Gülnar Ümid : - Oyananda "sabah" mən olmayacam

Ədəbiyyat 22:24 / 28.03.2023 Baxış sayı: 1342

Zaman deyib gözlərini ovursan,

Zənn etmə zamana zənn olmayacam.

Gəl özgənin ürəyində yuxulama,

Oyananda "sabah" mən olmayacam.

 

Saçımın ağına sığal çəkirəm,

Saçımın qarası köks ötürəndə.

Mən sənin sözünə niyə inanım?

Səbəb sözə baxmır ,"söz" götürəndə.

 

Təsəlli, özü də bir bəhanədir

Bəyaz darıxmağın çirklənməsinə.

Gedişlər gəlişi qurbanlıq edir,

Cüt olan hər şeyin təklənməsinə.

 

Dənizin köksünə bağlanan lövbər,

Küləkdən gəminin qisasın alır.

Yerdən ayağını üzən ümidlər,

Əl açıb göyün də əsasın alır.