Əbülfət Mədətoğlu : - Həyat mənzərəsi...

Ədəbiyyat 09:43 / 12.09.2024 Baxış sayı: 1381

 

Bir ocaq közərir, bir tüstü qalxır

Köklənib diqqətim , baş verənlərə...

Ürəyim susaraq kənardan baxır -

Qəmin divarına, daş verənlərə!..

 

Titrədir ruhumu həzin bir avaz,

Gözümün kökündə sular lillənir...

Kədərim dərindi, ümidim dayaz -

Dilim tərpənməmiş ağrı dillənir...

 

Baxıb, vərəq- vərəq yaddaş dəftərin,

Kiprik ucu ilə sığallayıram...

Üzümə oxunan ömrün səhflərin-

Qəbul eləmirəm - cığallayıram...

 

Nədənsə bənzətdim dar ağacına -

Közərən ocağın tüstü dirəyin....

Səni and verirəm, gülüm, saçına -

Ovut, səni sevən şair ürəyin!