Ayaz Arabaçı : - TƏBİL

Ədəbiyyat 16:54 / 19.03.2023 Baxış sayı: 1590

Oğlum,əlindəki o qara təbil,

Bəzənib gəlibdi bir ağ dəriylə..

Döyüb təpəsinə onun neçə il,

Çörək qazanıbsan alın təriylə...

 

Qucaq açıbsınız naləyə aha,

Başına döydürüb od ələdir o.

Belə götürəndə təbil deyil ha,

Qara başımızın modelidir o..

 

Yeridi, könlümüz ağlasa zar-zar,

Əllərin qızışıb çıxıbdı tondan..

Sanki ürəyində qisas hissi var,

Kiminsə heyfini çıxırsan ondan.

 

Sən hələ bir az da mənə yaxın dur,

Özünə hamıdan doğma bil məni.

Əlini-qolunu geniş açıb vur,

Yerimdən oynadıb bu təbil məni,

 

Bir para şeylər var, könlümü sıxır,

Vur, vur, o təbilin nəfəsini kəs.

Fəryadı Allahın yanına çıxır,

Bizim dərimizin səsidir o səs.

 

Nırxı dəyişməyib can bazarının,

Qoyan təməlini qoyub düzəldib.

Sənət əsəridi bu bir zalımın,

Bizim dərimizi soyub düzəldib.

 

Ruhumuz dirçəlib boy ata bilər,

Vur ey, vur qoy dinsin töhmət dərsləri.

Bu təbil hönkürüb oyada bilər,

Min illər o yana batan səsləri..