Ayaz Arabaçı : - Canım Kəlbəcər..

Ədəbiyyat 08:03 / 28.11.2024 Baxış sayı: 1606

 

Vurub, vurub kövrəlməyin dəmidi,

Arzularım sünbül tutmuş zəmidi,

Dəlidağda lövbər salmış gəmidi,

Zirvələrin qaşındakı Kəlbəcər..

 

Alagöllər bir aynadı- bir nüma..

Qızıl günəş İlahiyə nur nüma

Ətri gəlir nənələrin burnuma,

Qırqovullu aşındakı Kəlbəcər.

 

Dərdlərimiz bizi yeyən dev oldu,

Şüarımız "ölümünə sev" oldu..

Dönüb bir də eşik oldu-ev oldu,

Sinəmizin daşındakı Kəlbəcər.

 

Saza dönən, sözə keçən ruhuma,

Yağmadı qar, düşmədi çən ruhuma,

Təsəlliydi dünənəcən ruhuma,

Köhnə "UAZ" maşındakı, Kəlbəcər.

 

Saldıq getdi basa-basa, yaxşıdı,

Bizi qırma, bu daş masa yaxşıdı..

Sevincindən partlamasa yaxşıdı,

Ürəyimin başındakı Kəlbəcər,.

 

Könlümüzü oda saldı qayıtdı,

Olanları yada saldı qayıtdı,

İçimizdə ada saldı qayıtdı,

Gözümüzün yaşındakı Kəlbəcər..