ARZUDAN O YANA - Elşən Əzim 

Ədəbiyyat 17:14 / 22.05.2025 Baxış sayı: 1718

 

Və sonra, uzaqda görünən ilğım,

Elə bil gün altda yol da əridi.

 

Sonra gözlərimi yollardan yığdım,

Sonra da izlərim yolda əridi.

 

Od saçan səhradır hər tərəf, ancaq-

Deyirəm bir budaq kölgəsi tapım.

 

Könlümün küncünə işıq salaraq

Qırılmış bir arzu qəlpəsi tapım.

 

Yoxdur, elə bil ki, boşluqdu hər yan,

Arzudan o yana yol da görünmür.

 

Burda ayağını saxlayır zaman,

Saat da işləmir, vaxt da sürünmür.

 

Nağıllar büsbütün vahimə, qorxu,

Adam nağılların sonuna gedə.

 

Allahın yerini kim bilir axı-

Öləndə allahın yanına gedə.

Ölüm də maraqsız gəlir duyana

Hayana gedəsən burdan, hayana?