üstünə getmək olan Talehin daxili təlatümü, Həmzənin ölümündə özünü günahkar saymağı, içərisini gəmirən hisslər, “...uşağım analıq tapdağında böyüməsin” deyə həyat yoldaşının ölümündən sonra evlənməyib oğlunu tək böyüdən atası Kamandarın oğlunun halına necə acıdığı, pərişanlıq hissi o qədər inandırıcı verilmişdir ki, oxuduqca etinasız qalmaq olmur. İstər-istəməz oxucunun ürəyindən Talehin yanında olmaq, ona təsəlli vermək, dostunun ölümündə heç bir günahının olmadığına onu inandırmaq kimi bir istək keçir.

Bir müddət evdə oturub özünə qapanan Taleh nəhayət yaşadığı sarsıntıdan “özünə gəlir”. Hələ orta məktəb illərində bayram və şənliklərdə dostu Həmzə ilə birlikdə gözəl ney çalan, ifaları həmişə alqışlarla qarşılanan Taleh yenidən ney düzəldib ustalığını bir az da cilalayır. Bir müddət sonra isə hər gün səhər şəhərə gedib axşamüstü qayıtmağa başlayır. Atasının və Həmzənin atası Mahmud kişinin bu gedişin səbəbi barədə suallarına isə “elə-belə” deyərək cavabdan yayınır. Ancaq daha iki gündən – həmkəndliləri  Talehi şəhərdə görəndən sonra sirr açılır. Məlum olur ki, Taleh adamların gur, gediş-gəlişin sıx olduğu yerlərdə stul qoyub əyləşir və ney çalır. Ötüb keçənlərdən bəziləri qarşısındakı karton qutuya pul atır, bəziləri bir müddət dayanıb dinləyir və sonda qutuya kağız əsginas atırlar.  

Bu söhbəti eşidən Kamandar çox mütəəssir olur. Bütün günü oğlunun gəlişini gözləyən ata axşam yeməyindən sonra ehtiyatla camaatın guya Talehin şəhərdə diləndiyi barədə danışdığını bildirib deyir:

- Oğul, de ki, bu yalandır.

- Kim deyir onu, ata?

- Nə bilim, ay oğul, camaat danışır. Yerin də qulağı var. Deyirlər sən dilənirsən ki, özünə protez ayaq düzəltdirəsən.

- Yalan deyirlər, ata, mən dilənib eləmirəm.  

- Mənim canıma and iç, de sən öl, inanım...

- Həmzənin ölümü bəsimiz olmadımı, ata? O yazıq mənim yerimə öldü... Mən dilənmirəm, ata, oturub ney çalıram. İnan ki, həmin dəqiqələrdə mən kimin mənə yaxınlaşdığının, dinlədiyinin, ötüb keçdiyinin heç fərqində belə olmuram. Öz aləmimdə, çox vaxt da Həmzə ilə birlikdə oluram.

Bununla da söhbət bitir. Yazıq ata fikirləşir ki, yəqin Taleh özünə protez düzəltdirmək və evlənmək üçün pul toplayır. Hekayənin sonunadək elə mən də o cür düşünürdüm. Lakin sonda məlum olur ki, Taleh yığdığı pulla mərmərdən Həmzənin qəbirüstü və başdaşını düzəltdirirmiş.

Hekayənin əvvəlində belə bir fikir var ki, bəziləri bütün ömrünü var-dövlət içərisində, eyş-işrətdə keçirsə də, həyatda rast gəldiyi, yaşadığı bircə çətin günü, bəziləri isə bütün ömrünü çətinliklər içərisində, mərhumiyyətdə, sıxıntıda keçirsə də həyatda yaşadığı bircə sevincli günü heç vaxt unuda bilmir. Uşaq yaşlarından ana nəvazişindən məhrum qalan, yaxın dostunun faciəli ölümünü gözü ilə görən, gənc yaşında bir ayağını itirən Taleh də ikinci “bəzilərdəndir”. Və hekayə belə bir sonluqla bitir: “Ötən günlərin acı xatirəsi, dostunun, elə özünün də başına gələnlər onu nə qədər yandırıb yaxsa da, Həmzənin başdaşındakı şəkli ilə göz-gözə dayandığı bu dəqiqələri, bu günü ömrünün ən bəxtəvər günü kimi ölənədək unutmayacaqdı” Taleh.

Xalqımız həmişə öz adət-ənənələrinə sadiq qalmış, onu yabançı təsirlərdən qorumuşdur. Dədə-babalarımız xalq yaradıcılığının bənzərsiz folklor nümunələrini,  adət və ənənələrimizi nəsildən nəslə ötürməklə onları yaşatmış, nənələrimiz böyük sevgi ilə onları nəvələrinə öyrətmişlər.

Adəm Asnının “Yad” və  “Vida” hekayələrində məhz adətlərimizə xilaf çıxan və bununla da onları böyüdüb boya-başa çatdırmış valideynlərinə mənəvi əzab verən “müasir” gənclərdən bəhs olunur. Lakin hadisələr bir-birini təkrar etmir. Hər iki hekayənin qəhrəmanı rus qızı ilə evlənib Rusiyada yaşayır. Və hekayələrin mövzu bənzərliyi bununla yekunlaşır. Hadisələrin sonrakı inkişafı fərqli cərəyan edir. Uzun illər sonra atasının dəfn mərasiminə gələn, “Vida”nın qəhrəmanı Əlqəşəm məhz adətlərimizi bilməməsi səbəbindən anasını xoşagəlməz vəziyyətə salsa da özü tragikomik vəziyyətə düşür. “Yad” hekayəsinin qəhrəmanı Ələsgər isə adət ənənələrimizi bilsə də, rus qızı olan həyat yoldaşı bu adətləri bilmir və bununla da, həm Ələsgəri çətin vəziyyətə salır, həm də onun ata-anasını pərt edir.

Oğlu Ələsgərin Rusiyada rus qızı ilə evləndiyini öyrənən Dadaş əmi ilə ömür-gün yoldaşı Gülsüm xala arasında qovğa olur. Ər-arvad arasındakı həmin söhbətdən göstərmək istədiyim bir hissə zənnimcə oxucular üçün də maraqlı olar. Dadaş əmi:

- Soxdu papağımı yerə. Bu boyda kənddə, qohum-qardaşda qız başına qəhət idi. Utanmır, gedib bir rus qızının evinə girib, qoltuğunda qalmaq heç kişiyə yaraşan iş deyil. Elə bilir arvad alıb, ta demir ki, ərə gedib.

Gülsüm xala ürəyində ərinə haqq qazandırsa da, bir ana  kimi Ələsgərə qahmar çıxmağa çalışır:

- Ay kişi, cavandı. Urus olanda nə olar. Yəqin ürəyi tutub, istəyib, evlənib də. Dünya dağılmayıb ki.

- Kim ona deyirdi ki, evlənməsin. Adət var, qayda var. Biz görmüşük ki, kiçik oğul ata ocağında qalar. Ocağın işığını sönməyə qoymaz. Uruset istəyirdi, istəsin. Heç olmasa gəlib bir halal süd əmmişin tapaydı, alıb aparaydı özünnən. Gedib urusetin gözünü çıxarıb. Camaatın uşağı gedib quş gətirir, bizimki də bayquş. Barı adını daşıdığı babasının ruhuna hörmət qoyaydı. Rəhmətlik ağlı kəsəndən ölən günədək namazından, orucundan qalmadı. Mən düşünürdüm ki, dədəmin adıdır, sonbeşiyimizə qoyarıq, onun kimi mərd, həm də mömin olar. Ta demədim ki, bu gedib hələ adını da dəyişəcək. Yəqin indi dədəmin qəbirdə sümükləri də göynəyir.

- Ad dəyişmək nədir, kişi? Sən də ağ eləmə görək.

- Ağ eləmirəm, arvad. Gözün aydın. Yanından gələn kəndçilərimiz danışıblar mənə. Ələsgər indi olub Aleksey.

Əlavə şərhə ehtiyac varmı? Dadaş əminin dedikləri başdan-başa adətlərimizin izahı, təbliği deyilmi?

Uzun müddətdən sonra, nəhayət ki, ərinin hirsinin soyuduğunu görən Gülsüm xala:

- Ay kişi, gəl bu daşı ətəyindən tök. Olan olub, keçən keçib. Çağır gəlsinlər bir nəvəmizi, Ələsgəri, gəlinimizi görək,- deyib ondan icazə ala bilir. (Fikir verin, burada da adətimiz,-  evin kişisinə hörmət,- qabardılır).

Lakin oğlunu, nəvəsini, gəlinini görmək üçün onları həsrətlə gözləyən Gülsüm xala bu görüşdən pərişan olur. Belə ki, rus dilini bilmədiyi üçün gəlini ilə, “balama canım qurban” dediyi nəvəsi ilə Ələsgərin, o evdə olmayanda isə məktəbdə rus dilindən dərs deyən qonşu Sürəyyanın tərcümanlığı ilə danışır. Bir gün Ələsgər evdə olmayanda Gülsüm xala bir neçə gün əvvəl böyük oğluna rus hərifləri ilə “La ilahə illəllah” kəlməsini və kəlmeyi-şəhadəti yazdırdığı kağızı gəlini Qalinaya verir və Sürəyyaya deyir ki, bunları əzbərləməyi xahişini etidyini ona tərcümə etsin. Sözləri hərif-hərif və çətinliklə oxuyan Qalina:

- Az qalır adamın dili qırılsın. Bu nədir belə? Bunları bilmək vacibdir? Onsuz da iki gündən sonra geri qayıdırıq. İki-üç kəlmə öyrənməklə nə dəyişəcək ki?,- deyə xahişi yerə salır.

Yazılanların nə demək olduğunu Sürəyyadan öyrəndikdən sonra isə:

- Siz mənim razılığımı aldınızmı? Kim sizə dedi ki, mən müsəlman olmaq istəyirəm? Mənim belə bir fikrim yoxdur,- deyib qəti etiraz edir.

Bunu görən Gülsüm xala heç olmasa ikinci arzusunu yerinə yetirmək – nəvəsini sünnət etmək üçün “Bəs iki gün nədir, a bala, heç olmasa bir həftə qalsınlar, uşağı sünnət edək”  sözlərini tərcümə etməyi Sürəyyadan xahiş edir. Lakin Sürəyya gəlininin cavabını tərcümə edəndə xahiş etdiyinə peşman olur.

- Gülsüm xala, deyir ki, sizin uşağa yazığınız gəlmir? Bu, uşağa qarşı qəddarlıqdır. Deyir ki, gərək buna uşağın özü razılıq verə. Deyir birdən böyüyəndə onu niyə bu günə saldığımızı soruşsa nə cavab verəcəyik?

- A qızım, o uşaq nə qanır ki, hələ bir irazılıx bildirə?

- Bu da onu deyir. Deyir qoy böyüsün, on altı, on səkkiz yaşlarında özü necə istəsə elə də edək.

Gülsüm xala:

- Mən bundan sonra on-onbeş il yaşayacağammı, a bala?,- deyib otaqdan çıxır.

Ertəsi gün isə səhər yeməyindən sonra Qalina əşyalarını yığışdırmağa başlayır. Gülsüm xalanın:

- A bala, bəs deyirdiniz hələ iki-üç gün qalacaqsınız, nə oldu, hara tələsirsiniz?- sualına Ələsgər:

- Sağlıq olsun, yenə gələcəyik,- deyərək cavabdan yayınır.

Hekayəni oxuduqdan sonra adam Dadaş əminin də, Gülsüm xalanın da halına acıyır. Min bir əziyyətlə böyütdükləri övladın ata-anasına da, adətlərimizə də etinasızlığı təəssüf doğurur. İstər-istəməz adətlərimizə sayğısız olan Ələsgər kimi gənclərə getdikcə daha çox, həm də təkcə Rusiyada yaşayanlar arasında deyil, elə böyük şəhərlərimizdə də rast gəlinməsi gələcəyimiz üçün nigarançılıq, narahatlıq yaradır.  

Etiraf edim ki, hekayələrin hansı barədə yazmaq üçün çox düşündüm. Çünki seçim etmək çətindir. “Mişka”, “Dərs”, “Son arzu”, “Qonşular”, Qaranquş yuvası”, “Çıxış yolu” və digər  hekayələr oxucunu elə çulğalayıb ağısına alır ki, hər biri barədə fikir bildirmək, təəssüratlarını kiminləsə bölüşmək istəyirsən. Buna görə də əvvəlcə yiğcam bir yazı yazmaq fikrində olsam da, hekayələrin təsirindən doğan xəyallar məni qanadlarına alıb hadisələrin baş verdiyi məkana, qəhrəmanların yanına, Qaraqaş kəndinə, Rusiyanın Lesnoy şəhərinə elə apardı ki, bir də gördüm ki, geniş bir yazı alınıb.

Zəngin hekayəçilik ənənələrinə malik olan ədəbiyyatımızda bu janr üzrə öz yerini tutmaq nə qədər çətin olsa da, Adəm Asnı buna nail olmuşdur desək yanılmarıq. Onun bu yolda öz cığırı, öz izi var və bu yolda qələm dostumuza uğurlar arzulayır, onun qələmindən çıxan yeni hekayələri gözləyirik.

 

                                                        İbrahim Yusifoğlu

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı.