Ayaz Arabaçı : - Oxuya

Bir qıza məktub yazıb qardaşına verəsən,
Çəkə baha ömrünü sənə ucuz oxuya.
Narın-narın qar yağıb,bağlaya yolu-izi,
Qəlbini şaxta vura,içində buz oxuya.
Bir saatın içində düşəsən neçə dərdə,
Bütün hakimiyyətin qəfildən keçə dərdə,
Sübhə kimi qovasan yuxunu küçələrdə,
Səsində ney ağlaya,yaranda duz oxuya.
Yerlərə hirslənəsən,göylərə aslanasan,
Bir dirəyə söykənib,bir küçə yaslanasan,
Dəli bir yağış yağa ölüncə islanasan,
Saçlarını dan yeli ulduz-ulduz oxuya.
Bir kəpənək soyuda ürəyinin tərini,
Bütün evlər,ağaclar dəyişə yerlərini,
Havalanıb yazdığın sevgi şeirlərini,
Küləklər şəhər boyu quduz-quduz oxuya.
Yuvarlanıb düşəsən zirvədən bir dərəyə..
Yer üzü gözlərində dönə bircə çərəyə,
Boylanıb öküz kimi sən baxan pəncərəyə,
Tindən bir qaqaş çıxıb,sənə "üç tuz"oxuya..
Bir anın ayrıığı bir təqvimlik illənə,
Özgə baxışlarından bulaqların lillənə,
Hönkürəsən gözlərin uzaqlara zillənə,
Gəlib bir qara sevda sənə "bluz" oxuya..
Qara qərənfil aça tutduğun eşqin yası,
Bel-belə qalaqlana min ilin hisi-pası,
Heç harda tapılmaya dərdinin əlifbası,
Gözündəki dumanı təkcə payız oxuya..
Oyanasan illərin toz basmış yuxusundan,
Ağlın başından çıxa bənövşə qoxusundan,
Ödün ağzına gələ,arvadın qorxusundan,
Nə sən məktub yazasan,nə də o qız oxuya..