Ayaz Arabaçı : - ÇEVRİLİB

Ədəbiyyat 10:23 / 12.02.2024 Baxış sayı: 1854

Ayrı vaxtı təpiklənən, bizlənən,

Yumruqlanan, dümsüklənən, dizlənən,

Tülkü kimi orda-burda gizlənən,

Dalançılar qəhrəmana çevrilib.

 

Şölə yoxdu, umduğumuz çıraqda,

Övlad haqda əsər yazır bir axta..

Papaqçılar susub durub qıraqda,

Palançılar qəhrəmana çevrilib.

 

Dəyişiblər ömrümüzün kodunu,

Verən yoxdu yaramızın yodunu,

İşə bax ki, gözümüzün odunu,

Alançılar qəhrəmana çevrilib.

 

Çox çalışdım qurtulmadım bədimdən,

Mən də döndüm yavaş-yavaş vədimdən,

İndi yox ki, ta bineyi-qədimdən,

Talançılar qəhrəmana çevrilib.

 

Deşik gəzir tıxamağa çüyçülər,

Aparıbdı başımızı küyçülər,

Ömrümüzə oturubdu züyçülər,

Çalançılar qəhrəmana çevrilib.

 

Heç cür çıxmır canımızın acısı,

Şirə dönüb yüz qapının tazısı,

Qara gəlsin zəmanənin yazısı,

Yalançılar qəhrəmana çevrilib.