Əşrəf Veysəlli : - Səni görməyəydim gözləri yaşlı
Göylərin çırağı nə vaxt sönübdür,
Nə yer yerindədir,nə göy yerində.
Dünya iki damcı yaşa dönübdür,
Asılıb fikirli kirpiklərindən.
Qışın əlindəmi yaxası yazın,
Xəzan tezmi əsib-tez xəzəl düşüb.
Elə bil duyğusuz bir natarazın
Bəxtinə qənirsiz bir gözəl düşüb.
Üz vermə, qayıdıb o gələr yenə,
Kədərə nə var ki, üzlü qonaqdır.
Sonra qapını da çırpsan üzünə
Bacadan içəri soxulacaqdır.
Ona ürəyində yer vermə barı,
Yoxsa məhv olarsan qəm savaşında.
O gül sinəndəki gül arzuları
Yandırıb kül eylər qönçə yaşında.
Olma taleyindən könlü gileyli,
Yoxsa çətin düşər qəmin zirvədən.
Çıxar qəm dağına zavallı Leyli,
Füzuli yüksələr həmin zirvədən.
Öz Məcnun könlümlə qəm səhrasından
Mən də adlayardım dərdli,təlaşlı,
Təki bu dünyada heç vaxt,heç zaman
Səni görməyəydim gözləri yaşlı.
Üz solğun ,baş açıq,paltarsa nimdaş...
Qara şal sürüşüb qalıb çiynində.
Qonub gözlərinə iki damlı yaş,
Qanmı laxtalanıb gül ləçəyində?
Yaxın sandıqlarım daha yan durur,
Bilmirəm heç necə qovum təkliyi.
İndi qəm yandırır,kədər yandırır
Könlümü yaşadan bir gözəlliyi.
Həzin bir sükutdan donur təbiət,
Soyuq ürəklərə sanki qar yağır.
Sən baxan yerlərə ayrılıq,həsrət,
Mən gedən yollara intizar yağır.
Bəxtim ayrı salıb özümdən məni...
Eh,yenə dərdlərim başımdan aşdı.
Tale eyləyəydi gözümdən məni,
Səni görməyəydim gözləri yaşlı.
1977