Elnur Uğur Abdiyev : - Mən uşaq olanda

Gündəm, Ədəbiyyat 13:36 / 13.03.2023 Baxış sayı: 8221

Mən uşaq olanda bağlar başqaydı,

Çəpərlər daşdan yox, teldən olurdu.

Qonşu hay vursaydı el yığılardı,

Elə xor baxanlar eldən olurdu.

 

Onda bambaşqaydı ana təbiət,

Bu qədər də dəbli ağac yox idi.

Kasıb komalarda zəngindi qəlblər,

Mədə ac olsa da, gözlər tox idi.

 

Mən uşaq olanda çəpər qalmadı,

Ayağım altında beli sınmamış.

Ağaclar sındırdım budaq əyəndə,

Yarpaqlar yoldum e qanı donmamış.

 

Böyüyə- böyüyə nələr böyütdüm?

Qonşuyla hasardan başladım, Allah!

Qonşuyla arada divar ki hördüm,

Onda insanlığı daşladım, Allah!

 

Mən uşaq olanda elə bilirdim,

Hamının babası Allahbabadır.

Böyüyüb gördüm ki, dörd tərəfimdə,

Allaha and içən Allah aldadır.

 

Mən uşaq olanda həyat gözəldi,

Böyüdüm,gördüm ki,elə deyilmiş.

Bəlkə,indi ondan daha gözəldi,

Bəlkə,baxışlarım özü dəyişmiş.