Dünyanın - Ramiz Qusarçaylı

Ədəbiyyat 22:00 / 04.06.2026 Baxış sayı: 508

 

Halını ağlayan mənəm deyəsən,

Mənim göz yaşıma gülən dünyanın.

Dərdinin şumunda dənəm deyəsən

Dənində çürüyüb ölən dünyanın.

 

Yüz əl var bir quru çöpünün üstdə,

Yer Göylə çarpışır küpünün üstdə,

Etibar göyərməz ipinin üstdə

Dərvişin dünyanın, Lələn dünyanın.

 

Hər yazın sonunda xumarlanır qış,

Şahın da, qulun da boyu bir qamış,

Bir ömrün qarası candan çıxmamış

Gəl indi ağına bələn dünyanın.

 

Ərindi əhdinə ərən adamlar,

Nəfsində mağara hörən adamlar,

Nəyinə oynayır görən adamlar

Bizi oyun-oyun bölən dünyanın.

 

İzimi nə dərə, nə dağ siləcək,

İslanan səsimi yarpaq siləcək,

Mənim gözlərimi torpaq siləcək

Kimdi gözlərini silən dünyanın..