Arzu Əsəd :- Bizim AMEA-nın bəzi kütləviləşən - kütləşən alimləri isə...

YAZARLAR 10:38 / 22.04.2025 Baxış sayı: 908

Başqa ölkə alimləri baş sındırıb internet yaradıb, sosial şəbəkə yaradıb ki, insanlar ünsiyyət qursunlar, kütləvi şəkildə məlumatlansınlar, elmi populyarlaşdırsınlar, beləliklə, insanlığın ümumi səviyyəsi artsın, sosial həyat daha gözəl təşkil oluna bilsin və s.

Bizim AMEA-nın bəzi kütləviləşən - kütləşən alimləri isə müasir insanlıq üçün bir nemət olan sosial şəbəkələrdə həmvətənlərimizin normal, rasional çıxışlarını anlaşılmaz, gülünc bir qısqanclıqla qarşılayırlar. Hər gün özlərinə " mütəxəssis, mütəxəssis" deməkdən də yorulmurlar.

Onların əksəriyyəti müasir həyatla ayaqlaşa bilməyən, köhnə vəsayətçi ağıl sahibləridirlər. Bu adamlar başa düşməlidirlər ki, hazirkı dövrdə bir çox sahələrdə mütəxəssis və qeyri-mütaxəssis arasındakı sərhədlər yuyulur, xüsusilə də, humanitar sahələrdə. Tarix, filologiya, fəlsəfə, psixologiya, sosiologiya, sosial psixologiya və eləcə də, təbiət elmlərinin populyarlaşdırılmasında mütəxəssis kəlməsi daha əvvəlki mənasını itirir. Elmlər akademiyasında, universitetdə çalışan mütəxəssisin sosial şəbəkələrdəki müzakirələrdə digər insanlardan heç bir fərqi, üstünlüyü, imtiyazı yoxdur.

Bu sosial şəbəkəyə daxil olan şəxs əynindəki gülünc, təkəbbürlü " mütəxəssis" paltarını soyunub sosial orqanizmin bərabərhüquqlu bir üzvü kimi daxil olmalıdır. Sənin mütəxəssisliyin hər kəlmənin başında "mən mütəxəssisəm" deməklə yox, ortaya qoyduğun düşüncə, bilik və məlumatlarla bilinməlidir. Xüsusilə də, tarix, ədəbiyyat, fəlsəfi düşüncə heç kimin dədəsinin malı deyil, heç kim bu sahələri öz "intellektual monopoliyası"na almaq kimi gülünc bir həvəsə düşməsin.

Alimliyinizi burada sosial şəbəkələrdə mübahisə cığallığında yox, Azərbaycan elmini beynəlxalq standartlar səviyyəsinə çıxara biləcək, ölkənin ictimai-mədəni həyatına mühüm yeniliklər, innovasiyalar gətirə biləcək əməli işlərdə gostərin, ya da ağır oturub batman gəlin, az-az görsənin, yersiz təkəbbür nümayişi ilə məşğul olmayın. Sonra da deyirsiniz ki, bizi tənqid edirlər...Bu sizə lazımdir?