Bu cəmiyyət nə maaş alır ki, ondan da cərimə ödəsinlər?! - Aqil Abbas

MÜSAHİBƏ 21:43 / 24.02.2024 Baxış sayı: 5986

Yanvar ayının 1-dən əmək pensiyaları artırılsa da, hər kəsin gözlədiyi minimum əmək haqqı artırılmadı. Hər kəs ərzağın, kommunal ödənişlərin baha olduğunu, 350-400 manatla yaşamağın çətinliyini qeyd edir. Bəs yaxşı yaşamaq üçün minimum maaşı nə qədər olmalıdır?

Yenises.az xəbər verir ki, deputat Aqil Abbas Globalinfo.az-a deyib ki, minimum maaş 500 manat olmalıdır.

O, 345 manat maaş alanlar üçün dolanışığın ürəkaçan olmadığını bildirib:

"Maaş az olduğu üçün əksəriyyət kasıb yaşayır. Məsələn, satıcılar minimum maaş alırlar. Bu, doğru deyil. Bir tərəfdən də cərimələrin məbləğinin artırılması təklif olundu. Bu cəmiyyət nə maaş alır ki, ondan da cərimə ödəsinlər?! Hər şeyə görə cərimə olmaz axı. 300 manat maaş alan adam nətər dolansın, cəriməni necə ödəsin, nə yesin? Bunları nəzərə almaq lazımdır".

Aqil Abbas deyib ki, düşündükdə, bu gün heç 500 manat da dolanışıq üçün kifayət etmir:

"Çox istərəm ki, insanlarımız yaxşı dolansınlar. Düzdür, müharibədən yeni çıxmışıq, Qarabağın quruculuq işləri davam etdirilir, elə təkcə Ağdam üçün azı 80-90 milyard dollar pul lazımdır. İqtisadiyyatımız gücləndirilsə, sosial məsələlər də həllini tapacaq. Amma bu məbləğ az da olsa, istərəm ki, heç olmasa minimum əmək haqqı 500 manat olsun. Ərzaq da bahadır, almaq olmur. Bir sözlə, 345 manat azdır, heç nəyə bəs etmir. Ölkədə yüksək maaş alanlardan biri mənəm, lakin aldığım məbləğ heç ay sonuna çatmır. Bəs bu kasıb nə etsin?!"