Əlizadə Nuri : - Bənövşə görəndə boynumu burdum...

Yeddi min xalıya bəs edər bəlkə-
Göydə qövsi- qüzeh yeddi rəng imiş.
Min ildi şeytanı daşlayırıq biz
İlahi, bu şeytan nə nəhəng imiş?!
Bir qələm hönkürdü varaq başında,
Əlim saçındaydı, daraq başında.
Bir gün çıxıb getdin bulaq başından-
Səndən xatirə də bu səhəng imiş.
Ayrılıq yandırdı qışın qarında,
Əyri yozularmış düz ilqarın da.
...Öpdü bir- birini dodaqların da-
Sənin dodaqların bir ahəng imiş...
Gəl bölək qazancı, çıxarı başdan,
Buxar evdən çıxar, buxarı başdan.
Məni çağırdılar yuxarı başdan-
Bu dəfə gələn zəng başqa zəng imiş.
Gördüm yer qurtarır, bir azca durdum,
Bənövşə görəndə boynumu burdum.
...Bu gün yer üzünü göyə uçurdum-
Sən demə, bu yer də çərpələng imiş...