Arzu Əsəd : - Türkiyədə bir "Saman yolu" telekanalı vardı.
Sosial şəbəkələrdə Amerikadakı yanğını, Rusiyadakı dronların vurduğu bir neçə dağılmıs binanın şəklini qoyub "Qazzədə bombardman altındakı uşağın şikayətini Allah eşitdi" başlığı ilə postlar yazıb tirajlayırlar.Rəylərdə də, təbii ki, müxtəlif səpkili fikirlər olur.
Vaxtilə FETÖ-nün gizlində dövlət orqanizminə sızdığı Türkiyədə bir "Saman yolu" telekanalı vardı. Fətullah Gülənin təbliğıni edir və guya islami mövzularda filmlər göstərilirdi. Məsələn, bir qəssab bir kilo ət satdıqda onun yüz qramını kəsir, müştəri ilə kobud danışır, axşam evə gələndə isə görür ki, gözünün ağı-qarası bir dənə oğlunu maşın vurub öldürub. Yüzlərlə belə süjetli filmdə guya İlahi ədalətin təcəllisi, məzlumun ahının zalımı tutması kimi ideyası belə bəsit şəkildə təbliğ edilirdi.
Doğrudanmı, Allahın intiqamı belə olur, onun ədaləti belə təcəlli edir? Bu meşə yanğınları, zəlzələlər, təbii fəlakətlər dünyanın hər yerində olur. O böyük, qüdrətli Allah Yer üzünün işlərini beləmi tənzimləyir? Əlbəttə ki, yox! Bu yalnız Fətullah Gülənin və onun kimi böyük mərkəzlərin kəşfiyyat orqanlarının din pərdəsi altında gizlənmiş, dünyaya xurafat və cahillik yayan əlaltılarının uydurduğu dinin və allahın işi ola bilər. İnsanlığın minillik yaşam və idrak təcrübəsindən çıxmıs dinlərin, xüsusilə də, İslamın Allahı kainatı, dunyanı, insan münasibətlərini təsadüflərlə deyil, qanunlarla, qanunauyğunluqlarla idarə edir.
Böyük dinlərin Allahı ilə Eynşteynin inandığı Allahın arasında çox az fərq var. Hər şeyi qanunlara tabe edən "zər atmayan Allah" ədalətin bərpası üçün də hardasa meşə yanğını çıxarmır, zəlzələ törətmir. Ədalətsizlik baş verən yerlərdə yasanmış fəlakət təcrübələri ilə insanların, toplumların hiss və duyğularını, iradə və idraklarını təkamülə uğradır, onları zamanla daha ağıllı, sistemli mübarizə edən fərd və toplumlara çevirir və siyasi-iqtisadi-ictimai qanunauyğunluqlarla zülmə uğrayan insanların və onların nəsillərinin əli ilə ədaləti bərpa etdirir.
Bütün dünya tarixi başdan ayağa bu ibrətin, bu qanunauyğunluqların guzgüsüdür. Allahın iradəsi təsadüflərdə, möcüzələrdə yox, zərurətdə, qanunlarda özünü göstərir. Fələstinli uşağın Allaha şikayəti mütərəqqi dünya ictimaiyyətinin müqaviməti, fələstin və ərəb xalqının zamanla yetişən daha sistemli, məqsədəyönlü və böyük mübarizəsi ilə Fələstin dövlətinin qurulması və həmin bölgədə əslində İsrail dövlətinin, yəhudi xalqının da varlığı, gələcəyi üçün böyük təhlükə olan hazırkı xunta rejiminin tarixdən silinməsi və mütərəqqi bir sistemin yaranması ilə təmin olunacaq.
Bax, Allahın bu və digər böyük həqiqətlərinin, ədalətinin təcəllisinin üstünü pərdələmək məqsədilə yanğın və dağıntılardan, təbii fəlakətlərdən ibarət belə cəhalət köpürən "İlahi ədalət" ssenariləri tirajlanır.