Vasif Süleyman : - HƏRƏDƏ BİR AZCA SƏN AXTARIRAM
Çən tutub ömrümün üstünü, ya da,
Dağların döşündə çən axtarıram.
Bütöv tapammıram səni dünyada,
Hərədə bir azca SƏN axtarıram.
Nə vardı canımda eşqin adına,
Nə var, halalındır, sənindir, apar.
Bəsimdir, arada düşüm yadına,
Axı kim deyibdir, - axtaran tapar...
Tanrı yaratmışdı yaratdığını,
Bir də yaratmağa bəhanə ola.
Yüz yol səcdəsinə dayanmağım var,
Kimdəsə balaca nişanən ola.
Hər yanı zülmətdir, irəli, geri,
Axı nə gəzirəm, qaranlıq boyu…
Ağrıma-acıma yaşanan ömrü,
Çəkib aparıram viranlıq boyu.
Onda nə göydəydim, nə də ki yerdə,
Səni itirəndə sənə yetirdim.
Elə bilirdim ki, tapacam bir də,
Səni axtarırdım, ömrü itirdim.
Çən tutub ömrümün üstünü, ya da,
Dağların döşündə çən axtarıram.
Bütöv tapammıram səni dünyada,
Hərədə bir azca SƏN axtarıram.