Ayaz Arabaçı : - Əsgər oğluma...

Ədəbiyyat 16:59 / 10.08.2024 Baxış sayı: 1753

 

 

Halal bir mayadan yoğrulub kündən,

Qürurla, fərəhlə yaşayıram mən.

Sən əsgər paltarı geyinən gündən,

Bir əsgər ürəyi daşıyıram mən.

 

Qartaldan çevik ol, qazdan ayıq ol,

Vətəndən, torpaqdan arxayın olum.

Ən gözəl, ən uca ada layiq ol,

Mənim Mete oğlum, Atilla oğlum.

 

 

Gedəndə od yağsın hər addımından,

Lalələr bitirsin izində ləklər.

Mənim unvanıma sənin adından,

Muştuluq gətirsin əsən küləklər.

 

Qoru, qədrini bil, torpağın-daşın,

Çimizdir könlünü hünər nurunda.

Dünən şəhid oldu min-min qardaşın,

Yada tapdaq olan vətən uğrunda.

 

Yox itməz bilirəm sənə əməyim,

Qurd necə keçirir qışı, bilirsən.

Artıqdı, təzədən nəsə deməyim,

Vətən nə deməkdi yaxşı bilirsən.

 

Min ilə bəs edər sinəmdəki qor,

Sənin əlin vətən, yaxan, vətəndi.

Nə nazir oğlusan, nə prokuror,

Yeganə köməyin, arxan vətəndi.

 

Oxu bu sözləri adi test kimi,

İmtahan önündə darılma qəti.

Göylərə ucalıb Everest kimi,

Bu gün ordumuzun hərbi qüdrəti.

 

Soyutma əlini silahımızdan,

Getməsin səngərdə gözünə yuxu,

Nigaran deyillər sabahımızdan,

Daha Mübarizin, Natiqin ruhu.

 

Gecə başımızı yastığa atıb,

Biz bu günlər üçün çox inləmişik.

İndi canımızın acısı yatıb,

İndi yanğılardan sərinləmişik.

 

Bu gün səninkidir ən şərəfli yol,

Vətənlə, bayraqla, himnlə yaşa.

Nə deyim Allahın pənahında ol

Vur öz xidmətini salamat başa.

 

Neyləmək, ürəkdir, daşdan deyildir,

Saxlaya bilmirəm göz yaşlarını.

Sıxıb ürəyimin başına bir-bir,

Öpürəm hərbiçi qardaşlarını..

Bir 1 nəfər və gülümsəyir şəkili ola bilər