Ayaz Arabaçı : - İstəyirsən öz yolunla gedəsən,

Ədəbiyyat 11:11 / 23.02.2025 Baxış sayı: 1352

 

İstəyirsən öz yolunla gedəsən,

Birdən çıxır qabağına yüz əmma.

Məndən ötrü haqqı-salam üzülməz,

Üzürsənsə ədalətli üz, amma.

 

Olmur durub getməyəndə çorta da,

Tüpürürsən seçimə də, sorta da,

Mükafat var, şeir yoxdu ortada,

Bədbəxt oğlu yazammırsan yazamma!

 

Neçə dəfə vurmaq olar səhv simə,

Tula kimi kimə gəldi həfsimə,

Bir dəfə də yenik düşmə nəfsinə,

Zürafətək hər tərəfə uzanma.

 

At başını vicdan adlı balınca,

Gör nə nədi-dəymişincə, kalınca..

Mırıldama adamların dalınca,

Qızırsansa öküz kimi qız, amma.

 

Murdarlama, hər məzhəbi, hər dini,

Satma elin igidini, mərdini,

Sən bu qara camaatın dərdini,

Yazırsansa kişi kimi yaz, amma..

 

Duyğuların qoy qalmasın amanda,

Yaz, Tanrıdan xırda-xırda damanda,

Qış hazırdı istənilən zamanda,

Hər vaxt olmur günəş donlu yaz, amma.

 

Almadığın bir ev-eşik qalmayıb,

Vaqon-vaqon, yeşik-yeşik, qalmayıb,

Girmədiyin dəlmə-deşik qalmayıb,

Durub heç nə söyləmirik biz, amma..

 

Zəhərimi piton kimi tökürəm,

Söyüşləri jeton kimi tökürəm,

Peysərinə beton kimi tökürəm,

Heç yerimir qabırğana biz, amma..