Ağaevli Əli Hacı : - ŞEİRLƏR

Sənin ürəyində ölməyə nə var,
Sənin gözlərindən düşməyə nə var,
Qayıdıb yerini oxşayacaqsan,
Qayıdıb yaranı oxşayacaqsan !
Məni uzağlara ata bilərsən,
Şaxtaya,sazağa sata bilərsən,
Yaxının yaxanı yandıracaqsan,
Yaxını özünə donduracaqsan !
Adımda dilinə bir gün gəlməsin,
Çəkdiyim acılar heç bilinməsin,
Özünü dilində unudacaqsan,
Könlünü acıyla yandıracaqsan !
Kipriyə şeh düşər,yanaq buz ağlar
Mənə heç ağlama,mənə söz ağlar !
Mən,nəfəs verəndə ocaqlaşarsan,
Nəfəsim olmasa soyuqlayarsan !
Sənin ürəyində ölməyə nə var,
Sənin gözlərindən düşməyə nə var,
Qayıdıb yerini oxşayacaqsan,
Qayıdıb yaranı oxşayacaqsan !
***
Kim götürər üstümdəki günahı ?!
Eşq ayrıdı,yol ayrıdı,söz ayrı !
Içimdə öz günahımı üyütdüm,
Çölümdəki günahıma üz ayrı… !
Bu dünyadı,yağışı var,qarı var
Kimin eşqdən,kimin qəmdən yarı var !
Hər bir evə,ər deyilən Tanrı var,
Ocaq ayrı,külü ayrı,köz ayrı !
Bu sağlığı deyəcəyəm,çıx günə,
Dərin yanar,özüy vermə çox günə !
Keçənləri al çiyninə,bax günə
Qarlı dağa çiçək açan düz ayrı !
Çox deyilib,gələndə biz ağladıq
Gedənlərə gözü toz-toz ağladıq !
Gələnə ağ,gedənə bez ağladıq
Könül ayrı,dilim ayrı,göz ayrı...!
Süz badəmə,yüz qramdı içəcəm
Dünya mənim söz yarımdı,içəcəm !
Beş pərdəli,dramımdı içəcəm
Bu dramda əlli ayrı,yüz ayrı !
Kim götürər üstümdəki günahı ?!
Eşq ayrıdı,yol ayrıdı,söz ayrı !
Içimdə öz günahımı üyütdüm,
Çölümdəki günahıma üz ayrı ...!
***
Ağırlığı çiyinlərimdə saxladım,
ürəyi qan qayğısında ...
Bədəni min yerə böldüm,
ruhum can qayğısında !
Fikirlərim bazar açıb,
təzə üzlə qucaqlaşıb !
Baş qarışıb,
canım yan qayğısında !
Dünən yumuşdum söz-üzümü,
bükdüm taleyimə öz üzümü !
Gəl,
gör üz-gözümü
ölüb,
an qayğısında !