Ələsgər ƏLİOĞLU  : - BANLAMA, XORUZ

Ədəbiyyat 17:42 / 28.04.2025 Baxış sayı: 1039

("Böyüklər üçün uşaq şeirləri" silsiləsindən)

 

Qismətin bir ovuc dəndir,

Sənə nə fərqi-gecədir, ya gündüzdür.

Banlama, xoruz, banlama!

Düşünmə ki,

Dünyanın yolları hamardır,düzdür,

Banlama, xoruz, banlama!

Yatanları oyadacam,

Deyib getmə dərinə də;

Tutub səni yatırdarlar,

Kürt toyuğun yerinə də;

Banlama,xoruz, banlama!

Lazın gəlsə inan səni,

Özləri də banladarlar...

Banlamaq nə olan şeydir,

Qandırarlar, anladarlar;

Banlama,xoruz, banlama!

Tülkülərin oxuduğu,

Qurddan gələn fərman olar.

Pipiyin qandır bilirik,

Yolub lüt qoyarlar səni,

Bədənin də al-qan olar...

Beçələr üzünə durar,

Cücələr üzünə durar...

Gündüzlər üzünə durar,

Gecələr üzünə durar...

Banlama,xoruz, banlama!

Banlamağın da həddi var.

Bu dünyada

Banlamağın

Olum-ölüm sərhəddi var!..

Banlama, xoryz, banlama!..

10.12.2024