Əkrəm Əylislinin erməni sevgisi niyə yenidən gündəmə gəldi?

 

Ədəbiyyat 16:50 / 30.09.2022 Baxış sayı: 437

Sentyabrın 29-da 4-cü Milli Kitab Sərgisində yazıçı Əkrəm Əylisli ilə görüş keçirilib. 84 yaşlı yazıçı 9 illik uzun və gərgin fasilədən sonra ilk dəfə oxucularının qarşısına çıxaraq, sualları cavablandırıb, o cümlədən qalmaqalla qarşılanan “Daş yuxular” haqqında da danışıb.

Əkrəm Əylislinin nitqindən kiçik parçanı təqdim edirik:

“Daş yuxular” təkcə əsər deyil, həm də əməldir. Bu kitabı yazmaq hər adamın işi deyil, yalnız Azərbaycanı sevən, xalqına güvənən adam yaza bilərdi. Mən Azərbaycana güvənərək ermənini bir balaca təriflədim ki, bəlkə tərifəlayiq olsunlar. Qoy elə bilsinlər ki, mənim yazdığım kimi gözəldirlər. Mən erməni xalqının bir qismini Azərbaycan xalqına nifrət etməkdən uzaqlaşdırdım. O əsəri oxuyan Azərbaycan xalqına nifrət bəsləyə bilməz. 10 erməni bu kitabı oxusa Azərbaycan xalqına nifrət etməyəcək. Mən xalqı 10 erməninin nifrətindən xilas etdim. Kitablarımı yandıranlar xalq deyildi, kütlə idi...”.

Ə.Əylislinin Milli Kitab Sərgisində imza saatının keçirilməsinə və orada səsləndirdiyi fikirlərə münasibət öyrənmək üçün yazıçı Seyran Səxavətlə əlaqə saxladıq. Yazıçı sualımıza sualla cavab verdi:

- Hansı Əkrəm Əylisli ilə görüş keçirilib? Axı iki Əkrəm var, biri “Daş yuxular”a qədərki Əkrəm, digəri “Daş yuxular”dan sonrakı Əkrəm.

- Bugünkü Əkrəm...

Seyran Səxavət cavabımızı eşidər-eşitməz deyir:

“Daş yuxular”a qədərki Əkrəm yazıçıdır, söz adamıdır. Amma bu kitabdan sonrakı Əkrəmi tanımıram, qəbul etmirəm, qəbul etmək də istəmirəm...”.

S.Səxavət “Daş yuxular”a qədərki Əkrəm Əylislini müdafiə etdiyini xatırladıb: “Əkrəmin o vaxt çox üstünə getdilər. Mən də o əsərin nüsxəsini tapıb oxudum və həddindən artıq narazı qaldım. O vaxt Əkrəmi Qənirə Ataşovanın “Üzbəüz” verilişində müdafiə etdim. Yəni “Daş yuxular”a qədərki Əkrəmi müdafiə etdim. Bütün Azərbaycan da bilir ki, “Daş yuxular”a qədər olan Əkrəm mənim aləmimdə başqa Əkrəmdir, bu kitabdan sonrakı Əkrəm isə tamam başqadır”.

“Nə məqsədlə etdiyini bir Əkrəm, bir də onun Allahı bilir”

O, Əylislinin Milli Kitab Sərgisindəki çıxışını və “Azadlıq” radiosuna müsahibəsini yersiz adlandırıb:

“Müsahibəsində Salman Rüşdidən misal gətirib, guya bu, anlaşılmayan bir şeydir. Orada nə başa düşülməyən, nə də anlaşılmayan nə isə var. Hər şey aydındır. Orada vətəndaşlıq mövqeyi böyük çat verib. Biz onunla uzun müddət bir yerdə olmuşuq, qoy Əkrəm məni düz başa düşsün, səxsən mən onu heç vaxt qəbul edə bilmərəm. O, böyük səhv edib. Erməniləri biz də, bütün dünya da, bir sözlə, özlərindən başqa hamı çox yaxşı tanıyır. Əkrəm Əylisli erməni mövqeyindən çıxış edir. Bunu “Daş yuxular”ı yazmaqla edib. Nə məqsədlə etdiyini də bir Əkrəm, bir də onun Allahı bilir. Onun kütlə və xalq dediklərinin heç biri o əsərdən razı qalmayıb. Dünən də müsahibəsində xalqı iki yerə böldü, kütlə və xalqa ayırdı. Əslində onların ikisi bir yerdə “Daş yuxular”a qarşı birləşiblər. Səhvini niyə boynuna almırsan? Dünənki çıxışı da, müsahibəsi də qeyri-səmimi idi. Özü bilər. Amma heç olmasa bu yaşda səmimi olmaq olardı. Ağıllı görünmək xatirinə deyir ki, bu həm yazıdır, həm də əməl. Axı bütün bu cəfəngiyat kimə lazımdır?”.

Əkrəm Əylislinin məntiqsiz və uyğun olmayan ifadələr işlətdiyini vurğulayan yazıçı hesab edir ki, o, dəyişib və tamam başqa bir insan olub: “Əkrəm çıxışında dedi ki, “mən bu kitabı ermənilərin bizi sevməsi üçün yazmışam”. Amma o, əsərdə azərbaycanlıları guya ermənilərin başına oyun açan xalq kimi təqdim edib. Ümumiyyətlə, belə hadisələr olmayıb. Adi məntiq var. Erməniləri incidən millət kimi təqdim etmək, onların bizi sevməsinə səbəb olacaq? Əsla! Heç nəyi başa düşmürəm, sanki Əkrəmə nə isə olub. Məntiqsiz, uyğun gəlməyən sözlər danışır...”.