Arzu Əsəd : - Növbəti qeybət kampaniyası

YAZARLAR 16:23 / 04.02.2025 Baxış sayı: 899

Səməd Vurğun haqqında növbəti qeybət kampaniyası başladı. İldə bir dəfə, iki dəfə bu məzhəkə sosial şəbəkələrin səhnəsinə qoyulur. Həmin səhnə, həmin dekorlar, həmin personajlar, həmin ssenari, həmin replikalar. Tamaşaçıların da reaksiyası aşağı-yuxarı eyni. Səhnədən səslər gəlir: "Səməd Vurğun Stalinə şeir yazıb, Müşfiqin tutulmasına göz yumub" və sairə. Tamaşaçılar arasından replikalar eşidilir: "Ağılsız köpəklər ulduza hürər","Tarix tüpürəcək pis üzünüzə"...

Beləcə, bu gün və sabahımız da bu köhnəlməyən, daim təzə, təravətli qalan mübahisə və müzakirələrin həyəcanında keçəcəyə oxşayır ki, amma... Amma bu dəfə bu kampaniyadan, deyəsən, bir başqa ab-hava da gəlir. Bu kampaniya, hər dəfə böyük şairə olan sevgi və qısqanclığımızın, "dərin qatlarda olan intellektimizin" nümayiş və ifadəsindən çox, ölkə vətəndaşlarında regionlararası kin və nifrət duyğusu yaradılmağa çalışılan bir kampaniyadır. Bu dəfə qarın-qartağına "bomba" bağlayıb "Səməd Vurğun yaltaqdır" deyən kamikadze bir-iki il bindan öncə xüsusi cidd-cəhdlərlə bəzilərinin ədəbiyyatımızın və fəlsəfi fikrimizin ağsaqqalı statusuna qaldırmaq istədikləri Əlisa Nicatdır.

Əlisa Nicat yaxşı-pis bir yazıçıdır. Lakin onun söz sahibi olması üçün xüsusi bir təqdimat lazım idi. Piar belə oldu - 100 cild kitab və hökmən də filosof adı. Ölkədə hər bir ağlı başında olan adam bilir ki, kəmiyyət ölçüsü hələ heç nə demək deyil və Əlisa Nicatın "fəlsəfi abidə" kimi təqdim edilən kitabı keçid dövrünün boşluğunda, nəzarətsizliyində, oxucuların yenilik tələbi aclığında tələm-tələsik, biabırçı şəkildə dünya filosofları haqqında rus dilində icmal şəklində olan populyar kitablardan edilmiş sistemsiz, pərakəndə tərcümə yığınından ibarətdir.

Bu kitabı əlinə alıb oxuyan adam sadəcə heyrət edir ki, nə qədər məsuliyyətsiz adam olmalısan ki, hətta orta məktəb uşağının səviyyəsindən də qat-qat aşağı bir səviyyədə işlənmiş bu sistemsiz və savadsız tərcümə yığınına fəlsəfi əsər deyəsən. Bu günə qədər dünya fəlsəfəsindən müxtəlif adamların etdiyi bərbad tərcümələrin də ilhamçısı məhz o xaltura "əsər"dir. O tərcüməçilər düşündülər ki, əgər belə bir bərbad əsəri "fəlsəfi abidə" adlandırırlarsa, biz niyə bu boş bazarda xaltura ilə məşğul olmayaq? Və bugünkü tərcümə edilmiş fəlsəfi kitabların səviyyəsi maraqlananlara məlumdur. Əlisa Nicata filosof demək Azərbaycan fəlsəfi şüurunu çox pis şəkildə təhqir etməkdir.

Mənə bəziləri deyə bilər ki, qoca kişidir, doxsan yaşı var, gücün ona çatır, kişisən korrupsioner məmurlardan, Yazıçılar İttifaqındakı başbilənlərdən yaz və sairə. Tam səmimi sözümdür ki, Əlisa Nicatın və onun kimilərin bu ölkənin təfəkkürünün inkişafına vurduğu zərəri heç kim vura bilməyib. Adam Azərbaycan fəlsəfi təfəkkürünü meyar və etalonlarını sıfırdan aşağıya salmaq üçün bütün ömrünü xərcləyib. Məsələn, Anarı kreslo davasına görə tənqid edirlər. Lakin heç kim Anara sən bu xalqın təfəkkür səviyyəsini aşağı salıbsan deyə bilmir. Bu günün özündə də Anarı tənqid edənlərin çoxusunun təfəkkür səviyyəsi ondan qat-qat aşağıdır. Amma söhbət indi yalnız Əlisa Nicatdan da getmir. Bu yaşlı insana fitva verib Səməd Vurğun haqqında danışdıranlar eyni zamanda digər cəbhələrdən də araya region söhbəti salırlar. Guya Səməd Vurğunu müdafiə edənlər Qazax və ətraf bölgələrin, Əlisa Nicatı müdafiə edənlər isə cənub bölgəsinin ziyalılarıdır.

Təxminən hamıya məlum olan çoxillik ştata malik antisəmədvurğunçular bu dəfə daha yüksək səslə və xüsusi canfəşanlıqla öz bəsit tənqid və təhqirlərinə qatı regionçuluq cizgiləri də əlavə edirlər. Əvvəllər də böyük Azərbaycan şairini müəyyən regiona aid etməklə onun qüdrətini aşağı salmağa çalışan təxribatçılar məhz Azərbaycanın yox olma təhlükəsi olduğu bir vaxtda, dünya tarixinin bəlkə də ən qanlı bir dövründə Azərbaycanın qəlblərdə, beyinlərdə əbədi poetik xəritəsinin çəkildiyi, ölkənin varlıq, bütövlük obrazı olan "Azərbaycan" şeirinə hücum edərdilər. Bu gün də böyük şairin adı ətrafında bu regionçuluq söhbətləri tam da şimaldan və cənubdan gələ biləcək geosiyasi qarışıqlığa təsadüf edir. Ona görə də bu ədəbi-tarixi mübahisə və müzakirələrdə region söhbəti salanların cavabı qətiyyətlə verilməli, bilmədən, anlamadan bu söhbətləri körükləyənlər başa salınmalıdırlar.