Əlizadə NURİ : - Güneyin əriyən qarı kimiyəm…

Göyün ətəyindən elə tutasan,
Nə əlin utana, nə ətək çıxa.
Sənin istəyini gözündən duya-
Çobanın cibindən bir tütək çıxa…
Güneyin əriyən qarı kimiyəm…
Bir az günbatana sarı kimiyəm.
Çiçəklə sevişən arı kimiyəm-
Sevdiyim kədərdən bir pətək çıxar…
Bəxtim yola getmir niyə ağ ilə?
O bərki sındırdım bu yumşaq ilə.
Qaçıb oynayasan o uşaq ilə,
Hardansa yoluna çərpələng çıxa.
Elə sirr qalarsan, nə sirsənsə sən,
Dərdin də pas atmaz əsilsənsə sən.
İşıqdan yapışıb gəzirsənsə sən,
Qorxma - qabağına lap fələk çıxa.
Qəm də şərab kimi çıxar başına…
Qələmi güllətək sıxar başına.
…Axşam ulduzları yığar başına-
Ay da ürək etməz çölə tək çıxa…