Ayaz Arabaçı : - Eləmir

Ədəbiyyat 10:06 / 08.10.2024 Baxış sayı: 859

Həkimlərim biganə, dərmanlarım saxtadır,

Yüz həkimdən, dərmandan biri şəfa eləmir.

Barışdım səndən qalan ürək ağrılarıyla,

Daha mənə o qədər cövrü-cəfa eləmir.

 

Hamıya doğma könlüm, tək özümə yadmışam,

Doydum cəfəngiyyatdan, quruca bir admışam,

İki dəfə infarktın ləzzətini dadmışam,

Ürək sağ-sol vursa da tam istefa eləmir..

 

Könlünü ram etsə də gözləri xurma-xurma,

Bir gün ilana dönür, altun telləri burma..

Bir də heç bir gözəlnən duel xəyalı qurma,

Nə qədər ağıl qoyum, ah bu qafa..eləmir..

 

Qızıl suyuna çəkdim,oturduğum qəfəsi,

İçimdə yallı gedir küləklərin nəfəsi,

Könlümdəki bülbülün elə batıb ki, səsi..

Bir dəfə "do" eləmir,bir dəfə "fa" eləmir..

 

Getdim neçə bəzəkdən,çıxdım neçə naxışdan..

Aramasın polislər məni özgə baxışdan,

Mənə nə bu payızdan,mənə nə bu yağışdan,

O nəğməni mənimçün heç kim ifa eləmir..

 

Dalınca nə bacardım yaş yuyub quru sərdim..

Taleyin qılıncına sinəmi təkcə gərdim,

Mən səni yorulmadan yüz il də gözləyərdim,

Amma ki,neyləyəsən ömür vəfa eləmir.