Əlizadə Nuri : - Ağrı

Ondan təzə qəm istədim,
O, mənə nimdaşı verdi.
Dedik bizə gün ağlasın-
Dünya da göz yaşı verdi….
Sizə gəlib sən istədim,
Quş yox, quşa dən istədim…
Yaxşı bir düşmən istədim-
Pis qohum- qardaşı verdi.
Ömür verdi boynuburuq,
Ümid verdi qırıq-qırıq.
Baxıb gördü darıxırıq-
Söz boyda sirdaşı verdi.
Bu ki, şeytan dərəsidi,
Bu ki, iblis mərəzidi.
Bu, nə mizan-tərəzidi-
Bunu hansı naşı verdi?
Yıxıldıq zəli üstünə,
İşin əngəli üstünə.
Min nəfər dəli üstünə
Məni də minbaşı verdi…