Əşrəf Veysəllinin ŞEİRLƏRİ
Bu gün mərhum ,ustad şair Əşrəf Veysəlli ölümünün 40-cı günüdür.
Ruhu şad olsun.
Nə gəlməz oldun
Varım da,yoxum da gedib səninlə,
Ay gedər -,gəlməzim, nə gəlməz oldun.
Gecələr yuxum da getdi səninlə,
Ay günüm-gündüzüm ,nə gəlməz oldun.
Bu necə sevgidir,bu necə tilsim,
İstərəm üstündə yarpaqtək əsim.
Səni səsləməkdən tutulub səsim,
Qaralıb nəfəsim,nə gəlməz oldun.
Ömrümün gülünü dərdin əlinlə,
Dərib ,küləklərə verdin əlinlə,
Mən haray çəkirəm dərdin əlindən,
Ay qaradinməzim,nə gəlməz oldun.
Gözüm gözləməkdən kor oldu sənsiz,
Eşqimiz dillərdə car oldu sənsiz.
Bu dünya başıma dar oldu sənsiz,
Göylərdən enməzim,nə gəlməz oldun.
Kəlməsi şirinim,sözü göyçəyim,
Aylı gecələrdən üzü,göyçəyim.
Adı bilinməzim,özü göyçəyim,
Gözə görünməzim,nə gəlməz oldun.
1999
Ayrılmazdım yuxudan
Ötərsənsə bağlarında eşqimin,
Ölmüş,itmiş arzularım oyanar.
Qonarsansa, gözlərimə yaş kimi,
Kipriklərim keşiyində dayanar.
Həsrətindir saçlarıma salıb dən,
Həsrətindir-ürəyimi qorxudan.
Bilsəydim ki,sən yuxuma girərsən,
Mən ömürlük ayılmazdım yuxudan.
1967
Bir qədər də geciksən
Çinar kimi
için -için yanasıyam.
Çinar kimi
yollar üstə qonasıyam.
Daha məndə qalmayıb
sərçənin də dözümü .
Bir qədər də geciksən ,
Bircə yarpaq
vüsal üçün
Tikanlara çırpasıyam özünü...
1968