Aləmzər Sadıqqızı : - Banu Çiçəyə...

Yazmışdın ki, yenə də dərdini, sevincini ağacla, gül-çiçəklə bölürsən?
Hələ öyünəsi bir sevincim yox...
Hələ tanıdığın o kövrək qızam.
Hələ arzularım boynu bükülü...
Hələ bönövşə tək o çiçək qızam.
Hələ ürəyimdə nağıl yazıram...
Göylərdə bir mələk oxuyur məni.
Hələ dərdlərimə məzar qazıram...
Yerlərdə bir mələk qoruyur məni.
Hər gün bulud kimi dolan boşalan...
Hələ də gözlərim yol çəkir mənim.
Vərəqlər üstündə titrəyən əlim...
Gözümün yaşıyla söz əkir mənim.
Heç vüsal görməyən bəlalı könlüm...
Hələ ayrılıqdan nəğmələr deyir.
Sevgi isitməyən nazik əynim də...
Yalançı sevgidən yüz don geyinir.
hələ arzulardan dəstə bağlayır...
İlham pərisini qonaq çağırıb.
Aləmin içində bir qız ağlayır...
Xəbəri yoxdu ki, saçı ağarıb!
21.4.2016.