Əlizadə Nuridən İKİ ŞEİR
Gizlənib
Ağacın son hıçqırığı,
Ocaq közündə gizlənib.
Dirilər öz paltarında
Ölü bezində gizlənib.
Durub gəldim sənə sarı,
Götürmədin sən hasarı.
Ayağımın ağrıları
Ayaq izində gizlənib...
Göy üzüdü göyçək üzün,
Ay da çaşdı görcək üzün.
...Bu dünyanın gerçək üzü
Yalan üzündə gizlənib...
Gedəsən
Göz qurusa, yar gözündən
Yaş götürüb gedəsən.
Dünya şeytan yuvasıdı-
Daş götürüb gedəsən...
...Qarı dünya, boş əldəsən?
Bir əldəsən, beş əldəsən?
...Ürəyini boşaldasan-
Boş götürüb gedəsən.
İndi çox yaşamaq ayıb-
Bu qarğanı kim qarğayıb?
Adamda baş da qalmayıb
Baş götürüb gedəsən...