Əbülfət Mədətoğlu : - Yenə...
Yenə dünənimə üz tutub gedim,
Gedim dünənimin ilməsin söküm...
Özümü özümlə mən məşğul edim -
Dərib göz yaşımı üzümə töküm...
Çəkilib oturum ağac dibində
Ya daşa söykənim əlim cibimdə!..
Yol keçən görəndə mən öz tipimdə -
Onun yaxasına sualla çöküm...
Nəsə eləyim ki, qarışsın başım...
Arada kükrəyib həddimi aşım...
Çənəmin küncündə düyülən yaşım -
Səni də , ovcumun içiylə büküm...
Məndən bezənəcən qalım dünəndə,
Sükut da mən olum, elə dinən də!
Mənim dodaq yerim sənin sinəndə -
Olsun sevgimizə yazılmış hökm!