Dözə -dözə gəlirəm.-   Aləmzər  Sadıqqızı 

Ədəbiyyat 09:20 / 06.09.2026 Baxış sayı: 340

 

Varağı həyatdı, qələm göz yaşı,

Bir ömürdü yaza-yaza gəlirəm.

Uşaqlıqdan bir həsrətin izindən,

Yaşamağı qaza- qaza gəlirəm.

 

Bacarmadım qürurumu enmeyi,

Nə özümdən,nə sözümdən dönməyi,

Yana-yana kül olmağı,sönməyi,

Qışdan ötüb bahar-yaza gəlirəm.

 

Yollarında sazaq gördüm, qar gördüm,

Doğru gördüm,əyri gördüm, sar gördüm,

Yarınmağı, əyilməyi ar gördüm.

Ağrılardan sıza-sıza gəlirəm.

 

Etibardı, sədaqətdi həmdəmim,

Hey çalındı həm sevincim, həm dəmim,

Öz ömrümə balta vurdu öz qəmim,

Dərdlərimdə aza-aza gəlirəm.

 

Yoxmuş demə heç kimsənin vəfası,

Hey çəkirəm yaşamağın cəfasın,

Aləm adlı bu ürəyin səfasın,

Sürməyənə dözə - dözə gəlirəm.